Bagla

Həkimdən soruş

Hekimden sorus







“Asan” doğuşun çətinlikləri

Bu gün avropalı qadınların yarıdan çoxu keysəriyyə əməliyyatı yolu ilə doğuşdan azad olur. Rəqəmlər doğrudan da qorxuncdur – müasir qadınların yarısı özü doğmur. Niyə belədir? Bu, dövrümüzün əlamətidir. Qadınların həyata baxışı, seçimi, düşüncə tərzi dəyişib. İlk yerə maddi tələbat, peşə nailiyyətləri çıxıb. Analıq ins­tinkti arxaya keçib. Hamiləlik 30-35 və daha gec yaşlara keçirilir. Bu yaşlarda isə qadının bir sıra xroniki xəstəlikləri olur ki, bu da özü-özlüyündə hamiləlik və doğuşu çətinləşdirir. 35 yaşdan sonra dölün də xromosom xəstəlikləri ehtimalı artır.

 

Bütün bu fəsadlar köməkçi reproduktiv texnologiyaların gur inkişafına səbəb oldu: EKM, İKSİ, surroqat analıq və sonsuzluğun başqa müalicə üsulları.İnsanlıq baxımından bu savab, xeyirxah işdir. Həkimlər bir çox cütlüklərə tamamlanmış ailə səadəti, övlad səadəti yaşadır. Digər tərəfədən, anlamaq lazımdır ki, köməkçi üsullar xüsusi, mürəkkəb hallarda tətbiq edilir. Onlar bütün problemləri həll etmir və bu qadınlar risk qrupuna daxildir. Hamiləlik və doğuş zamanı onlar müəyyən fəsadlarla üzləşə bilər.
EKM keçirmiş pasiyentlər arasında keysəriyyə əməliyyatı halları daha geniş yayılmışdır.
Bu gün bətndaxili diaqnostika elə bir səviyyəyə çatıb ki, sağlamlıqla bağlı olan problemlərin çoxu hələ uşaq doğulmazdan əvvəl təyin edilir. Bəzi hallarda körpənin sağlamlığı naminə təbii doğuş deyil, əməliyyatın aparılması yaxşıdır.
Bu, qaçılmaz səbəblərdir. Amma keysəriyyə əməliyyatlarının durmadan artan sayı narahat etməyə bilməz.
Əməliyyata göstərişlər artır, o cümlədən qadının iradəsi ilə. Bu, qətiyyən yolverilməzdir. Nə qədər olsa da, keysəriyyə kəsiyi cərrahi əməliyyatdır. Başqa əməliyyatlar kimi, göstəriş və əks-göstərişləri var. Bu əməliyyatın əsassız aparılması nəticəsində anada müxtəlif ciddi fəsadların yaranması halları məlumdur. Nədənsə asan doğuş ardınca qaçanda bunu unuduruq. Keysəriyyə əməliyyatının təbiətən qeyri-fizioloji olduğunu da.
İnsan Beyini institutu ilə birlikdə dünyaya keysəriyyə kəsiyi yolu ilə gələn uşaqların maraqlı tədqiqatı aparılmışdır. Təcrübə qüsursuz keçsin deyə, qabaqcadan sağlam “keysərilər” seçilmişdir. Nəticələr təəccüb doğurdu.
Zahiri sağlamlıq və ciddi ruhi pozuntuların olmamasına baxmayaraq, bu uşaqları problemsiz adlandırmaq olmaz. Demək olar ki, onların hamısında müəyyən psixoloji çətinliklər mövcud idi.
Bu uşaqlar sonradan cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir, natamamlıq kompleksi yaşayır, özünə və gələcəyinə inamsız böyüyür, çətinliklərə və müstəqil qərar qəbul etməyə hazır olmur. Bir sözlə, həyata davamsız olurlar.
Ola bilsin ki, bəzi hallarda nəticəyə xasiyyət təsir etmişdir. Amma bu, qaydadan çox, istisna haldır. Çünki söhbət təsadüfi hallardan deyil, çoxsaylı müşahidələrdən gedir. Doğuşla əlaqə birbaşadır.
Dünyaya gəlmək üçün insan çətin bir yol qət etməlidir: çağırış, təkan, maneələr, dar məkandan zəfərlə çıxış. Yalnız bu proseslərin mövcudluğu şəxsiyyətin formalaşmasına şərait yaradır. Keysəriyyə əməliyyatı insanı misilsiz “doğulma təcrübəsindən” məhrum edir.
Əlbəttə, bəzi hallarda seçimə yer qalmır. Keysəriyyə əməliyyatı əzəldən elə doğuşa “təcili yardım” kimi düşünülmüşdür.
Amma klassik mamaçalıq əsasları məhz təcrübəyə, peşəkarlığa və bacarığa güvənməyi çağırır.
Əgər “təcavüzlü” doğuş qaçılmazdırsa, onu mümkün qədər təbii şəraitə uyğunlaşdırmaq lazımdır. Əməliyyat aparılarkən bir sıra qaydalar gözlənilməlidir. Döl əməliyyat başladıqdan 5-7 dəqiqə sonra çıxarılmalıdır. Yeddi dəqiqə körpənin doğuş yollarının son mərhələsini keçdiyi ən münasib müddətdir. Bu müddət ərzində həyat fəaliyyətinin əsas prosesləri işə düşür, o cümlədən ürək-damar və tənəffüs mərkəzləri.
Keysəriyyə əməliyyatından sonra uşaqlıq üzərində əmələ gələn çapıq doğuşun normal keçməsinə mane ola bilər. Yerli qan dövranının pozulması və əzələ zəifliyi uşaqlığın yığılma qabiliyyətini zəiflədir, bu isə, öz növbəsində, uşaqlığın cırılması ilə nəticələnə bilər.
Xoşbəxtlikdən, bu həmişə belə olmur. Bəzi qadınlar çapıqla da sərbəst doğuşa gedə bilər. Amma buna qabaqcadan hazırlaşmaq lazımdır. Çapığın vəziyyəti USM ilə qiymətləndirilməli, xüsusi müalicə kursu və psixoloji hazırlıq aparılmalıdır.
Belə qadınlar ixtisaslaşmış klinikalarda və doğum evlərində doğmalıdır. Çünki uşaqlıq çapığı ilə keçən doğuşlar mamaçalardan xüsusi hazırlıq tələb edir.
Ağrısızlaşdırma üsuluna gəldikdə, seçim fərdi qaydada aparılır. Ümumiyyətlə, üstünlük regionar ağrısızlaşdırmaya verilir – epidural, onurğa, yaxud epidural-onurğa anesteziyası. Bu, düzgün yanaşmadır, çünki bu halda fəsadların sayı 7-8 dəfə azdır, nəinki, ümumi narkoz şəraitində. Mənfi təsirlər də azdır, qadın özündədir, xoşagəlməz postnarkoz vəziyyət yaşanmır. Bu üsuldan vaxtından əvvəl doğuş zamanı da istifadə etmək olar. Amma regionar anesteziyanın da məhdudiyyətləri var – qanın laxtalanma pozuntuları, iltihabi proseslər, dərman allergiyası, qıcolma sindromu, ciftin vaxtındanəvvəl ayrılması.
Keysəriyyə əməliyyatı zamanı antibiotiklərin istifadəsi müzakirə olunmur. Əməliyyatdansonrakı fəsadları azaltmaq üçün onlar birmənalı şəkildə lazımdır.
Amma vaxt və müddət yanaşması dəyişməlidir. Əvvəl antibiotiklər əməliyyatdan sonra 5-7-ci gün təyin edilirdisə, indi sübut olunub ki, əməliyyat yarasının yoluxması artıq əməliyyatın sonunda başlayır. Ən təhlükəli dövr isə birinci saatdır. Odur ki, antibiotik bir dəfə əməliyyat zamanı vurulur. Əməliyyatdan sonra antibiotikin vurulması o halda davam edir ki, qadın tam müayinə olunmayıb, yaxud iltihabi xəstəlikləri var. Körpə üçün heç bir təhlükə yoxdur. Göbəkbağı kəsildikdən sonra onsuz da anaya antibiotik vurulur.
Doğuş – təbii fizioloji prosesdir. Həkimin vəzifəsi bu çətin anda qadına kömək etməkdir. Kömək etmək, onun əvəzinə doğmaq yox. Əks halda, problemlər artacaq.


 51    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *