Bagla

Həkimdən soruş

Hekimden sorus







Qış xolesterini

Qarlı, şaxtalı qış aylarında onsuz da zəifləyən orqanizmi arıqlamaq naminə ac qalmaqla və pəhrizlə üzmək qətiyyən olmaz. Qışda çəkinin artmasının səbəbi gün işığının azlığıdır. Gün işığının azlığından əhval-ruhiyyəyə cavabdeh olan serotonin hormonunun hasili azalır. Əhval aşağı düşür və orqanizm ləzzətli bir şey “tələb” edir, çünki bu “özünə gəlməyin” ən asan yollarından biridir. Bundan başqa, qışda bədənimiz enerjini qənaətlə sərf edir. Soyuq vaxtlarda qədim insana – ovçuya və yığıcıya çoxlu qida tapmaq çətin idi. Onun orqanizmi topladığı yağ ehtiyatını asta-asta xərcləyirdi. İndi qida bol və əlçatandır. Amma bioloji mexanizm eynidir. Bu səbəbdən, demək olar ki, bütün şimal ölkələrinin sakinləri qışda çəki artırır.

 

Artım çox olmasın deyə, rasiona yüngül düzəliş etmək lazımdır – əsəb gərginliyi və artıq emosiyalar olmadan. Qida arıqlamağa deyil, çəkinin və sağlamlığın normada saxlanılmasına yönəlməlidir. Qışda şirniyyatsız keçinmək çətindir – qoy, süfrənizdə şirin çərəz olsun. Amma az kalorili – pastila, zefir, marmelad. Soyuq havada çox yağlı, qızardılmış yeməklər yeməyin. Amma sıyığa bir parça kərə yağı qatmaq və ya 2-3 gündə bir dəfə quyruq yağı ilə buterbrod yemək, hətta faydalıdır. Həm əhvalınız xoş olacaq, həm çəkiniz qaydasında qalacaq. Yarmaları unutmayın. Yarma toxluq hissi yaradır, insanı doydurur, üşüməyə qoymur və qüvvət verir.
Vacibdir ki, orqanizm kifayət qədər vitamin alsın. Vitamin azlığı çox yeməyə sövq edir. Təbii ki, bu da arıqlamağa şərait yaratmır. Tərəvəz, turş kələm, meyvə qida çeşidinə mütləq daxil olmalıdır. Qışda təzə sıxılmış sitrus meyvəsi içmək çox faydalıdır. Lazım gəldikdə vitamin kompleksləri qəbul edin. Yaxşı olar ki, tərkibində A, C və D vitaminləri olsun.

 

Qışda yaranan dəri problemləri bir neçə vitaminlərin, xüsusən, B2, B5 və B6 vitaminlərin çatışmazlığından irəli gəlir. Orqanizmi B qrup vitaminləri ilə təmin etmək üçün gündəlik qidaya doğranılmamış yarmalar və 100q kəsmik əlavə etmək lazımdır. Həftədə bir neçə dəfə mal əti, qaraciyər və yumurta yemək lazımdır. Bu məhsulların tərkibindəki A vitamini dərini qurumağa qoymur.

 

Bitki yağlarına geniş yer ayırın. Onların tərkibindəki E vitamini dərinin sağlamlığı, parlaqlığı üçün zəruridir. Limon, turş kələm və soğan da əlavə etsəniz, özünüzü C vitamini ilə təmin edərsiniz. Problem bununla da həll olun­mursa, daha güclü “artil­leriyaya” üz tutun – vitamin preparatları qəbul edin. Amma bu halda A vitamini preparatına görə ehtiyatlı olun, çünki dozası aşılanda bu vitamin toksiki təsirlidir. Yetkin yaşlı insana sutkada 900 mkq-dan artıq A vitamini vermək olmaz.
Daha bir faydalı məhsulu – balıq yağını rasiona daxil etmək məsləhətdir. Balıq yağı immuniteti canlandırır. Omeqa-3 polidoymamış yağlı turşuların mənbəyidir. Bu maddələr iltihabı aradan qaldırır, mütəmadi qəbul edildikdə isə qanda normal xoles­terin səviyyəsini saxlayır, aterosklerozun və hipertoniyanın qarşısını alır. Balıq yağı emosional fona müsbət təsir edir və depressiyadan çıxarır.

 

Omeqa-3 turşuları beyin fəaliyyəti və oynaqların sağlamlığı üçün faydalıdır. A və D vitaminləri hesabına görmə qabiliyyəti və dəriyə yaxşı təsir edir. Təbii ki, faydalı yağlar təkcə balıq yağının tərkibində yox, həm də kətan yağında var.
Amma “dəniz” məhsulunda həm də D vitamini var ki, qışda ona olan tələbat daha çoxdur. Kətan yağında D vitamini yoxdur. Siyənək, somğa, forel kimi yağlı balıq növlərində həm omeqa-3, həm də D vitamini var.

 

Qışda səhərlər yuxudan oyanmaq çətindir, gün ərzində də yatmaq ehtiyacı böyükdür. Bunun bir neçə səbəbi var. Əvvəla, soyuq mövsümdə havada oksigenin miqdarı azalır. Təbii ki, bütün orqanlar, o cümlədən beyinin də oksigen təchizatı azalır. Bizi yuxu basır. Yuxunu qaçırmaq üçün orqanizmi hər gün dəmirlə qidalandırmaq lazımdır. Bu, oksigeni toxumalara çatdıran hemoq­lobinin hasili üçün vacibdir. Hüceyrə tənəffüsü yaxşılaşan kimi yatmaq ehtiyacı da keçir.
Yetkin yaşlı qadınlara sutkada 18 mq dəmir lazımdır. Bu tələbatı ödəmək üçün 200q mal qaraciyəri yemək kifayətdir. Qırmızı ət və yumurta sarısında da çoxlu dəmir var. Həftədə ən azı iki dəfə onlardan istifadə etmək lazımdır.

 

Daha bir səbəb – rasionda karbohidratların az olmasıdır. Şirniyyatdan alınan şəkər mədədə tez sorulur və qanda qlükozanın səviyyəsi artır. Bunun sayəsində özümüzü gümrah hiss edirik. Amma təəssüf ki, bu təsir uzun çəkmir. Təxminən bir saatdan sonra qlükozanın səviyyəsi azalır, yenidən yorğunluq başlayır. Belə olmasın deyə, şokoladı qarabaşaq və yulaf yarması ilə əvəz etmək lazımdır. Qışda bu və digər növ yarmalar rasionun əsasını təşkil etməlidir.
Qəhvədən imtina edin – tez-tez içiləndə o, sinir sistemini üzür, yorğunluq daha da artır. Qışda vitaminli içkilər içmək faydalıdır – itburnu dəmləməsi, karkade çayı, giləmeyvəli mors, yaxud sadəcə bir dilim limonla su. Bütün bu tədbirlər qışda orqanizmi canlandırır, demək, süstlükdən fəallığa aparır.


 30    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *