Bagla

Həkimdən soruş

Hekimden sorus







Səhv ayaqqabı uşağın ayaq sağlamlığını poza bilər

 

“Hər gün eyni ayaqqabını geyinmək ayaq sağlamlığına zərərdir.” Ortopediya və travmatologiya üzrə mütəxəssislər məktəb yaşlı uşaqların eyni ayaqqabını iki gün ardıcıl geyinməmələrini tövsiyə edirlər.

 

Şagirdlərin ayaqları gün ərzində ayaqqabı ilə uzun müddət təmasda olur və eyni ayaqqabının hər gün geyinilməsi ayaq problemlərinin yaranmasına səbəb olur.

Məktəbə gedən uşağın ən azı iki cüt ayaqqabısı olmalıdır. Çünki eyni ayaqqabının hər gün geyinilməsi düzgün deyil. Hər gün ardıcıl geyinilən ayaqqabı ayaqda havasızlığa səbəb olur ki, o da öz növbəsində ayaqqabının içində yaranan bakteriya və göbələk infeksiyaları sayının çoxalmasına gətirib çıxarır. Həmçinin ayaqqabı ilə uzun müddət təmas zamanı ayaqlar şişdiyi üçün ayaqqabı da formasını itirir və tez sıradan çıxır.

 

Dabanlı ayaqqabıları seçin

Uşağın geydiyi ayaqqabı döşəmə ilə birbaşa təmasda olmamalıdır. Bu mənada daban dəstəyi mütləq  şərtdir:  Klassik olaraq, 5 sm və ya 2,5 sm daban olmalıdır. Bu hündürlük içində bir dayağın da olması vacib şərtdir. Bu mənada  dəyirmi və geniş dəstək idealdır. Uşağın sola və sağa dönməsini əngəlləmək üçün daxili dəstək, ayağın altındakı daban boyu isə ayağın elastikliyinin təmin edilməsi üçün lazımdır. Ayaqqabının ön hissəsinin genişliyi barmaqlarda zahiri problemə yol açmayacaq biçimdə olmalıdır.

 

 

Ayaqqabı iki günlük növbə ilə geyinilməlidir

Əlbəttə, bu, ayaqqabı sayına görə hər gün, gün aşırı da ola bilər. Bir gün birini, digər gün o birini geyinmək lazımdır. Həm sağlamlıq, həm rahatlıq, həm də ayaq gigiyenası üçün evə gələn kimi ayaqqabıları çıxarmaq, ayaqları yuyub vanna etmək, ayaqları və ayaqqabıları havalandırmaq lazımdır.

 

Ayaqqabıları sınadıqdan sonra alın

Uşağa ayaqqabı alarkən onu mütləq  geydirib sınaqdan keçirin. Uşağın hər iki ayağı eyni ölçüdə olmaya bilər, hər hansı basma nöqtəsində narahatlıq ola bilər. Ona görə də satın almamışdan öncə ayaqqabının hər iki cütünü geydirib yoxlayın. Ayaqqabı alarkən ön hissədən təxminən bir barmaq boşluğun olmasına diqqət edin. Əgər ayaqqabının ön tərəfdən boşluğu yetəri qədər deyilsə, uşaqlarda dırnaq forması pozular, dırnaq batması ya da infeksiyaları yaranar.

 

 

Səhv ayaqqabı ayaq problemlərinə səbəb olur

Əgər uşağın ayağında basma qüsuru varsa, ayaqqabı alarkən bu özəlliyi nəzərə almayıb dəstəksiz bir ayaqqabı alındığında uşaq ayağını iç, yaxud çöl tərəfə basmağa davam edəcək.

Böyümə dövründə uşaqlarda böyümə qığırdaqlarında ağrılar olur. Daban ağrısı isə ən çox rastlanan ağrılardandır. Əgər uşaq daban dəstəyi yetərsiz ayaqqabı geyinərsə, xüsusilə də 8-18 yaş dövründə  daban ağrısı şikayəti meydana gələr. Bu, keyfiyyətsiz ayaqqabı istifadəsi ilə əlaqədardır.

 

Uşaqlar ən çox daban ağrısından şikayət edirlər

Böyümə qığırdaqları açıq uşaqlar daim hərəkətdə olduqları üçün əsas yük dabanların üzərinə düşür. Əgər keyfiyyətli ayaqqabı istifadə edilməzsə, daban ağrısı ən çox rastlanan problemə çevrilir. İkinci ən çox rastlanan problem yastıpəncəlikdir (ayağın alt hissəsinin düzləşməsi zamanı yaranan vəziyyət). Əgər uşağın ayağında yastıpəncəlik varsa və buna uyğun ayaqqabı alınmayıbsa, uşaqlarda ayağı içə, yaxud çölə basma və bununla əlaqədar ayaqda deformasiyaların ortaya çıxması qaçılmazdır. Ona görə də uşaqlara ayaqqabı almazdan öncə ortopedik müayinədən keçib ayaq quruluşunu öyrənin ki, ayaqqabı alarkən bu göstəriciləri nəzərə alasınız.

 

 

DİQQƏT!

– Uşaq idman edərkən geyindiyi idman ayaqqabısını gündəlik həyatda geyinməməlidir.
– Ayaqqabılar idman növünə uyğun seçilməlidir.

– Voleybol və basketbol kimi idman növlərində qalın və yumşaq dabanlı ayaqqabılar, tennis və qaçış idman növlərində isə daban ətrafı sərt materialdan hazırlanmış ayaqqabıların istifadəsi çox önəmlidir.
– Uşaqlara ayaqqabı alarkən onun ön tərəfdən bir barmaq boşluğunun olmasını nəzərə alın, belə ki, uşaqlar çox sürətli böyüdükləri üçün sizə boşluq kimi görünən nahiyə bir neçə aya tam yerinə oturacaqdır. Odur ki, bir müddət sonra ayaqqabının uşağın ayağını sıxmasını istəmirsinizsə, bu nüansı unutmayın.


 73    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *