Bagla

Həkimdən soruş

Hekimden sorus







Salerno məktəbi və Salerno sağlamlıq kodeksi – orta əsr tibb və əczaçılıq abidələri

IX yüzillikdən etibarən Pestan körfəzinin (Kampaniya) dərinliklərində yerləşən Salerno uzun müddət Şərqin bir çox ticarət yollarının kəsişməsində yerləşən roma istehkamı olub.

 

Artıq IX yüzillikdə Salernoda xəstələri müalicə etməklə yanaşı, təbibliyi də öyrədən həkimlər korporasiyası mövcud idi. Yaranmış tibb məktəbi praktiki həkimlər məktəbi kimi formalaşır. Salern həkim məktəbi antik təbabət keşikçisi idi. Onu “civitas Hippocratica” (Hippokrat ünsiyyəti) adlandırırdılar.

 

IX–XI əsrlərdə Salernoda praktiki təbabət əsərləri yaradılıb: 60 reseptdən ibarət “Antidotariy”, “Passio­nariy” – müxtəlif xəstəliklərin diaqnostikası üzrə praktiki rəhbərlik. XII əsrdə Salernoda “De aegritudinum curatione” (“Xəstəliklərin müalicəsi haqqında”) adlı fundamental traktat yaradılmışdır ki, “başdan ayağa” o zaman məlum olan bütün xəstəliklərin müalicəsi haqqında bəhs edirdi. Xarakterinə görə, orijinal və yeni olan bir əsər “De adventu medici ad aegrotum” (“Həkimin xəstəyə baş çəkməsi”) geniş populyarlıq qazanmışdır.

 

Salerno məktəbinin ən yaxşı əsərlərinin siyahısı XII əsrin ortalarında tərtib edilmiş Breslavl kodeksi­dir. XII əsr Salernonun çiçəklənmə dövrüdür. İmperator II Fridrix (1212 – 1250) Salerno məktəbinə həkim adı vermək üçün müstəsna hüquq verir və bu məktəbin müvafiq lisenziyası olmadan tibb təcrübəsi ilə məşğul olmağı qadağan edir. Təhsil beş il davam edir, sonra bir il mütləq praktiki işlə məşğul olmaq lazım idi. Təhsildən qabaq üçillik hazırlıq kursu keçilirdi. Salerno bütün Avropanın məşhur tibb mərkəzinə çevrilir.

 

XIII əsrin əvvəlində zəmanəsinin adətinə uyğun şerlə yazılmış “Flos medicinae” əsəri yaradılır, yəni “Təbibliyin rəngi”. Ən müxtəlif məsələlər, o cümlədən həkimin necə olması, tibbin nəyə xidmət etməsi, yoluxma nəzəriyyəsi burada öz əksini tapır.

 

Didaktik poeziya ən qədim antik ədəbiyyat janrlarından biridir. Onun mənşəyi Gesioda (VIII–VII ə. e.ə.), sağlamlığa dair tövsiyələr verən “İşlər və günlər” poemasının müəllifinə çıxır. Tibbi didaktikanın poetik forma alması təsadüfi deyil. Bu, təkcə qədim ənənə deyil, belə ki, poeziya dilində verilən tibbi tövsiyələr daha yaxşı qavranılır və yaddaşa həkk olunur.

 


1480-ci ildə Villanovalı Arnoldun müəllifi olduğu məşhur “Salerno sağlamlıq kodeksi” adlı əsəri işıq üzü görür. Salerno tibb məktəbi XIX əsrin ortalarına qədər mövcud oldu, amma “Salerno sağlamlıq kodeksi” onun ən yaxşı abidəsi kimi qaldı.

 

İlk fəsillərində dietik-gigiyenik vərdişlər təsvir olunur, müxtəlif qida məhsullarının, bitkilərin, barların keyfiyyətləri və müalicəvi təsiri ətraflı izah olunur.
Bu tövsiyələrdən bəziləri:
– Qayğıların ağırlığına əyilmə və əsəbiləşməyi özünə layiq bilmə;
– Sadə nahar et, şərabları unut, yeməkdən sonra oyaq qalmağı faydasız bilmə;
– Sidiyi çox saxlama, bağırsağını gücə salma;
– Bunlara diqqət et, çox yaşa;
– Həkim çatmırsa, qoy həkimin üçü olsun: xoş xasiyyət, rahatlıq və qədərində yemək;
– Yuxudan oyan, gözlərini və əllərini soyuq su ilə yu, bir az gəziş, dartın, əzaların açılışsın; telini dara, dişlərini yu;
– Vanna al, yeməkdən sonra gəziş ya ayaq üstə qal;
– Soyuqdan qorun;
– Bulaq suyu, göy otlaq gözlərin təsəllisidir – səhərlər dağları seyr et, axşamlar – suları;
– Günorta yuxusunu qısa et – baş ağrısı, boğaz ağrısı, zəifliyi alacaqsan əvəzində.
– Yelin əsməsi dörd azar gətirir: sancı, spazm, su yığılması, başgicəllənməsi.

 

Bir çox tövsiyələr qidaya aiddir:
– bol şam yeməyi mədəmizə xeyir vermir;
– yaxşı yatmaq üçün yuxudan qabaq çox yemə;
– mədən boş deyilsə, süfrəyə oturma;
-şaftalı, alma, armud, pendir növləri, süd, maral əti, keçi əti, dovşan əti, öküz əti – bunlar qara ödü oyadır və xəstələrə zərərdir;
– təzə yumurta, tünd şərab, yağlı şorba, narın un çörəyi bədəni qüvvətləndirir;
– təzə pendir, süd və buğda doydurur və cana gətirir.

 

Salernalı həkimlərin şərablara dair tövsiyələri:
“Şərablar dadına, ətrinə, parıltısına və rənginə görə qiymətlidir. Yaxşı şərabın beş əlaməti var: tündlüyü, görünüşü, ətri, soyuqluğu və təravəti, əlbəttə. Şirin ağ şərablar başqalarından qidalıdır. Əgər qırmızı şərabı çox içsən, qarnın bərkiyər və səsin batar.

 

Daha bir traktat “Cavanlığı qorumaq və qocalığı ləngitmək haqqında” adlanır. Bu traktat herontologiya və heriatriya tarixinin bir səhifəsidir. Müəllifin fikrincə, qocalıq canlıların həyat gücünü tükəndirir, yaşamaq sevincindən və həyatın özündən məhrum edir. Aristotel hesab edirdi ki, qocalıq “təbii istiliyin” işlənib tükənməsidir, odur ki, qocalar təbiətən “soyuqdur”. Uzunömürlülüyün sirri rasional rejimin gözlənilməsidir: qədərincə yemək, şərabdan az istifadə etmək, havada olmaq, yuxu rejimini gözləmək, hərəkət etmək, istirahət etmək. Bu qaydalar adama təbiətin verdiyi qədər, yəni yaşadığından çox yaşamağa imkan verir.


 1888    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *