Bagla

Həkimdən soruş

Hekimden sorus







Nadir xəstəliklərin 10 “müjdəçi”si

Müasir tibb elmi fantastik zirvələr fəth edir, bununla belə, insan bədəninin fəaliyyəti haqqındakı bir çox biliklər sirr olaraq qalır. Az qala hər il insanlar əvvəllər xəbərləri də olmadığı yeni xəstəliklərlə üzləşir. Bəzi qəribə əlamətlər həyat üçün təhlükəli xəstəliklərin əlaməti ola bilər.

 

Nəfəs almağı unutmaq
Bu, həqiqətən belədir: bəzən insanlar nəfəs almağı unudur. Beyin hər hansı səbəbdən təzyiqə məruz qalırsa (yayılmış insult, böyüyən şiş, beyin maddəsində toplanan su (hidrosefaliya)), beyin kəlləyə sıxılır. Bu, beyin kötüyündə yerləşən tənəffüs mərkəzlərinə təsir edir və insan doğrudan da nəfəs almağı unudur. Bu əlamət kəllədaxili təzyiqin artmasından və ölüm təhlükəsindən xəbər verir.

 

Səbəbsiz rəqs
Hamımız sümüyümüzə düşən musiqi eşidəndə rəqs etmək həvəsinə düşürük. Amma söhbət bundan getməyəcək. Bir sıra ciddi degenerativ xəstəliklər zamanı pasient qeyri-ixtiyari rabitəsiz hərəkətlər edir və həkim olmayana onlar rəqs hərəkətlərini xatırladır. Bu hərəkətlər hemiballizm adlanır və beynin hərəkət funksiyasına nəzarəti itirdiyi xəstəliklər zamanı yaranır, xəstələrsə çoxlu miqdarda dərman qəbul etməli olur.

 

Hiperseksuallıq
Məlum olmuşdur ki, cinsi həvəs əzəldən insan beyninin dərin sahələrində formalaşır. Hiperseksuallıq və yersiz seksual davranış emosiyalara nəzarət edən beyin sahələrinin ciddi zədələnməsinə xas olan nadir xəstəliyin – Klüver-Büsi sindromunun əlamətlərinə aiddir. Təəssüf ki, nə psixoterapiya, nə dərmanlar bu xəstəliyin öhdəsindən gəlmir. Sindromdan əziyyət çəkən pasientlər çox vaxt əsəbi olur, tez qıcıqlanır.

 

Tam iflic
Tam iflic olub tam aydın şüurlu qalmaq qorxu hissi yaradır. Amma bu cür qorxunc vəziyyət “qıfıllanmış adam sindromundan” əziyyət çəkən bəzi pasientlər üçün əzablı gerçəklikdir. Ciddi beyin zədələnməsi keçirmiş bir çox pasientlər sonradan elə vəziyyətə düşür ki, hərəkət edə bilmir, danışa bilmir, heç nə hiss etmir, amma huşu tam aydın qalır və baş verənləri dərk edir.
Sağalma şansı çox azdır, pasientlərin əksəriyyəti ölənə qədər bu vəziyyətdə qalır. Sindromun bir neçə məlum hadisələri məşhur nəzəriyyəçi fizik Stiven Hokinq, avtoqəzadan sağ çıxmış və 23 ildən artıq hərəkətsiz yaşamış Rom Houben, fransız filantrop Jan Dominik Bobi və başqalarını misal göstərmək olar.

 

Nəhəng testikullar
Bir anlıq təsəvvür edin: bəzi kişilərin xayası bədənindən o qədər böyükdür ki, bu adamlar hərəkət edə bilmir. Bu vəziyyət fil azarı və ya elefantizm adlanır, ayaqların da nəhəng ölçülərə qədər böyüməsi qeyd edilir. Elefantizm, adətən, parazitar infeksiyaların, o cümlədən afrika ölkələrində torpaqda məskunlaşan filyariatoz qurdlara yoluxmanın fəsadıdır. Həmin qurdlar ayaqlara soxularaq kapilyarları tıxayır, ayaq və xayalıq dərisinin altında mayenin toplanmasına səbəb olur. Testikulyar ödem mayenin yaxa ətrafında toplanmasına şərait yaradan başqa səbəblərdən də əmələ gələ bilər.

 

Bədxassəli hipertermiya
Bu, ümumi anesteziyadan sonra yaranan nadir haldır. Bədən hərarəti 41 dərəcəyə qədər artaraq toxumaları ciddi zədələyir. Bədxassəli hipertermiya çox vaxt normal temperatur nəzarəti pozan irsi qüsurla bağlıdır. Təəssüf ki, əksər hallarda irsi mutasiya özünü yalnız reanimasiyada göstərir.

 

İşıq qorxusu və ya porfiriya
Söhbət “Toran” filmindən yox, vampirlər və onlardan qurtulmaq yolları haqqında əfsanəyə səbəb olan xəstəlikdən gedir, yəni işıqdan və sarımsaqdan. Porfiriya adlanan bu vəziyyətdə orqanizmdə porfirinlər toplanır, çünki onlardan əmələ gələn hemin sintez pozulur.
Porfiriyadan əziyyət çəkən adamlar işıqdan hədsiz dərəcədə qorxur, çünki işığın təsirindən dəridə çox ağrılı reaksiya əmələ gəlir. Gün işığına dözümsüzlük səbəbindən onların siması kabus kimi avazımış olur. Onlar sarımsaqdan qorxur, onun qoxusu xəstəliyin əlamətlərini gücləndirir. Sidiyin rəngi al-qırmızı olur, qana bənzəyir. Xoşbəxtlikdən, porfiriya çox nadir rast gəlinən xəstəlikdir.

 

Su qorxusu
Sudan qorxma quduzluq xəstəliyinin əlamətlərindən biridir. Əslində, xəstələr sudan qorxmur. Quduzluq virusu boğaz əzələlərinin güclü spazmına səbəb olur və udmanı çətinləşdirir. Kənardan bu, sudan iyrənmə kimi görünür.

 

Bədən hissəsinin tanınmaması 

İnsanlar unutqan ola bilər: onlar maşının açarını, uşaqlarını, pul kisəsini unuda bilər. Elə də olur ki, bədənin bir hissəsini tam unudur. Belə hallar insult keçirmiş və sağ qalmış adamlarda baş verir. Bəzilərində bu, zədələnmiş bədən hissəsinin reflektor hərəkətlərdə iştirak etməməsi kimi görünür. Daha ciddi hallarda pasient bədəninin sol və ya sağ tərəfini tam inkar edir. Tədqiqatlar göstərir ki, bu vəziyyət beynin müəyyən hissələrinin funksiyasını itirməsi ilə bağlıdır.

 

Özünə xəsarət yetirmək
Adətən, belə hallar ruhi pozuntularla bağlıdır. Nadir hallarda bu, Leş-Nayhan sindromunun əlamətidir: irsi xəstəlik zamanı orqanizm sidik turşusunu emal edə bilmir, sidik turşusu orqanizmdə, o cümlədən beyində toplanaraq bir sıra psixo­loji əlamətlərə səbəb olur ki, onlardan biri də özünə xəsarət yetirməkdir (“sidiyi başına vurub” deyimi).


 60    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *