Bagla

Həkimdən soruş

Hekimden sorus







Qaraciyər xəstəlikləri

Qaraciyər xəstəlikləri son illər ərzində təbabətin çox mühüm bir probleminə çevrilmişdir. Bunların arasında – viruslu B, C və D hepatitləri, piyli hepatoz, autoimmune hepatit, müxtəlif məşəli qaraciyər sirrozları, qaraciyər xərçəngi və s. xəstəliklər nəzərə çarpır.

 

Qaraciyərdə hətta çox aktiv iltihabı proses getdikdə də, o, xəstəni bir o qədər narahat etmir və bu da xəstəliyin aşkarlanmasını çox çətinləşdirir.
Gəlin, əvvəlcədən viruslu hepatitlər barəsində danışaq.
Qaraciyərdə xəstəlik yaradan bir neçə virus məlumdur – A,B,C,D,E və s.
A və E viruslarının yoluxucu yolları – su və qida, çirkli əllərdir. Xroniki formaları müşahidə olunmur, nisbətən yüngül və fəsadsız keçir.
B virus hepatiti – əksər hallarda kəskin forma­da – sarılıq, qızdırma, ürəkbulanma, halsızlıq əlamətləri ilə başlayır və əksər hallarda ( 80-85%) öz-özünə sağalma ilə tamamlanır, lakin 15-20% hallarda xroniki formaya keçir. Xroniki viruslu B hepatitin yoluxucu yolları- cinsi əlaqələr və qan vasitəsidir. Uzun müddət çəkən xəstəlik adətən əlamətsiz, ya da zəif əlamətlərlə, tez yorulma, köp, halsızlıqla davam edir. 10-15 il ərzində qaraciyərdə fibrozlaşma nəticəsində qaraciyər sirrozu yaranır, daha gec mərhələlərdə isə sirrozun fonunda qaraciyər xərçəngi – karsinoma əmələ gəlir. Xəstəliyin yoluxmasından qorunmaq üçün vaxtında virusəleyhinə peyvənd vurulmalıdır.
Peyvənd tərtib olunan sxem ilə vurularkan uzun müddətli hətta ömürlük müdafiə yaranır. B viruslu hepatitin diaqnostikası çox mürəkkəb və vacibdir. Qanın ümumi və biokimyəvi analizi, zəncirvarı polimeraz reaksiya analizi, qarın nahiyəsinin ultrasəs müayinəsi və s. yoxlamalar diaqnozun dəqiq qoyulması üçün çox vacibdir.
Diaqnoz qoyulandan sonra xroniki virus­lu B hepatitinin müalicəsi təyin olunur. Beynəlxalq protokollarda məsləhət görülən dərmanlardan Azərbaycanda rəsmi qeydiyatdan keçilmiş dərmanlar- entekavir və tenofovirdir. Bunların təyinini yalnız qaraciyər mütəxəssisi müəyyənləşdirə bilər və müalicənin müddətini də fərdi olaraq hər bir xəstəyə təyin edə bilər. Müalicə uzunmüddətli (bəzən illərlə, və sirrozlu xəstələrdə- ömürlük) aparılır. Sağalma ehtimalı çox azdır, lakin aparılan müalicə hepatitin ağır fəsadlarının (qaraciyər sirrozu və karsinoması) qarşısını almağa qadirdir.
C virusu hepatitinə gəldikdə, bu virusun xüsüsiyyətləri B viruslu hepatitindən fərqlidir. B viruslu hepatiti hamilə qadından bətnindəki dölə keçmə ehtimalı yüksəkdirsə, C hepatiti isə anadan uşaqa keçməsi çox nadır hallarda (<1%) müşahidə olunur. Cinsi yol ilə yoluxma ehtimalı da çox zəifdir. Əsas yoluxma yolu – qan və qanla təmasda olan alətlərlə baş verir. C viruslu hepatitin diaqnostikası B viruslu hepatit kimi aparılır. Diaqnoz dəqiqləşəndən sonra xəstəyə müasir sxemlərlə müalicə seçilir və təyin olunur. Bu müalicə 85-90% xəstələrdə tam sağalma ilə nəticələnir.
Daha bir təhlükəli qaraciyər virusu D virusudur. Bu virus insan bədənindən sərbəst çoxala bilməz . Yalnız B viruslu xəstələrdə D hepatitinə yoluxma mümkündür. Yoluxma yolları da B virusunun yoluxma yolları kimidir- qan və cinsi əlaqələr. B virusuna qarşı peyvənd vurulursa bu D hepatitindən də bir dəfəlik qoruyur. D hepatiti B viruslu hepatit xəstələrində daha çox qısa müddətə ağır fəsadlarla tamamlanır – 5-6 il ərzində xəstədə qaraciyər sirrozu ya qaraciyər karsinoması inkişaf edir. D viruslu hepatitin müalicəsi hələ ki çox zəif nəticələnən müalicədir. Cəmi- 25-42% hallarda virusdan azad olmaq mümkündür. Bununla bağlı əvvəlcədən peyvənd vurulması və bu təhlükəli viruslardan qorunması daha vacibdir!
Qaraciyər piy xəstəliyi 2 böyük qrupa ayrılır: alkoqollu və qeyri-alkogol piylənmə. Qeyri-alko­qol qaraciyər piylənməsi – QAQP hal-hazırda inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindəndir. Bu xəstəliyin bir neçə mərhələsi var:
– qaraciyərin sadə piylənməsi;
– iltihabi steatohepatit, qaraciyər fibrozu və sirrozu;
– gepatosellular karsinoma.
Xəstəliyin əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqədardır.
Xəstəlik ilkin olaraq asimptomatik keçir, təsadüfən aşkar olunur və qaraciyər fermentlərinin qismən artması ilə özünü büruzə verir (ALT>AST).
Bəzi hallarda xəstələr ümumi zəiflik, tez yorulma, sağ qabırğaaltı nahiyyədə küt ağrılardan şikayətlənir.
Qaraciyər fermentləri bir qayda olaraq normadan artıq olur (ALT>AST). Xəstəliyin əsasında insulinrezistentlik sindromu yer tutur. İnsulinrezistentliyin dərəcəsini müəyyən etmək üçün HOMA-İR indeksini hesablamaq lazımdır. Normada bu göstərici 2 dən yuxarı olmamamalıdır. Homa-İR artan hallarda şəkərli diabetin yaranmasına meyillilik və qaraciyərdə piylənmənin əmələ gəlməsinə işarə edir.
Qeyri-alkoqol steatohepatit histoloji baxımdan fibrozla müşayiət olunan xəstəlik formasıdır və daha pis proqnoza malikdir, 15 il müddətində 11% qaraciyər sirrozuna keçə bilər.
Müalicənin əsası – pəhriz və fiziki aktivlikdir.
• Vit. E 800 Vahid/gündə qeyri-alkoqol qaraciyər piylənməsində histopatoloji yaxşılaşmaya səbəb olur;
• Hiperlipidemiya/Hipertriqliseridemiyalı xəstələrdə Omega-3 yağ turşusu ilkin seçim preparatıdır;
• Pioglitazone İnsulinə rezistent və biopsiya vasitəsi ilə təsdiqlənmiş QAQP xəstələrinə təyin oluna bilər;
• Xəstələrin bədən çəkisi pəhriz və idmanla korreksiyası çətin olduqda bariatrik cərrahiyyə daha məqsədəuyğundur;
• Əgər xəstədə dislipidemiya varsa statin preparatlarından istifadə edilə bilər;
• Regulyar bədən tərbiyyəsi – qaraciyər piylənməsiinin qarşısını almaqla bərabər, insulin rezistentliyini azaldır və əzələ kütləsini artırır. Hətta bədən çəkisi azalmasa bele regulyar bədən tərbiyyəsi qaraciyər piylənməsinin prognozunu yaxşılaşdırır;
• Ursodeoksixolik Acid istifadə oluna bilər.

QAQP olan xəstələr müntəzəm olaraq həkim nəzarətində olmalı və xəstəliyin klinik və laborator (ALT/AST, bilirubin, albumin,trombositlərin miqdarı ), progressiya əlamətləri, eyni zamanda xəstələrin şikayətləri ( tez yorulma, halsızlıq, assit və ensefalopatiya) vaxtında və düzgün qiymətləndirilməlidir.

Ümumilikdə, qaraciyər xəstəliklərin kliniki əlamətləri zəif olduğuna görə hər bir insan vaxt aşırı qaraciyərinin sağlamlığını və ya problemini müayinələr vasitəsi ilə yoxlamalıdır.

 

Gülnarə Ağayeva
Tibb elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan Qastreontoloq və Hepatoloqlar İctimai Birliyinin prezidenti,

Bakı Sağlamlıq Mərkəzi Qaraciyər Xəstəlikləri Mərkəzinin rəhbəri

 


 59    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *