Bagla

Həkimdən soruş

Hekimden sorus







Sınanmış çarə – “yod toru”

Əlavə müalicə üsulu kimi yod toru adi soyuqlama və angina zamanı da istifadə edilir. Demək olar ki, hər evin dərman qutusunda yod şüşəsi tapılar. Yodun əsas təyinatı kəsiklərin və cızıqların dezinfeksiyasıdır, bakterisid keyfiyyətləri isə mikrobları məhv edir. Lakin onun istifadəsi təkcə yaraların işlənilməsi ilə məhdudlaşmır. Düzgün istifadə edildikdə yod bir çox xəstəliklərdə köməkçi vasitədir.

 

Yod toru nədir
Kosmetik çubuqların və yodun vasitəsi ilə bədəndə köndələn və uzuna zolaqlardan çəkilmiş qəfəsdir. Hər damanın ölçüsü təxminən 1sm çatır. Dəri qatına nüfuz edən maddə bakteriya zülallarını qatılaşdırmaqla parçalayır. Nəyə görə məhz tor çəkilir? Çünki yodun bu üsul ilə çəkilməsi bakteriya qruplarını ayırır, bölür. Bundan sonra dezinfeksiya maddələri xəstəliktörədici orqanizmləri məhv edir.

 

Yod toru nə üçün çəkilir
Yodun faydası müxtəlif məqsədlə, hətta arıqlamaq məqsədi ilə istifadə olunur. Torun çəkilməsi orqanizmdə bu maddənin defisitini aşkar etməyə yardımçı olur. Belə ki, torun izləri bir sutkaya itirsə, yodun miqdarı normadadır. Aşağıdırsa, yod 6-8 saata sorulacaq. Yod defisiti təsdiq olunarsa, bu cür proseduralar bəzi qalxanvarı vəzi xəstəliklərinin qarşısını ala bilər. Yod toru prosedurası başqa məqsədlə də istifadə edilir:
– boğaz iltihabını yüngülləşdirir;
– əzilmə, yara, ayaq əzələlərinin gərilməsi zamanı sıyrıntıları tez sağaldır;
– zökəm vaxtı burun tənəffüsünü yüngülləşdirir;
– hamiləlik vaxtı zökəmin təhlükəsiz müalicəsinə kömək edir;
– öskürəyi yumşaldır.
Yod torunun xüsusi naxışı patogen mikroblar qrupunu parçalamaqda kömək edir. Spirtli məhlul kapilyarları genişləndirir və qanın istənilən yerə axınını gücləndirir. Bu durğunluğun qarşısını alır.
Yod torunun digər müalicəvi keyfiyyətləri:
– toxumalara mübadilə proseslərinə tələb olunan oksigen daha çox çatır, bu isə sağalmanı sürətləndirir;
– iltihablaşmış sahənin trombositlərlə təminatı artır, damar sisteminin bərpası sürətlənir;
– bakterisid maddə orqanizmə sirayət edir və bütün qan sistemi ilə yayılır.

 

Öskürəyə qarşı
Yod toru iltihab prosesini, hətta ən erkən mərhələdə lokallaşdırır. Dəriyə nüfuz etdikdən sonra maddə qan dövranını gücləndirməklə iltihab əlamətlərini azaldır. Angina vaxtı tor boğaza çəkilir, ağciyərlərin iltihabında – sinəyə. Xəstəlik zökəmlə keçirsə, yod əlavə olaraq burun pərələrinə də şəkilir, amma nöqtə şəklində. Bu prosedura yalnız böyüklərə yarıyır, axı, uşaqlarda bu nahiyələrin dərisi çox zərif və kiçik sahəni əhatə edir. Soyuqlamaya qarşı toru baldır və pəncələrə çəkmək məsləhətdir.

 

Oynaqlar üçün
Spirtli yod məhlulu ağrıyan oynaqlar üzərində dərini qıcıqlandırmaqla ağrı sindromunu aradan qaldırır; qan dövranını gücləndirərək durğunluğu aradan qaldırır və damarları genişləndirir; istilik yaratmaqla əzələ spazmını yumşaldır.
Oynaq iltihabı zamanı yod toru həftədə 2-3 dəfədən çox çəkilmir, əks halda dəri qıcıqlana bilər. Proseduranı yuxudan əvvəl etmək məsləhətdir. Yod məhlulu çiyin, dirsək, bud-çanaq və diz oynaqlarına çəkilə bilər. Nəzərə alın ki, yod artritlərin, artrozların və digər oynaq xəstəliklərinin müalicə üsulu deyil, o yalnız ağrını və iltihabı aradan qaldıran müvəqqəti ölçüdür.

 

Dabanlar üçün
Piyada gəzməkdən sonra ayaqlar yorulub şişdikdə dabanlara yod toru çəkmək olar. Daban mahmızından əziyyət çəkənlərin vəziyyəti qısa müddət yüngülləşir, amma yod toru yalnız simptomatik müalicədir. Soyuqlama vaxtı dabanlara yodun çəkilməsi isti vannanı əvəz edir, qan dövranını gücləndirir, xəstəliyin öhdəsindən gəlmək üçün orqanizmə əlavə qüvvət verir.

 

Əzilmə
Toxuma əzilməsi və qançırlar bütün əzilmələrə xasdır. Bu halda yod toru yalnız zədənin alındığı günün ertəsi çəkilir. Yod qan dövranını gücləndirir, bu isə şişkinliyi nəinki azaltmır, hətta artmasına səbəb ola bilər. Birinci gün iltihabı və ağrını azaldan soyuq islatma qoyulur. Yodun sorucu təsiri yalnız əzilmədən bir sutka sonra faydasını göstərir. Qançıra çəkilmiş yod toru qançırın tez itməsinə kömək edir.

 

Boğaz ağrısı
Yod toru bu halda iltihab yerində toxuma şişkinliyini azaldır, dərinin immun hüceyrələrini aktivləşdirir və ağrı hissiyyatını azaldır. Bu orqanizmi infeksiya ilə mübarizəyə sövq edir. Boğaz ağrısı vaxtı yod toru angina, faringit və ya adi soyuqlamaya görə çəkilir. Proseduranı gecə yuxudan qabaq etmək daha yaxşıdır. Boğazı tam əhatə etmək olmaz, belə ki, qalxanvarı vəzi üzərindəki dəriyə tor çəkmək olmaz. Angina və faringit vaxtı iltihab sahəsini əlləyib, ağrı və bərkimə hiss olunan sahələrə yod çəkilir.

 

Bronxit
Yod şəkili dəri kapilyarlarını genişləndirir, bronxların nahiyəsində qan dövranı güclənir, bəlğəm durulaşır. İltihab əleyhinə təsiri xəstəliyin öhdəsindən tez gəlməyə kömək edir. Bronxların üzərində tor iki tərəfdən çəkilir – sinədə və kürəkdə. Ürək zonasına tor çəkilmir. Köndələn zolaqlar onurğadan sağa və sola çəkilir, uzununa zolaqlar qabırğalar arasına çəkilir.

 

İynədən sonra
İnyeksiya kursu iynə yerində ağrı və bərkimə əmələ gətirir. Bu əlamətləri azaltmağa yod toru kömək edir, sorucu və isidici təsir göstərir. Ağrı artıq birinci istifadədən sonra keçə bilər. Bu üsul yüksək hərarət, şişkinlik, iynə yerinin irinləməsi və ümumi sağlamlıq durumunun pisləşməsi hallarında istifadə olunmur.
Yod toru uşaqlar üçün
Uşaqların boyun dərisi çox həssasdır, odur ki, yod toru onlara 3 yaşından çəkilə bilər. Əks halda, yanıqlar əmələ gələ bilər, qalxanvarı vəzi də hələ bu yaşda tam formalaşmayıb. 5 yaşa qədər uşaqlara 2,5%-li, 5 yaşdan yuxarı – 5%-li məhluldan istifadə oluna bilər.

 

Yod torunun çəkilməsi
Bədənin istənilən hissəsinə yod çəkməzdən əvvəl həssaslıq sınağı aparmaq lazımdır. Zərif dəri sahəsi seçilir, tutaq ki, bazuönü, budun daxili səthi və ya bilək hissəsi. Sonra pambıq çöplə yod məhlulu kiçik cizgi ilə çəkilir. Həmin yeri 15-20 dəqiqə müddətində islatmaq, sürtmək, oraya toxunmaq olmaz. Bu vaxtdan sonra qızartı, səpgi, göynəmə və ya başqa dəri reaksiyaları əmələ gəlmədisə, yoda qarşı allergiya yoxdur.

 

Boğaza
Zolaqların arası təxmini 1 sm-dir. Bütöv çəkmək qətiyyən olmaz, çünki dəri kimyəvi yanıq ala bilər. Boyunda tor çəkərkən qalxanvarı vəzi və limfa düyünləri sahəsinə toxunmayın. Proseduranı gecə etmək yaxşıdır.

 

Döş qəfəsinə
Yod torunu ürək nahiyəsinə çəkməyin. Yod məhlulunun istilik effekti ürəyə çox zərərdir. Kosmetik çöplə 1sm məsafə ilə sinənin ortasına köndələn zolaqlar, sonra uzuna zolaqlar çəkilir. Yodun quruması gözlənilir.
Yod məhlulu nə qədər zərərsiz olsa da, ondan çox istifadə etmək olmaz. Bir həftədə 2-3 proseduradan çox etmək məsləhət deyil. Bu maddə dəridən düşünüldüyü qədər aktiv sorulmur. Yanıq ehtimalı da böyükdür.
Yüksək temperaturda yod toru etmək qəti qadağandır, çünki hipertermiya şəraitində tənəffüs yollarını hər hansı üsullarla isitmək olmaz. Böyüklərdə və ya 5 yaşdan yuxarı uşaqlarda bədən hərarəti 38 dərəcədən yüksəkdirsə, yod çəkmək olmaz. Əvvəl hərarəti aşağı salıb sonra yodlu məhlul ilə müalicəyə başlamaq lazımdır.

 

Əks-göstərişlər
Proseduranın təhlükəsizliyi ona qarşı əks-göstəriş­ləri istisna etmir, yüksək temperaturdan başqa yod toru bu hallarda çəkilmir:
-1 yaşından balaca uşaqlara;
– hormonal problemli mastopatiyalarda;
– tiroksin preparatı qəbul edildikdə;
– toxumaların dərin zədələndiyi yaralar;
– qalxanvarı vəzi xəstəlikləri – tireotoksikoz və hipertireoz;
– orqanizmdə yodun izafi miqdarda olması;
– yoda qarşı allergiya;
– həssas dəri;
– ürək nahiyəsi.


 1190    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *