Bagla

Həkimdən soruş

Hekimden sorus







Qocalmanın qarşısını almaqla infarkta qalib gəlmək olacaq – dünyada yenilik!

 

Müsahibimiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututunun direktoru Gülnaz Dadaşovadır.

 

– Son illər bütün dünyada “biohacking”, “anti-aging” və uzunömürlülük haqqında çox danışılır. Bu, sadəcə dəbdirmi, yoxsa həqiqətən tibdə yeni mərhələ başlayır?
– Əslində mən bu mövzuya “biohacking” kimi yox, qocalmanın biologiyası baxımından yanaşıram. Bu gün dünyanın aparıcı elmi mərkəzlərində çox mühüm bir fikir formalaşıb. Yaşlanma təkcə zamanın keçməsi deyil, bioloji prosesdir.

 

Əgər həmin prosesləri daha yaxşı anlaya bilsək, onların sürətini dəyişmək və bununla da yaşla əlaqəli xəstəliklərin riskini azaltmaq mümkün ola bilər. Bu istiqamət artıq dünyanın aparıcı elmi mərkəzlərində intensiv şəkildə araşdırılır və müasir tibbin perspektivli elmi tədqiqat sahələrindən biri hesab olunur.

 

– Dünyada hansı yeniliklər bu istiqamətin real olduğunu göstərir?
– Son illərdə qocalmanın molekulyar mexanizmləri üzrə aparılan tədqiqatlar sürətlənib.

 

Hazırda dünyada qocalmanın bioloji mexanizmlərinə təsir göstərə biləcək müxtəlif eksperimental gen terapiyaları və digər innovativ yanaşmalar üzrə erkən mərhələli klinik tədqiqatlar aparılır. Bu tədqiqatların məqsədi qocalmanı “dayandırmaq” deyil, müəyyən toxumalarda hüceyrə funksiyasının bərpasının mümkün olub-olmadığını öyrənməkdir. İlk araşdırmalar müxtəlif istiqamətlərdə, o cümlədən göz xəstəlikləri sahəsində aparılır.

 

Bu çox vacib məqamdır. Çünki əgər gələcəkdə bu yanaşmaların təhlükəsizliyi və effektivliyi geniş klinik tədqiqatlarla təsdiqlənərsə, onların müxtəlif orqan sistemlərinin, o cümlədən ürək-damar xəstəliklərinin müalicəsində tətbiqi imkanları araşdırıla bilər.

 

Bu gün bu texnologiyaların geniş klinik tətbiqindən danışmaq tezdir. Lakin bu istiqamətdə aparılan elmi tədqiqatlar gələcək üçün ümidverici perspektivlər formalaşdırır.

 

– İnsanlar bu gün bu məlumatlardan hansı nəticəni çıxarmalıdır?

– Ən böyük səhv odur ki, insanlar gələcəyin texnologiyalarını gözləyərək bugünkü sağlamlıqlarını unudurlar. Ən güclü “anti-aging” vasitələri hələ də elmin çoxdan sübut etdiyi amillərdir:
arterial təzyiqin nəzarətdə saxlanılması;
– xolesterinin düzgün qiymətləndirilməsi və lazım olduqda müalicəsi;
– fiziki aktivlik;
– keyfiyyətli yuxu;
– siqaretdən uzaq durmaq;
– sağlam qidalanma.

 

Bunlar ürəyin bioloji yaşına təsir edən ən güclü faktorlardır. Yəni bu gün hər bir insanın sağlam həyat tərzi seçməsi gələcəkdə tətbiq oluna biləcək innovativ texnologiyalardan daha az əhəmiyyət daşımır.


 482    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *