Müxtəlif patoloji hallara görə pasiyent sərbəst sidiyə çıxa bilmirsə sidiyi xaric etmək məqsədilə sidik-ifrazat sisteminin katerizasiyası aparılır. Bu məqsədlə böyrək, sidik axarı və ya sidik kisəsinə kateter (drenaj borusu) yerləşdirilir. Bundan başqa müalicəvi manipulyasiyalar, diaqnostik proseduralar, əməliyyatdan sonra və ya xəstəlik zamanı sidiyin sərbəst ifrazı məqsədilə xəstəyə kateter yerləşdirilə bilər.
USM və rentgenoskopiya nəzarətində qarının yan divarından açılan kiçik kəsik və ya punksiya ilə parenximadan keçməklə böyrəyə kateterin qoyulması əməliyyatı perkutan nefrostomiya adlanır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.
Sidik ifrazının uzunmüddətli pozulması böyrək toxumalarının geriyədönməz zədələnməsinə və orqanın funksiyasının itirilməsinə gətirib çıxarır. Sidik axarı və böyrəyin zədələnməsi, həmçinin sidik kisəsi, uşaqlıq yolu və prostat vəzi şişlərinin inkişafı nəticəsində sidik ifrazının pozulması nefrostomiya üçün göstəriş hesab oluna bilər. Sidik ifrazının pozulması böyrək ləyəni və kasacıqlarının patoloji genişlənməsinə, böyrəklərin iltihabı və funksiyasının pozulmasına, sidik yolunda olan infeksiyanın qana keçməsi nəticəsində infeksion – iltihabı prosesə səbəb ola bilər. Nefrostoma sidiyin böyrəkdən xaric edilməsini təmin etməklə ağırlaşmaların qarşısını alır və xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Nefrostoma əksər hallarda böyrək daşlarının çıxarılmasından sonra yerləşdirilir. Bəzi hallarda nefrostomiya sidik-ifrazat sistemində icra ediləcək əsas əməliyyatlardan əvvəl hazırlıq mərhələ kimi həyata keçirilir.
Nefrostomiyadan başqa müayinə və müalicə məqsədi ilə sidik kanalından keçərək müvəqqəti olaraq sidik axarına stentin yerləşdirilməsi, perkutan sistostomiya (sidiyi xaric etmək məqsədi ilə qarın divarından sidik kisəsinə kateterin yeridilməsi), sidik kisəsinin kateterizasiyası (sidik kanalı vasitəsilə sidik kisəsinə kateterin yeridilməsi) da icbari tibbi sığorta ilə qarşılanır.
Qeyd edək ki, bu tibbi xidmətlər zamanı anesteziya, istifadə olunan xüsusi tibbi sərfiyyat (drenaj borusu, kateter, stent) icbari tibbi sığorta təminatına daxildir.
Qeyd olunan tibbi xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında həkim göstərişi əsasında icra olunur.
Bir cavab yazın