Bagla

Həkimdən soruş

Hekimden sorus







Narkosfer

İctimaiyyətə atılmaq hələ onun bir parçası olmaq demək deyildir, yəni söhbət onun normal bir parçası olmaqdan gedir. Əlbəttə toxunduğumuz məsələnin bünövrəsində düzgün tərbiyə və davranış tərzi olmalıdır ki, bu sıraladıqlarımız da normal ailənin və elmin, təhsilin verdiyi üstünlüklərdir.

 

Biz həyatı dərk etmək və ondan bəhrələnmək üçün birinci orta təhsilə başlar, sonra isə ali təhsilə yönələrik. Və sonra seçdiyimiz ixtisas üzrə həyatımızı davam etdirmək istərik, bu yolda nailiyyətlərə doğru atıldığımızı düşünər və bir həyat fəlsəfəsi üzrə start götürərik. Təbii bu fəlsəfə içərisində sağlam ailə, həyati və maddi maraqlar önəm daşıyar, bəs ali təhsil almadan və ümumiyyətlə heç bir təhsil almadan bunu etmək olarmı?

 

Gəlin ətrafa nəzər salaq. Gündəlik həyatımızda düşündüyümüz sağlam fəlsəfə ilə yanaşı zərərli və insan həyatı üçün təhlükəli olan aludələrə üz tutan insanlar da var, bəs necə etməliyik ki, bu zərərli alüdələr biz insanlardan yan keçsin?

 

Qayıdaq lap əvvələ, təhsil məsələsinə. Əgər biz bu zərərli alüdələri küçədə rastladığımız hadisələrdən deyil, məsələn dərslikdən öyrənsək, yəni müvafiq dərslikdə bir fənn olaraq da öyrənib düşünsək məncə çox yaxşı olar. Narkotik vasitələrlə bağlı küçədə, yaxud ətrafda rastlaşdığımız bir çox hadisələrin mahiyyəti haqqında kitabdan öyrənməyə çalışsaq, bu hər bir fərdin xeyrinə olar. Çünki kitab bu zərərli vasitələrin insanların sağlamlığı üçün nə qədər təhlükəli olduğunu bizlərə söyləyəcək, izah edəcək. Amma küçədə, ətrafda rastlandığımız hadisələr, eləcə də, haradansa narkotik haqda eşitdiyimiz məlumatlardan tam təfərrüatı ilə bunu söyləmək çox çətin olar, çünki ətrafdan eşitdiklərimiz bizi kitab qədər aydın bir şəkildə maarifləndirə bilməz. Kənardan gələn məlumatların bizi necə rahatladacağını, problemlərimizin necə həll olunacağını və ümumiyyətlə bizi hər bir formada təmin edəcəyini eşidə bilərik, amma kitab bundan fərqli olaraq bizə onun məzmunu haqda məlumatları daha izahlı, ətraflı şəkildə çatdırar, yəni narkotiklərin insan orqanizmi üçün necə təhlükəli olduğunu bildirər.

 

Bax, elə bu yerə gəlincə, biz kitabdan istifadə etsək, ondan elmi şəkildə bəhrələnsək, artıq qeyd edilən məsələ ilə bağlı, küçədə rastlaşan zaman onun əslində bizim problemlərimizi həll edəcək bir vasitə yox, əksinə bizə çox böyük bəlalar verə biləcəyini artıq düşünmüş olarıq. Yəni gələcəkdə mənim fikrimcə Təhsil Nazirliyi bu barədə Psixoloji sferada «dərslik» dərc edərsə, psixotrop maddələrdən istifadənin qarşısı alına bilər, deyə, qeyd edilən məsələyə yanaşa bilərik. Bir növ öncədən qabaqlayıcı, profilaktik tədbir olaraq, yəni düşünməyin ki, bu işlə (narkotiklə) məşğul olan şəxslər bir vaxt Pablo Eskobara çevrilə bilər, hətta çevrilsə belə, onun da sonu heç də urək açıcı deyil. Bir çoxlarınız onu yaxşı tanıyırsınız yəgin ki. Hətta rəvayətə görə o, polislərdən qaçarkən üz tutub qaldığı sığınacaqda qızı üşüməsin deyə, bir gecə təxminən 1 milyona yaxın amerika dollarını yandırmışdır, bəs sonda necə? O öz ailəsini qoruya bildimi? Əlbəttə ki, xeyr. Hər halda heç kim hər hansı bir binanın damında ölmək istəməzdi.

 

Rəngdən-rəngə salan maddələr

Təbii, burada bir çox məsələlərə toxunmaq olar. Məsələn üzərində dayanacağımız məsələlərdən biri də küçəyə atılan bir çox körpələr və onların gələcəyidir. Sizcə onlar bu təhsildən yararlanmamalı və normal həyat tərzi seçməməlidirlərmi?

 

Bəs kimdir günahkar? Onların küçəyə atılması nə üçün bu qədər adi, normal bir tərzə cevrilir? Həm onların üzərində bu psixotrop (narkotik) vasitələrin təbliği və tətbiqi heç də çətin deyil. Axı həyatda öz yerlərini tapmaq istəyi onların da haqqıdır, amma onların alternativləri demək olar ki yoxdur, təbii ən asan yol isə dilənmək və ya bu psixotrop vasitələrin onların əli ilə satışına gətirib çıxarmasıdır, onlar günahkardırlarmı? Deyərdim ki, yox. Nə üçün?

 

Bir az əvvələ qayıdaq – onların valideynləri olan şəxslərə (kimdirlər onlar? Və necə oldu ki, onlar öz uşaqlarını küçəyə atmaq məcburiyyətində qaldılar?) Bax elə burdaca belə nəticəyə gəlmək olar ki, bu vasitələri kitabdan yox, ətrafdan, küçədən öyrənməyə çalışan insanların nəinki özlərini, hətta nəticədə övladlarını da bu yola düçar edə bilərlər.

 

Məhz bir çox cinayətlər də elə buradan qaynaqlanır, aludəçilik, get-gedə onu (narkotiki) əldə etmək üçün maddi vəsaitin çatışmazlığı sonda cinayətə gətirib çıxarır və belə situasiyanın yaranması insanlara məhv olmuş bir həyat təqdim edir.

 

Mən düşünürəm ki, bir valideyn kimi biz öz uşaqlarımızla mütəmadi olaraq bu haqda daim həmsöhbət olmalı və onlara bu barədə bir növ dərs keçməliyik. Və burada tək narkotik deyil, bununla yanaşı spirtli içki, eləcə də, insan həyatı üçün təhlükə yaradan bir sıra başqa nüanslardan da bəhs etmək olar, təbii ki, onların yaşına uyğun olan bir tərzdə. Demək, həyatımızda elm, kitab, irsiyyət, tərbiyə, davranış tərzi, əxlaq, mədəniyyət, mühit əsas şərtdir.

 

Beləliklə də, hər bir insana sonda bir elm olaraq bunu düzgün öyrətmək və təbliğ etmək mühüm olar ki, o da küçədən, ətrafdan öyrəndiyi məlumatlarla, eşitdiyi sözlərlə öz həyat fəlsəfəsinə xələl yetirməsin. Bir sözlə, zərərli vasitələrin istifadəsinin insan sağlamlığına vurduğu ziyanın düzgün təbliği içtimaiyyətdə həyati önəm daşıyır.

 

Rüstəmzadə Rüstəm
II Qarabağ müharibəsi veteranı,
Beynəlxalq Hüquq fakültəsi məzunu


 2931    PAYLAŞ |

“Narkosfer” üçün bir cavab

  1. İsmət dedi ki:

    Salam mənim belimde eyrlik var

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *