Bagla

Həkimdən soruş

Hekimden sorus







Professor Gülnaz Dadaşova: “I Türk Dövlətləri Kardioloji Qurultayı türk dostluğunun möhkəmləndirilməsi və müştərək səhiyyə sisteminə öz töhfəsini verəcək”.

 

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 20-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi keçirildi. 

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşovanın Ailəhəkimi.az-a müsahibəsini təqdim edirik.

 

I Türk Dövlətləri Kardioloji Qurultayının açılış mərasimi oldu. Belə bir tədbirin keçirilməsi ideyası necə ərsəyə gəldi?

Tədbirin keçirilməsi ilə bağlı ideya möhtərəm Prezident İlham Əliyevin son dövrdə apardığı xarici siyasətin prioritet istiqamətlərindən olan türk dostluğunun möhkəmləndirilməsi və Prezidentin inaqurasiya zamanı söylədiyi – “Bizim başqa bir ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”, – fikrindən yaranıb. Kardiologiya sahəsində dövlətimizin apardığı siyasəti möhkəmləndirmək üçün Səhiyyə Nazirliyi ilə birgə bu qurultayın keçirilməsini özümüzə borc bildik. Öncə, apardığımız araşdırmalardan məlum oldu ki, indiyəcən türk dünyası kardioloqlarının sadəcə kiçik toplantıları olub. Dövlətimizin strateji xəttini nəzərə alaraq türk dünyasının belə bir tədbirini keçirmək bizim üçün həm qürurverici, həm də məsuliyyətli bir iş idi.

 

Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər. I Türk Dövlətləri Kardioloji Qurultayında əsasən hansı təşəbbüslər və təkliflər irəli sürüldü?

Qurultay 3 gün davam etdi və tədbirə 1000-dən artıq iştirakçı qatılmışdı. Sevindirici haldır ki, qurultayda, həmçinin regionlarımızdan mütəxəssislərimiz də iştirak edib. Bu tədbir Səhiyyə Nazirliyi tərəfindən 51 balla akkreditasiya olunub. Çox nadir hallarda belə yüksək balla qiymətləndirilir. Tədbirdə çox önəmli, innovativ, robotik cərrahiyəyə aid minimal invaziv kardiologiyaya aid hazırda dünyada tətbiq olunan metodların Azərbaycanda tətbiq olunması və aparıcı mütəxəssislərimizlə xaricdən gətirilən simulasyon manikenlərdə bunun nümayiş etdirilməsi maraqla qarşılandı. Bu qurultaya ev sahibliyi etməyimizdən qürur duyduq.

 

Professor, sizcə, hazırda türk dövlətlərində kardiologiyanın mövcud durumu necədir?

Bizim apardığımız fikir mübadilələri nəticəsində gəldiyimiz qənaətə görə, ilk növbədə, əhalinin məlumatsızlığı ciddi problemdir. Həmçinin, xəstələrin zamanında diaqnostika, yeni metodlardan vaxtında istifadə olunmamağı, həkimlərin özlərinin daha da maarifləndirilməsi aktual məsələlər olaraq qalmaqdadır.

 

Bu tədbir türksoylu peşəkarlarla əlaqələr qurmaq anlamında hansı nəticələrə gəldiniz?

Düşünürəm ki, I Türk Dövlətləri Kardioloji Qurultayında müzakirə olunan bir çox problemlərin həlli istiqamətində real addımlar atılaraq davam etdiriləcək. Mənə elə gəlir ki, bu qurultay həm gənc tədqiqatçıların yetişdirilməsində, həm klinik halların qarşılıqlı fikir mübadiləsi əsasında daha doğru nəticələr ala biləcəyimiz, eyni zamanda birlikdə aparacağımız tədqiqat işləri, məqalə və dissertasiyaların yazılmasına töhfə verəcək. Dissertasiya işləri, əsasən də doktorluq müdafiəsi zamanı çox vaxt opponentlərlə bağlı çətinlik çəkirdik. Qurultay vasitəsilə əldə olunan əlaqələrin köməyi ilə kadrlar dissertasiya müdafiələrini daha da sürətləndirə biləcəklər. Eyni zamanda, qurultayın praktik və elmi baxımından, eləcə də türk dostluğunun möhkəmləndirilməsi və müştərək səhiyyə sisteminin kardiologiya sahəsində türk dövlətləri arasında möhkəmlənməsinə, hər kəs üçün çox faydalı olacağını düşünürəm.

 

Sizin rəhbərlik etdiyiniz İnstitut qurultaydan əldə olunan nəticələri öz tədqiqatlarında necə tətbiq etməyi planlaşdırır?

I Türk Dövlətləri Kardioloji Qurultayına başlamazdan əvvəl də türk dövlətlərinin kardiologiya müəssisələri və onların rəhbərlikləri ilə gələcəkdə birgə aparacağımız tədqiqat layihələrini müzakirə etmişdik. Bakıda keçirilən qurultayda da dəyirmi masa ətrafında həm tədqiqat layihələrini, həm mübadilə proqramlarını daha detallı müzakirə etdik.

 

Türk dövlətlərinin kardiologiya sahəsində birgə layihələri və ya mübadilə proqramları planları varmı?

Qurultayda, həmçinin birlikdə aparacağımız dissertasiya işləri, fikir mübadilələri, daha sürətli internet yayımı vasitəsilə həyata keçirə biləcəyimiz konsultasiyalar, xəstəliklərin yayılması, epidemiologiyası barədə, ürək-damar sistemi xəstəliklərinin yayılmasını əks etdirən statistik məlumatların ötürülməsi, bu göstəricilərlə bağlı tədbirlərin aparılması, milli registrlərin yaradılması, bölgələrdə ilkin tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı birgə layihələrin həyata keçirilməsi və boşluqların birlikdə aradan qaldırılması istiqamətində həll yollarının tapılması barədə çox önəmli fikirlər səsləndirildi.

 

Qurultayın ənənəvi olaraq keçirilməsi barədə razılıq əldə olunub və ya danışıqlar aparılır?

Türk dünyası ölkələrindən gələn nümayəndələrdən qurultayın təşkili ilə bağlı çox gözəl fikirlər eşitdik. Qurultayda iştirak edən səhiyyə naziri tədbirin ənənəvi olaraq digər türk ölkələrində davam etdirilməsini təklif etdi. Bununla bağlı artıq qurultayda iştirak edən ölkələrin nümayəndələrindən müraciətlər alırıq. Eyni zamanda, birgə fəaliyyətimizin əsasını təşkil edən birlik formasında çalışmağımızı həyata keçirən bir qurum formatında fəaliyyət göstərməyimizi daha məqbul hesab etmişik.

 


 3505    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *