Bagla

Həkimdən soruş

Hekimden sorus







Pivə bardağının inhalyatora qədərki yolu

Nəfəs almağımızı tez-tez duyuruqmu? Bu proses sanki öz-özünə keçir: dəqiqədə 16 nəfəsalma, saatda 1000 nəfəsvermə. Belə bir hava mübadiləsi olan tənəffüs yolları “giriş həyətinə” çevrilir və respirator infeksiyalar bizə tez-tez qo­naq olur. Soyuqlayanda iksirlə nəfəs almaq ideyası hələ ilk təbiblərin vaxtında yaranıb. Min illər ərzində adamlar daha nələri nəfəsi ilə ciyərlərinə almayıb!

 

Kartofdan fenola qədər
İnsanlar çoxdan kəşf edib ki, dərmanları təkcə udmaq və sürtmək yox, nəfəslə udmaq da olur. Ən sadə inhalyasiya üçün hər hansı cihaz tələb olunmurdu və onların istifadəsi bəşəriyyətin beşiyində başlamışdır.

 

Bir çox insanlar kartof qaynayan qazan üzərində nəfəs almağı sevirlər. Maraqlıdır ki, kartof yumru­sunda efir yağları və ya bəlğəm yumşaldan maddələr yoxdur.
Görünür, tarixən soyuqlamanın çox olduğu qış mövsümündə kartof ən çox işlədilən məhsul olub. Bişmiş kartof müəyyən müddət isti hava və buxar mənbəyi kimi öskürəyi yumşaldır. Suyun duzlanması isə duzlu inhalyasiya yaradır, bir növ isti dəniz havası kimi. Deyilənə görə, faydası var, təbii ki, plasebo effektinin də öz payı var.
Hər ölkədə inhalyasiya üçün yerli müalicə bitkilərindən istifadə olunurdu: şimal diyarlarda iynəyarpaqlı və nanə, cənubda evkalipt. Avropa­da tütün tanınandan sonra yorğunluğu və baş ağrılarını götürən müalicəvi prosedura kimi qəbul olunurdu. Misirdə yerli eskulaplar soyuqlama vaxtı palma şərabı ilə inhalyasiya tövsiyə edirdi: öskürək keçməsə də, əhvalı yaxşılaşdırırdı. Skandinaviya ölkələrində eyni məqsədlə analoji effektli pivə istifadə edilirdi.

 

Karbol turşusunun (fenol) antiseptik xüsusiyyətləri məlum olduqdan sonra dərhal dərman vasitəsi kimi istifadə edilməyə başlandı, o cümlədən soyuqlama vaxtı hava ilə udulurdu. Mikroblar öz sahibindən bir az tez ölürdü. Fenol inhalyasiyaları sinir sistemini zədələyərək eyforiya yaradırdı, ona görə də bu üsul əvvəl özünə tərəfdaş qazandı.

 

Türkəçarə inhalyasiya üsulları sadəliyi ilə seçilsə də, səmərəsiz idi: aerozol yayılırdı, udulan miqdarı isə çökərək burunda və boğazda qalırdı, bronxlara şəfalı buxarın cüzi qalıqları çatırdı.

 

Liman meyxanəsi
Plimut İngiltərənin qapısı hesab olunan və Britaniyanın dəniz qüdrətinin təcəssümü olan liman şəhəridir. 1778-ci ildə Böyük Britaniya Fransa ilə müharibəyə başlayır. O həyəcanlı dövrlərdə Plimutda hCon Madjadlı həkim yaşayırdı. Onun 58 yaşı vardı, daimi təcrübəsi vardı, şəhərdə ən yaxşı cərrahlardan biri sayılırdı və ixtiraçı kimi ad çıxarmışdı. Şəhərdəki sıxlıq soyuqdəymə hallarının kəskin artmasına səbəb oldu və yerli həkimlər də işsiz qalmırdı. Bir axşam Madj yorulub özünə bir pint el sifariş edir. Fikirli oturub köpüklü içki bardağını dodağına yaxınlaşdırır və burnuna güclü qoxu dəyir. Madj geriyə çəkilir və bardağın qapağını bağlayır. Qoxu itir. Birdən beyninə bir fikir gəlir: qapağın dəliyini daraldıb onun vasitəsilə nəfəs almaq olar! Evə çatıb dəliyi açır və nəfəs almağa başlayır, buxar havada yayılmadan traxeya və bronxlara işləyir.

 

Sonrakı yaxın günlərdə cihaz pasiyentlərin üzərində sınanıldı, inhalyatora yerləşdirilən ilk dərman isə opium oldu. Rahatlıq üçün dəliyə dəri borucuq da qoşulmuşdu. Effekt anında yaranır, pasiyentlər bütün günü öskürmürdü. İndi məlumdur ki, opiatlar öskürək mərkəzini təcrid edir və təsiri də bununla bağlıdır. Amma ixtiranın dəyəri onun mahiyyətində idi: dərman demək olar ki, itkisiz aşağı tənəffüs yollarına çatırdı. Con Madj öz ixtirasına sadə bir ad verdi – Madj inhalyatoru (Mudge inhaler). Uğur möhtəşəm oldu.

Pivə bardağından nebulayzerə qədər
Tezliklə ideya geniş vüsət alır. Borucuğa müxtəlif ucluqlar taxılır. Sonradan daimi buxarlanmanı təmin etmək üçün əvvəl cihaz spirtlə, sonra elektriklə qızdırıldı. XIX əsrdə aerozolu təzyiq altında qızdırmaq təklif olunur: tutu­ma su buxarı və ya sıxılmış qaz buraxan pompa birləşdirildi. Lakin ilk inhalyatorlar müəyyən səriştə tələb edirdi və çox böyük idi, ona görə də ötən əsrin ortalarına qədər, əsasən, stasionar şəraitdə istifadə edilirdi.

 

Bu gün portativ inhalyatorlar dövranıdır, dərman tərkibli qarışıq ya kompressorla ya da ultrasəslə qovulur. Yığcam və rahat cihazlar isə ev əşyasına çevrilir.


 1182    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *