

Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən dahi şəxsiyyət Heydər Əliyevin tarixdəki yeri misilsizdir. Bu il Ümummilli Liderin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.


Ümummilli Liderin 100-cü ildönümü ölkəmizin hər yerində təntənəli qeyd olunur. Belə ki, mayın 5-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın işində tanınmış yerli mütəxəssislərlə yanaşı Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, Çexiya, Avstriya və İtaliyadan alim və mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər.


İlk olaraq tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. O, çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirdi ki, hər bir xalqın taleyində dönüş yaratmağı bacaran bir ya iki insan olur ya olmur: “Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır”.
Nazir müavini qeyd etdi ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib.
Çıxışının sonunda nazir müavini konfransın işinə uğurlar arzulayıb.

ADHTİ-nin rektoru professor Nazim Qasımov çıxış edərək Ulu Öndərin tibb kadrlarının hazırlanmasında, diplomdansonrakı tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitunun inkişafındakı əvəzolunmaz rolunu vurğulayıb.

Öz çıxışında Yasamal rayon icra başçısı Elşad Həsənov ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişaf və tərəqqəsində əvəzolunmaz rolunu vurğuladı.

Milli Məclisin deputatı İlham Məmmədov Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasında, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğunu qeyd edib.



Konfransın işində iştirak edən türkiyəli alimlər – Ümumdünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Hacəttəpə Universitetinin professoru Metin Önerçi və Türkiyə Cumhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrin olmasından söz açdılar. Qeyd edildi ki, səhiyyə sahəsində bu əlaqələrin təcəssümü çoxsaylı azərbaycanlı gənclərin Türkiyənin qabaqcıl universitetlərinin tibb fakultələrində təhsil almaları, əldə etdikləri müasir təcrübəni vətənə qayıdaraq iş yerlərində tətbiq etməklə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdir.
Amerika Ailə Həkimləri Assosiyasiyasının üzvü, professor Stiv Stoun Haus Heydər Əliyevin xalqlarımız arasında dostluq əlaqələrinin yaranmasında mühüm rol oynadığını vurğuladı.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Beynəlxalq elmi-praktik konfrans öz işini panel iclaslarla davam etdirib. Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə, eyni zamanda tibb elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.
Bir cavab yazın