İsti yay aylarında vətəndaşlarımızın təcili tibbi yardım şöbələrinə ən çox müraciətləri arasında günvurma da vardır. Çünki yay aylarında gündüz saatlarında 12:00-dan 17:00-dək olan zaman kəsiyi günəşin ən aktiv vaxtları hesab olunur. Bu zaman insanlarımız uzunmüddətli günəş şüalarına məruz qalarsa, ultrabənövşəyi şüalar başa və bədənə bilavasitə təsir göstərərək təkcə bədəni isitmir, eyni zamanda, qan-damar və limfa sistemini genişləndirərək beyin toxumasını da zədələyir. Nəticədə orqanizmdə su-duz mübadiləsi, həm baş-beyin qan dövranı, həm də ümumi qan dövranı pozulur. Halsızlıq, süstlük, ürəkblanma, qusma hallarıyla başlayaraq ürək tutması, ürəyin ritm pozğunluğu, insult, koma kimi təhlükəli hallara gətirib çıxara bilir.
İnsan bədəni yüksək temperaturlara dözmək qabiliyyətinə malik olsa da bədənin effektiv fəaliyyəti üçün bədən temperaturu sabit qalmalıdır. Normal bədən hərarəti 36,1–36,9 C0 dərəcə hesab olunur. Rütubət, isti iqlim şəraiti, geyim, fiziki aktivlik, yaş, şəxsi sağlamlıq, infeksiya və s., xəstəliklər bədən temperaturunun dəyişməsinə səbəb olur.
İstilik nəticəsində orqanizmin bütün sistemlərinin fəaliyyəti zəifləyir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. Nəticədə su-duz mübadiləsi pozulur, dövr edən qanın həcmi kəskin azalır. Bədəndə mayenin həcmi azaldıqda tərləmə dayanır və bədən özünü lazımi qədər soyuda bilmir (termorequlyasiya pozulur). Bədənin hərarəti tezliklə elə bir həddə qalxır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayır.
GÜNVURMANIN DƏRƏCƏLƏRİ:
Yüngül dərəcə – başağrısı, ürəkbulanma, ümumi zəiflik, ürək döyüntünün artmasıyla özünü biruzə verir.
Orta ağır dərəcə – qusma, şiddətli başağrıları, süstlük, eşitmədə pozuntular və tormozlanma halları əmələ gəlir.
Ağır dərəcə – sayıqlama, hallüsinasiya, qıcolma, huşun itməsi, 40C0-41C0 hərarətin yüksəlməsi simptomlarıyla meydana çıxır.
KİMLƏR RİSK QRUPUNA AİDDİR?
Əsasən körpə u.aqlar, 65yaşdan yuxarı insanlar, xroniki ürək-damar və nevroloji xəstəlikləri olan insanlar, hamilə qadınlar və artıq çəkidən əziyyət çəkən şəxslər risk qrupuna aiddirlər.
HƏKİMƏ QƏDƏR TİBBİ YARDIM
Günvurmadan zərər görmüş istənilən şəxsə dərhal tibbi yardım göstərilməlidir. Bunun üçün ilk növbədə zərərçəkmiş şəxsi tez bir zamanda sərin və kölgə olan bir məkana keçirmək lazımdır. Otaqda optimal rütübət təmin olunmalıdır. Mümkün qədər oksigen alması üçün şərait yaradılmalıdır. Bunun üçün xəstəni üst geyimdən xilas etmək lazımdır. Məqsəd, boyunda və sinədə hər hansı bir sıxıcı geyimin olmamasını təmin etməkdir. İçə bilirsə pasientə mütləq sərin mineral su içizdirlməlidir. Çünki su-duz mübadiləsi pozulduğu üçün nə qədər çox mineral su qəbul olunarsa prosesin bərpası bir o qədər tezləşəcək. Sərin suya batırılmış dəsmal və bintlərlə zərərçəkmiş insanın alın, boyun, qoltuqaltı və bilək hissələrinə kompresslər qoyulmalıdır. Hər an qusma refleksinin ola biləcəyini nəzərə alaraq xəstəni sağ və ya sol yanı üstə uzatmaq lazımdır. Həkimə qədər olan ilkin tibbi yardım göstərildikdən sonra mütləq təcili tibbi yardım briqadası çağırılmalı və xəstə müvafiq şöbəyə hospitalizə olunmalıdır.
Günvurmadan qorunmaq üçün profilaktik tədbirlər olaraq yay aylarında mümkün olduğu qədər gündüz saatlarında 12:00-dan 17:00-a qədər günəş şüaları altında olmamaq lazımdır. Əgər məcburiyyət yaranarsa mütləq qaydada papaqlardan və açıq rəngli, pambıq materiallı geyimlərdən istifadə etmək lazımdır. Ən vacibi isə hər bir saatda 150-200ml su tükətmək tövsiyyə olunur.
Bir cavab yazın