Bagla

Həkimdən soruş

Hekimden sorus







İstirahəti pozan səbəblər

İlboyu bu günləri gözləyirik. Amma bəzən xırda səbəblərdən istirahətimiz pozula bilər. Nədir o səbəblər?

1İstirahət etmək üçün harasa getmək nəyə lazımdır ki? O qədər yorğunsuz ki, iki həftəni divanda uzanıqlı keçirmək ən yaxşı seçimdir. Doyunca yatıb dincəldikdən sonra məzuniyyətin üçüncü günü kefiniz pozulur: bu nə həyatdır? Heç bir yenilik yoxdur, təkcə iş və ev.

2Hamı bilir ki, arzu etmək yaxşıdır. Getməyə hazırlaşdığınız ölkədə seçdiyiniz otelin şəraitini bütün xırdalıqlarla təsəvvür edin – pəncərələri hara baxır, isveç stolunda nə olacaq, çimərliyin qumu necədir, mağazadan hansı paltar alacaqsınız? Nə isə düşündüyünüz kimi getməsə, həmin otelə, həmin ölkəyə putyovka olmasa, həyatınız sanki dağılır.

3Özünüz çevik, fəalsınız, əriniz isə çimərliyin isti qumunda uzanmağı xoşlayır. Onu dağa “dartın”. Qoy yorulsun, yağışda islansın, şübhəli göbələk şorbasından imtina etsin, sizinlə evləndiyi günü və saatı lənətləsin. Əksinə, bir yerdə oturmağı sevmirsə, onu saatlarla çimərlikdə saxlayın – doyunca istirahət etsin! Mağazaya, muzeylərə, darıxdırıcı ekskursiyalara özünüzlə ərinizi də aparın – qoy hamı görsün ki, əriniz var! Bəs, necə?

4Yaxşı olar ki, istirahətdə olarkən hər şeydən narazı birisini tapıb onunla “Bizi burda heç kim sevmir!” şüarı altında birləşəsiniz. Otel sakinlərindən xırdaçılıqla pəncərələrin hara baxdığını, otaqda neçə məhrəbanın olduğunu, xidmətçinin nişastalanmış döşək ağlarından qu quşu düzəldib-düzəltmədiyini soruşun. Görsəniz ki, istəkləriniz tam ödənilmir, qalmaqal edin, mehmanxana işçilərini, sahibini işdən qovduracağınızla hədələyin.

5Pula qənaət edin! Sahilyanı restoranda dəniz sularına qərq olan günəşin mənzərəsində bir fincan qəhvə içmək nəyinizə lazımdır? Ondansa, otağınızda özünüzlə gətirdiyiniz həllolunan qəhvə dəmləyin. Qənaət etdiyiniz pula isə bir dəstə kolqot alıb xeyli geyərsiniz.

6İlboyu ərinizə qarşı iradlarınızı toplayın ki, vaxt olanda, yəni istirahətdə olarkən münasibətlərinizi çözəsiniz. Əsl məqamı və yeridir. Tez-tez təkrarlayın ki, unutmasın: “Görürəm, sən məni daha sevmirsən”, “Bəlkə, başqası var?”, “Yaman dəyişmisən axır vaxtlar”. Çimərlikdə, restoranda, əriniz bir az mürgüləmək istəyəndə otel otağında bu söhbətləri edin.

7İstirahətə tək gedirsinizsə, necə olursa-olsun şəxsi həyatınızı qurmağı qarşınıza məqsəd qoyun. Yerinizə çatandan sonra növbəti dəfə əmin olursuz ki, kişi yoxdur. Olanlar da “öz samovarı” ilə gəlib. Qəlbinizə dəhşətli həsrət çökür. “Halqalanmamış nümunə” görən kimi bərk-bərk yapışın yaxasından. Hər yerdə onu təqib edin, həyatın mənasına dair ciddi söhbətlər edin, xoşbəxt gələcəyiniz haqqında danışın. Görsəniz ki, aradan çıxmaq istəyir, tapın və izah tələb edin: “Nə pisliyim dəyib sənə? Özümü necə aparım ki, sənə xoş olsun?” Ayrılarkən ünvanını, ev telefonunu və əbədi məhəbbətə and içməyini tələb edin.

8Məzuniyyətə tək getməyi sevmirsizsə, yol-yoldaşını kortəbii seçin. Yaxşı olar ki, qonaqlığın sonunda birdən-birə təklif edəsiniz: “Gəl, bir yerdə istirahətə gedək!” Tanışınız da sizin kimi əhlikef ya inadcıl olarsa, vaxtınızı “xoş” keçirmək fürsətiniz artır. Birdən o, “torağay” oldu və səhər saat altıdan sizi oyatdı ki, çimərlikdə yer tutasız. Ya da, əksinə, “bayquş” olub, səhərə qədər diskotekada onunla əylənməyi tələb etdi: “Necə yəni, bir yerdə gəlmişiksə, hər yerə də birlikdə getməliyik”.

9Hər səfərin dadını çıxarmağa çalışın: bütün ekskursiyalarda iştirak edin, hətta tarixi abidəyə qədər 40 dərəcə istidə bir saat piyada getməli olsanız belə. “Hər şey daxildir” deyə, doyunca yeyin-için. Hisə verilmiş quru balığa bənzəyənə qədər çimərlikdə qaralın.

10Məzuniyyəti əsaslı yır-yığışla başa vurun. Aeroportdan evə çatan kimi pəncərə yumağa, mebelin yerini dəyişməyə, paltar yumağa, silib-təmizləməyə başlayın. Sonra yorğun və əsəbi halda özünüzə “təsəlli” verin: istirahətimi pozmaq üçün əlimdən gələni etdim!


 42    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *