Bagla

Həkimdən soruş

Hekimden sorus







Səhiyyə Nazirliyi və nazirliyin Kardiologiya İnstitutu tərəfindən Zəngilan və Cəbrayıl rayonlarında əhali üçün kardioloji müayinələr təşkil edilib – VİDEO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleksli tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir mayın 8-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib. Həmçinin, İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.
Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.
Aksiya zamanı Ağalı kəndində 250-ə yaxın, Cocuq Mərcanlı kəndində isə 150-dən artıq vətəndaş müayinələrdən keçirilib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
İnstitutun direktoru, professor Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edib. Direktorun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri hazırlanır. Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə aparılan müayinələr xüsusi əhəmiyyət kəsb edir və əldə olunan nəticələr milli registrə əlavə olunacaq. Registrin yaradılması respublikada ürək-damar sistemi xəstəliklərinin qarşısını almağa, erkən diaqnostika və statistik araşdırılmasına imkan və bu artımın azaltmağa zəmin yaranacaq.

 430    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *