Bagla

Həkimdən soruş

Hekimden sorus







Nutrisiologiya nədir və nə ilə “yeyilir”?

Nutrisiologiya iddia edir ki, insanın sağlamlığı, ömrünün keyfiyyəti və uzunluğu nə yediyindən, qidanın nədən hazırlanmasından və necə yeyilməsindən çox asılıdır. Yaşamağımız qidamızdan asılıdır. Yaşam gücümüz, sağlamlığımız və xəstəliklərimiz – bütün bunlar qidalanmanın nəticəsidir.

 

Nutrisiologiya ənənəvi tibbi sahə deyil, nutri­siologiya profilaktik təbabət səviyyəsidir. Nutrisioloq tibbi ixtisas deyil. Təbabət (həkim) müalicə edir, nutrisiologiya isə (nutrisioloq) insan sağlamlığının profilaktikası və həyat keyfiyyətinin balanslaşdırılmış səmərəli qidalanma vasitəsi ilə artırılmasıdır. Praktiki həkim nutrisiologiya biliklərinə malik olsaydı və bu bilikləri öz işində istifadə etsəydi, gözəl olardı. Bəs, həkimlər özü necə, sağlamdırmı? Həkimlər ciddi xəstəliklərin risk qrupunda birincidir.

 

Nutrisiologiya insan qidalanmasını və insanla qidanın qarşılıqlı əlaqəsi proseslərini öyrənən elmdir. Bu, yeni elmi cərəyan iki ənənəvi müalicə və profilaktik sahənin (diyetologiya və farmakologiya) qovuşmasında inkişaf edir.

 

Nutrisiologiya qida ilə bağlı nə varsa və qida meta­bolizmi ilə bağlı biokimyəvi prosesləri tədqiq edir. Sağlamlığımız nimçəmizin içindədir! Bıçaq və çəngəllə biz sağlamlığı ya alırıq, ya da onu məhv edirik. Söhbət yediklərimizin qədərindən deyil, keyfiyyətindən gedir. Nutrisiologiyanın maraq dairəsi son dərəcə vacib və kifayət qədər öyrənilməyən prosesdir – faydalı maddələrin hüceyrədə mənimsənilməsi və həzm olunması proseslərini. Axı, qida maddələri mədə-bağırsaq traktında sorulduqdan sonra mürəkkəb biokimyəvi reaksiyalara məruz qalır. Nutrisioloqları qidanın tərkib hissələri, onların necə həzm olunması və nəyə sərf olunması maraqlandırır. Nutrisioloq insanlara qida vərdişlərini dəyişməyə, daha münasib qida rasionu qurmağa kömək edir.

 

Əsas tədqiqat obyektlərindən biri əvəzolunmaz qida elementləridir (essensial), yəni orqanizmdə sintez olunmayan və yalnız qida ilə alınan qida maddələri. Bu elementlərin (xolin, sink, selen və s.) çatışmazlığı ciddi xəstəliklərə səbəb ola bilər.

 

Vacib qida komponentlərinə aiddir:
Zülallar, yağlar, karbohidratlar, vitaminlər, mine­rallar və mikroelementlər. İnsan orqanizmində 81 kimyəvi element mövcuddur ki, onların 12-si struktur elementdir, yəni, orqanizmin element tərkibinin 99%-ni təşkil edir: karbon, oksigen, hidrogen, azot, kalsium, maqnezium, natrium, kalium, sera, fosfor, ftor, xlor. Bu elementlərin qida məhsulları ilə alınması insan sağlamlığı üçün kritik əhəmiyyət daşıyır. Bu, vacibdir!

 

Təbii qida məhsullarının tərkibindəki bu elementlər nutriyent adlanır və orqanizmdə orqanların, toxumaların, hüceyrələrin formalaşması, yeniləşməsi və normal fəaliyyəti üçün istifadə edilir. Biokimya mövqeyindən bu maddələr makronutriyentlər və mikronutriyentlərə ayrılır.

 

Makronutriyentlər – orqanizmin struktur və enerji təminatını qoruyan zülallar, yağlar və karbohidratlardır.
Mikronutriyentlər – əvəzolunmaz qida elementləri, vitaminlər, vitaminəbənzər maddələr, makroelementlər, mikroelementlər, zülal mənşəli mikronutriyentlər (amin turşuları, polipeptidlər), lipid mənşəli mikronutriyentlər (omeqa-3 PDYT, qamma-linolen turşusu, fosfolipidlər, fitosterinlər), karbohidrat mənşəli mikronutriyentlər (qida lifləri, prebiotiklər, polisaxaridlər), probiotiklər, həzm fermentləri, parafarmasevtiklər (qlikozidlər, alkaloidlər, indollar, fitoestrogenlər, saponinlər, terpenlər və s.). Bu maddələr geniş spektrli mühüm tənzimləyici funksiyaları yerinə yetirir və məhz bu maddələr qidanın əksər müalicə-profilaktika təsirini təmin edir.
Mikronutriyentlər orqanizmdə milliqramla, hətta mikroqramla ölçülən minimal konsentrasiyada mövcuddur. Amma onlarsız orqanizm üçün çətindir: həm fəaliyyət göstərməyə, həm də xarici və daxili mənfi təsirlərdən qorunmağa.

 

Əvəzolunmaz qida elementlərindən başqa, daha bir vacib nutrisiologiya anlayışı turşu-qələvi tarazlıqdır. Təəssüf ki, müasir qidalanma sistemi, əsasən, termik emaldan keçmiş məhsullar üzərində qurulub, çiy qida isə az istifadə edilir, bu da orqanizmin daxili mühitinin turşulaşmasına səbəb olur. Bir sıra alimlərin fikrincə, bu məqam parazitar, xroniki və digər xəstəliklərin inkişafında aparıcı rol oynayır.

 

Təbii qida komponentlərinin əlavə mənbəyi nutrisevtiklərdir. Onlar qida biokorrektorları da adlandırılır. Bu bioloji aktiv əlavələr qida tərkibini tələb olunan kimi dəyişir, qida rasionunda zəruri qida maddələrinin tərkibini orqanizmin tələbatına uyğun tənzimləyir. Bioloji aktiv qida maddələri məxsusən orqanizmə kömək üçün işlənib hazırlanmışdır. Sadə desək, nutrisevtiklər qida üçün bioloji aktiv qida əlavəsidir. Bu ağıllı qida orqanizmi həyat fəaliyyəti üçün vacib maddələrlə zənginləşdirir, hüceyrələri təmizləyir və qidalandırır. Məhz bütün qida maddələri ilə təmin olunmuş sağlam hüceyrə insana sağlamlıq bəxş edə bilər.

 

Beləliklə, nutrisevtiklər orqanizm üçün vacib qida maddələri defisitinin kompensasiyası məqsədi ilə qida ilə birlikdə istifadə edilir, bu defisitin aradan qaldırılması müxtəlif patoloji prosesləri ya ləngidir, ya onların qarşısını alır; nutrisevtiklər orqanizmin zülal, amin turşuları, vitaminlər, mineral maddələr, polidoymamış yağlı turşular, qida lifləri və s. qida maddələrinə olan minimal sutkalıq tələbatını təmin edir; orqanizmi müxtəlif yad mənşəli maddələrdən təmizləyir; bağırsaq mikrobiosenozunun normal funksional aktivliyini qoruyur.

 

Beləliklə, nutrisiologiya təsdiq edir ki, tarazlaşdırılmış qida rasionu vacib enerji mənbəyi, orqanizmin toxumalarının inkişafı, orqanların funksiyasının qorunulması, maddələr mübadiləsinin tənzimlənilməsi, fiziki inkişafın güclənməsi, xəstəliklərin profilaktikası, ömrün uzanmasına zəmanət verir.

 

Sağlamlığımız 55-60% qidalanmadan və yalnız 8-10% həkimlərdən asılıdır. Orqanizm daim təzələnir. Hər dəqiqə orqanizmin əsas strukturları işlənib köhnəlir və yeni hüceyrələrlə, komponentlərlə əvəz olunur. 5 il ərzində bədənimizin 95%-nə qədəri tam yenilənir və necə olacağı tikinti üçün istifadə etdiyimiz kərpiclərin keyfiyyətindən birbaşa asılıdır. Qidada faydalı kərpiclər azdırsa, yeganə prorab olan beyin mövcud dəlikləri yamamağı, defisitli tikinti materialları, birinci növbədə, hara yönəldəcəyini düşünür.

 

Sağlamlığı problemsiz, dərmansız, nutrisio­logiya biliklərindən faydalanmaqla qorumağı öyrənək!


 88    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *