İnvaziv radiologiya təbabətin kifayət qədər “gənc” sahəsi olsa da son 30 ildə insan bədəninin müxtəlif orqan və sistemlərin xəstəliklərinin müayinə və müalicəsində geniş tətbiq olunmağa başlamış, bəzi xəstəliklərdə isə alternativsiz əhəmiyyət daşıdığını sübut etmişdir.
Bəs onkoloji xəstələrə münasibətdə invaziv radiologiyanın rolu nədən ibarətdir?
Düzgün müalicənin müayinədən başladığını nəzərə alsaq şiş toxuması haqda müfəssəl məlumat əldə etmək, həmçinin müalicə taktikasını müəyyənləşdirmək məqsədilə digər laborator və instrumental metodlarla yanaşı xalq arasında “əkilmə” deyilən, şiş toxumasından nümunənin əldə edilib xarakteri barədə fikir söyləmək üçün icra olunan biopsiyalar invaziv radioloji təcrübədə müayinə xarakterli xidmətlərdən hesab olunur.
Hazırda elə bir orqan yoxdur ki, o orqanın şiş xəstəliyində bədənə yeridilən, məqsədi şiş toxumasına təsir göstərməli olan kimyəvi maddənin birbaşa şişi qidalandıran damara yeridiməsi mümkün olmasın. İnvaziv radioloji metodların imkanları sayəsində bir çox hallarda bu tibbi proseduralar narkozsuz, cərrahi kəsiksiz, qol və ayaq damarından kateter adlanan nazik bir boru vasitəsilə həyata keçirilir ki, bu da xəstəxanada qalma müddəti, tibbi müdaxilələrin həcminin azlığı və hədəfə effektiv təsir faktorlarını özündə cəmləşdiirir. Kimyəvi embolizasiya adlanan invaziv radioloji müdaxilələr şişə təsir göstərən müalicəvi kimyəvi maddənin birbaşa şiş içərisinə yeridilməsi ilə yanaşı şişi qidalandıran damarın tıxaclarla bağlanması məqsədi güdür. Son illər respublikamızda qaraciyər, uşaqlıq, mədə, ağciyər, beyin, əzələnin bəd xassəli törəmələrində trans artetial kimyəvi embolizasiya (TAKE) uğurla tətbiq edilir. Qeyd edilən orqanların bəd xassəli törəmələrində ablasiya metodlarının tətbiqindən söz açmaq da yerinə düşərdi. Belə ki, şiş toxumasına ötürülən yüksək dalğa və istilik enerjisinin təsiri ilə həmin toxumanın “yanması” baş verir, fəaliyyətinin pozulması, bununla da böyüməsinin qarşısının alınması əldə edilir.
Ancaq invaziv radioloqların onkoloji xəstələrin müalicəsindəki yardımları bunlarla bitmir. Öd, bağırsaq, sidik, tənəffüs yollarının daralmalarına səbəb olan onkoloji xəstəliklərdə daralmaların stent taxılmaqla ləğvi artıq yenilik deyildir. Kimyəvi terapiya alan xəstələrə vena daxilinə kimyəvi və digər dərman preparatlarının rahat yeridilməsi üçün venoz port taxılması gündəlik tibbi təcrübədir.
Təəssüf ki, invaziv radioloqlar bəzən gecikmiş hallarda da müdaxilələrdə iştirak etməli olurlar ki, bu hallara əsasən şiş toxumasının verdiyi qanaxmalar, bu cür qanaxmaların isə həyati təhlükə daşıması amili aiddir. Belə müdaxilələr əsasən həyati təhlükənin qarşısının alınması, digər tibbi müdaxilələrin tətbiqi üçün vaxt qazandırılmasından ibarətdir.
Bir cavab yazın