Bagla

Həkimdən soruş

Hekimden sorus







Psixoaktiv maddələrdən asılılıq

Sakitləşdirici və uyuşdurucu təsiri olan, getdikcə daha çox istifadə etmək istəyi və istifadə olunmadıqda asılılıq əlamətləri ilə biruzə verən, qanunvericiliklə qadağan olunmuş kimyəvi və ya bitki tərkibli maddələr “narkotik maddələr” adlanır. Narkotik maddə istifadəçilərinin əksəriyyəti ilk dəfə narkotik maddəni qəbul edərkən səhvən güman edirlər ki, bu istifadəni nəzarətdə saxlaya biləcəklər.“Yalnız bir dəfə istifadə” etmək fikri bütün həyatını məhv edə bilər.Çünki asılılığın necə formalaşacağını əvvəlcədən görmək mümkün olmadığını qabaqcadan bilmək lazımdır.Bir dəfə istifadə etdikdən sonra təkrar istifadə etmək istəyinin yaranmasının riski çox yüksəkdir.Sonrakı dövrdə narkotik vasitənin eyni uyuşdurucu təsirini saxlamaq üçün istifadə tezliyinin və ya miqdarının artırılmasına gətirib çıxarır.Bu məcburi addımların sonunda insanda narkotik maddələrdən asılılıq yaranır.

 

Narkotik vasitələrin zərərləri
İstifadə olunan narkotik maddələr kimyəvi quruluşuna görə bir-birindən fərqlənir.İstifadə olunduqda, ilk növbədə, mərkəzi sinir sisteminə zərər vuraraq insanda fiziki və psixoloji problemlər yaradır. Narkotik vasitələrin fəsadsız istifadə üsulu yoxdur. İstifadə edən hər bir şəxs üçün asılılıq yaranma riski yüksəkdir. Qəbul olunan hər bir narkotik maddə orqanizm tərəfindən tanınır, ona qarşı hüceyrə səviyyəsində öyrəşmə prosesi baş verir və bir daha yaddan çıxmamaq şərti ilə yaddaşına həkk olunur.
• Ağlı və iradəni işləməz hala salır. İnsanı normal yaşama tərzindən və davranışından uzaqlaşdırır.
• Ürəkbulanma, qusma, qarında ağrı, qəbizlik, ishal, mədə və bağırsaq spazmlarına, qanaxmalara səbəb olur.
• Bütün daxili orqanların zədələnməsinə və bununla bağlı olaraq bir çox xəstəliklərin yaranmasına səbəb olur.
• Zəhərlənməyə və ölümə səbəb olur.
• Narkotik vasitələr, beyinin ətrafı qavramasını zəiflədir. Asılı olan şəxs getdikcə ailəsindən və çevrəsindən uzaqlaşaraq tək qalır. Sonradan bu vəziyyətə digər xoşagəlməz hallarda qoşulur.

Nə etmək lazımdır?
• Əgər şəxsin narkotik vasitələrin təsiri altında olduğunu bilirsinizsə, onunla bu barədə söhbət etməyin mənası yoxdur.
• Özünüzü narkotik vasitələrin zərərli olması barədə söhbətə hazır bilmirsinizsə, onunla danışmayın.
• Açıq, səmimi və inandırıcı olun, nəsihət verməyin.
• Ümumiləşdirməyə çalışmayın.
• Qorxularınıza söykənərək danışmayın.
• Özünüzü onun yerinə qoyub onun düşüncələrini, yaşantılarını və qorxularını anlamağa çalışın.
• Həkim yardımı alması üçün səmimi söhbət edib onu razı salın.

 

Nəyi etmək olmaz?
• İnkar etmək: “Yox, mənim övladım heç vaxt narkotik maddədən istifadə etməz”.
• Özünü və yoldaşını günahlandırmaq: ”Bu uşaq sənə görə belə oldu!” ”Biz yaxşı ata-ana ola bilmədik”.
• Ruh düşkünlüyü, çarəsizlik hissi keçirmək: ”Mən səni bunun üçünmü böyütdüm?” ”Hər şey bitdi, artıq heç bir şey əvvəlki kimi ola bilməz!”.
• Hirslənmək: ”Mənim belə bir uşağım ola bilməz!”.
• Uşağı günahlandırmaq və alçaltmaq: ”Səndən heç nə olmaz!”.
• Kəskin qərarlar vermək: ”Məktəb həyatın bitdi!”.

 

Qarşılayıcı tədbirlər
• Uşaq və yeniyetmələrin psixoaktiv maddələr barəsində yaşa uyğun məlumatlandırma tədbirlərinin aparılması.
• Güclü və pozitiv ailə birliyi.
• Vaildeynlərin öz uşaqları ilə maraqlanması və uşaqlarının kimlərlə dostluq etdiyindən xəbərdar olması.
• Ailədaxili qaydaların hamı üçün eyni olması və hər kəsin bu qaydalara riayət etməsi.
• Məktəbdə yaxşı oxumaq.
• Məktəb, idman kompleksləri, dərnəklərlə güclü əlaqələrin yaradılması.

 

Müalicə
Psixoaktiv maddələrdən istifadə edən və müalicə olunmaq istəyən, bu məsələdə məlumat almaq istəyən xəstə və ya qohumları Respubli­ka Narkoloji Mərkəzinə müraciət edə bilərlər. Müalicə haqqında bütün qərarları xəstənin vəziyyəti il tanış olduq­dan sonra müalicə həkimi verməlidir.

Müalİcə olunmaq mümkündür
• Asılılıq müalicə oluna bilir, ancaq tam yaxşılaşmaq üçün ciddi çalışmaq və zaman lazımdır.
• Xəstənin müalicə olunmaq istəyi və özünü müalicəyə hazır bilməsi vacibdir.
• Müalicə olunan müddətdə narkotik vasitə istifadəçisinin yaşadıqlarını yaxınları ilə bölüşməsi və doğru əlaqələrin yaradılması vacibdir.
• Asılılığın müalicəsi zamanı istifadə olunan narkotik vasitənin növündən və istifadə olunma müddətindən asılı olaraq, təyinat müalicə həkimi tərəfindən dəyişə bilər.
• Narkotik vasitəni təkbaşına atmaq çətindir, mütləq həkim-narkoloqun yardımı lazımdır.

Ən yaxşı çıxış yolu heç vaxt narkotik vasitələrdən istifadə etməməkdir!

 

Risk faktorları
• Psixoloji problemləri olan və ya hər hansı bir asılılığı olan valideynlərin övladları daha böyük risk altındadır.
• Valideyn-uşaq arasında bağlılığın və ya diqqətin olmaması (xüsusən, “Ata” rolunun ailədə zəifliyi və ya olmaması).
• Yeniyetmənin dərslərinə nəzərəcarpacaq marağın və diqqətin olmaması, asosial davranışa meylli olması.

 

Profilaktik tədbirlər vacibdir!
Cəmiyyətdə asılılıq yaradan vasitələrin istifadə olunması və yayılmasının qarşısı alınmalı, bu vasitələrin yaratdığı fəsadlar minimuma endirilməli və sağlam davranış qaydaları təbliğ olunmalıdır.

• Asılılıq yarandıqdan sonra narkomaniyanın müalicəsi çox çətindir.
• Asılılığın kəskin mərhələsi (abstinent sindro­mu) müalicə olunduqdan sonra sosial-psixoloji tədbirlər tətbiq edilməzsə, şəxsin yenidən narkotik vasitə istifadə etmə riski çox yüksəkdir.
• Hər cür qarşılayıcı tədbirlərə sərf olunan zaman və vəsait müalicəyə sərf olunandan daha az və daha əhəmiyyətlidir.

Alkoqolizm
Alkoqol asılılığı, digər sözlə “alkoqolizm” şəxsin alkoqollu içkilərdən həddindən artıq dərəcədə asılı olan halıdır. Alkoqoldan asılı olan şəxslər uzun müddət alkoqol qəbulunun həm tibbi, həm də sosial fəsadlarını yaşadıqları halda həm də yanaşı olaraq qəbul olunan spirtli içki miqdarına nəzarəti itirir, alkoqolizm nəticəsində yaranan fiziki və psixoloji asılılıq əlamətlərindən də əziyyət çəkirlər. Spirtli içki qəbuluna nəzarətin itirilməsi alkoqolizmlə alkoqoldan sui-istifadə və ya zərərli istifadə arasındakı baryeri aradan qaldırır.

 

Alkoqolizmin əlamətləri
• İlk növbədə, şəxs tərəfindən vərdiş olunan təsirin yaranması üçün qəbul olunan alkoqolun miqdarı (tolerantlıq) getdikcə artır.
• İstifadə olunan alkoqolun miqdarına nəzarət zəifləyir və sonrakı mərhələdə tam itir.
• Şəxsin istifadə etdiyi alkoqolun miqdarını azaltması və ya alkoqol qəbulunu dayandırması zamanı fiziki və psixoloji asılılıq əlamətləri (abstinent sindromu) meydana gəlir, təkrar spirtli içki qəbul etdikdə həmin əlamətlər aradan qalxır və şəxs rahatlanır.
• Alkoqlizmə düçar olmuş şəxs spirtli içki tapmaq, spirtli içki qəbul etmək və ya spirtli içkilərin yaratdığı fəsadları aradan qaldırmaq üçün çoxlu zaman sərf edir.
• Alkoqolizmə düçar olmuş şəxs alkoqol qəbulunu vacib toplantılardan, görüləcək işlərdən üstün tutur.
• Alkoqol qəbulunu dayandırmamaq və ya cəhd etməmək üçün müxtəlif lazımsız bəhanələr gətirir.
• Alkoqolun zərərli təsirlərini bilməsinə baxmayaraq, ondan yenidən istifadə edir.

 

Alkoqolizm nəticəsində yaranan problemlər
• Qida borusu, qırtlaq, mədə və pankreas xərçənginin yaranmasına səbəb olur.
• Doğru düşünmə, qərar vermə və düzgün davranma kimi beyin fəaliyyətini pozur.
• Yuxu pozğunluğu, baş ağrıları, görmə zəifliyi yaradır.
• Ürək, qan-damar fəaliyyətinin pozulmasına gətirib çıxarır.
• Qanın laxtalanma faktorlarına mənfi təsir göstərir.
Qaraciyər sirrozunun yaranmasına səbəb olur.

 

Müalicə
Alkoqol, ictimai nöqteyi nəzərindən istifadəsi qadağan olunmamış bir psixoaktiv maddə olduğu üçün onun mütəmadi qəbulunun mənfi nəticələr verəcəyini və ya alkoqol asılılığı yaradacağını dərk etmək lazımdır. Alkoqolu istifadə edən bir çox insanlar bilməlidirlər ki, ondan sui-istifadə etmək alkoqoldan asılılıqla nəticələnə bilər. Alkoqolizm xəstəliyinə düçar olmuş və müalicə olunmaq istəyən, bu məsələ ilə bağlı problemlərindən çıxış yolu axtaran şəxslər və onların yaxınları Respublika Narkoloji Mərkəzinə müraciət edə bilərlər. Həmin şəxsin istəyi ilə müalicə anonim şəkildə də aparıla bilər.
• Alkoqolizmin müalicəsi xəstənin vəziyyətinə uyğun olaraq həkim-narkoloq tərəfindən təyin edilir.
• Müalicənin ilkin mərhələsində əsas şərtlərdən biri xəstəni ayıltmaqdır. Yanaşı gedən psixi pozuntuları aşkar edib aradan qaldırmaqda bu çox vacib məsələdir.
• Xəstə müəyyən müddət xəstəxana şəraitində müalicə oluna bilər, daha sonra onu ambulator şəraitdə uzun müddət nəzarətdə saxlamaq lazımdır. Çünki nəzarət olunmadığı halda, xəstə yenidən spirtli içki qəbulunu davam etdirə bilər. Residivlər ( təkrar içki qəbulu ) ilk 6 ayda daha tez-tez olur. Həmin mərhələdə xəstə ilə mütəmadi olaraq psixoloji söhbətlər aparmaq və ya psixo­teropevtik proseduralara qoşmaq təkrar istifadə (residivin) riskini aşağı sala bilər.
• Alkoqolizm xəstəliyinə düçar olmuş şəxsin ailə üzvlərinin müalicə prosesində aktiv iştirakı və müalicənin bütün mərhələlərində xəstəyə dəstək verməsi müalicənin səmərəli olması üçün çox önəmli bir faktordur.
• Xəstə müalicə olunmaq istəmirsə onunla əlaqəni kəsmək olmaz. Müalicə olunmaq istəyəcəyi zamanı gözləmək lazımdır.

 

Bilirsinizmi?
• Hər il dünyada 2.5 milyon insan alkoqolizm səbəbindən həyatını itirir.
• Alkoqol sərxoşluğu bütün dünyada olan əksər xəsarətlərə və ölümə gətirən əsas səbəblərdən biridir.
• Alkoqolizm nəticəsində ictimaiyyətə vurulan ziyan, onun satışından əldə olunan gəlirdən daha çoxdur.
• Təhsildə zəifləmə, cinayətə meyl, alkoqolla bağlı sağlamlıq problemləri alkoqol qəbulu ilə proporsional olaraq artır.

 

Nəyi etmək olmaz?
Alkoqolizmə düçar olmuş xəstəyə qarşı nifrət, düşmənçilik, nalayiq sözlər işlətmək, qarğış etmək, əxlaq dərsi keçmək kimi yanaşmalardan uzaq durun və ona kömək etmək lazım olduğunu unutmayın.
Alkoqolla bağlı olan problemləri gizlətmək, digərlərinin bilməməsi üçün çalışmaq məsələni daha da çətinləşdirə bilər.

 

Nə etmək lazımdır?
• Asılı olan şəxsin hərəkətlərinin sonunda onu nələr gözlədiyini görməkdə ona kömək göstərin.
• Səmimi münasibət göstərin, alkoqol probleminin bir xəstəlik olduğunu yadınızdan çıxarmayın.
• Asılılıqların müalicəsi haqqında biliklərə sahib olun. Xəstəyə bunlar haqqında danışın.
• Xəstənin yardım istəməsinə hazır olun. Müalicə müəssisəsinə əvvəlcədən müraciət edin və lazım olan bütün məsələlərə aydınlıq gətirin. Belə hərəkət etsəniz xəstənin bütün bəhanələrini ortadan qaldırmış olarsınız.


 96    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *