Bagla

Həkimdən soruş

Hekimden sorus







Ötən il ərzində Agentliyin apardığı maarifləndirmə kampaniyası uğurla icra olunub

 

2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədi ilə maarifləndirmə kampaniyası təşkil olunub.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, ictimaiyyətin icbari tibbi sığorta barədə dəqiq, dolğun məlumatlandırılması üçün kampaniya çərçivəsində bir neçə istiqamətdə layihə və tədbirlər icra olunub: “İcbari tibbi sığortadan rahat istifadəni təmin etmək, istifadə mərhələləri, Xidmətlər Zərfi barədə əhalini məlumatlandırmaq, qurumun gördüyü işləri işıqlandırmaq məqsədilə ümumilikdə 146 sayda məlumat açıqlanıb. Sistemdəki yeniliklər, üstünlüklər barədə müxtəlif televiziya, radio və internet televiziya kanallarında 348 veriliş/süjet yayımlanıb. Mediadan daxil olan 563 sorğu, sosial media hesablarına göndərilən 22 027 sorğu cavablandırılıb”.

 

A.Əhmədova sosial media üzərindən də maarifləndirmə işinin aparıldığını vurğulayaraq, Agentliyin sosial media hesablarında ümumilikdə 4 364 postun paylaşıldığını bildirib.

 

Eyni zamanda qeyd edilən reklam kampaniyaları aparılan maarifləndirmə işinin əsasını təşkil edib:

  1. İcbari tibbi sığorta ilə bağlı Real TV-nin canlı efirində “Tibbi sığorta saatı” adı altında 34 veriliş yayımlanıb. Canlı yayımlar Agentliyin “Facebook” səhifəsi üzərindən paylaşılıb.
  2. ASAN radioda yayımlanan “1 sual, 1 cavab” rubrikasında vaxtaşırı dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunub.
  3. Respublika üzrə bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin monitorlarında icbari tibbi sığorta sistemi ilə bağlı (Xidmətlər Zərfi, sistemdən istifadə qaydası, özəl tibb müəssisələrində icbari tibbi sığorta sistemi və s.) maarifləndirmə xarakterli videoçarxlar nümayiş olunub.

 

Silsilə tədbirlər:

  1. Dövlət, qeyri-dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrini icbari tibbi sığorta sistemi çərçivəsində tibb müəssisələrinə müraciət prosesi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydası, ailə həkimi və s. barədə məlumatlandırmaq üçün 11 104 nəfərin iştirakı ilə 148 sayda maarifləndirmə tədbiri keçirilib.
  2. İctimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransları, media-turlar, təlimlər həyata keçirilib.

 

SMS maarifləndirmə:

  1. Ölkənin müxtəlif mobil operatorlarına aid 4 milyon 860 min mobil nömrəyə məlumatlandırıcı SMS göndərilib. Mesajlardakı link vasitəsilə qurumun saytına keçid verilib. SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi xidmətlərdən istifadə qaydası barədə məlumat vurğulanıb. Bundan başqa 16 000 qazinin mobil nömrəsinə göndərilən mesajlarda icbari tibbi sığorta ilə bağlı məlumat da yer alıb.

 

Çap materialları və dövlət tibb müəssisələrində maarifləndirmə işləri:

  1. Əhalinin icbari tibbi sığorta və xəstəliklərin erkən profilaktikasına dair məlumatlandırılması məqsədilə 490 000 ədəd 7 adda buklet və 9 adda poster hazırlanıb. 16 217 sayda üzərində qurumun loqosu olan promo məhsullar hazırlanıb. Çap və promo məhsullar dövlət qurumları və qeyri-hökumət təşkilatları, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, “Medinex” beynəlxalq sərgisi vasitəsilə əhaliyə çatdırılıb. Bukletlər həmçinin Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/page) yerləşdirilib.
  2. Dövlət tibb müəssisələrində vətəndaşlara verilən qəbzlərə “İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə bütün xidmətlər ödənişsizdir” qeydi əlavə olunub.
  3. 20-dən çox tibb müəssisəsinin monitorlarında icbari tibbi sığorta sistemi ilə bağlı maarifləndirmə xarakterli videoçarxlar təqdim olunub.
  4. 31 reklam löhvəsi (scroller, billboard və s.) hazırlanıb və Bakı şəhərindəki açıq məkanlarda quraşdırılıb.
  5. 18 metro stansiyasında icbari tibbi sığorta barədə 40 məlumatlandırma löhvəsi yerləşdirilib.

 

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildiririk və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

 

Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək üçün qurumun internet saytını (https://its.gov.az/) və sosial şəbəkələrdəki səhifələrini izləyə bilərlər.


 190    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *