Bagla

Həkimdən soruş

Hekimden sorus







Sirkadian ritmlər

Neyroalim Passel Foster «yuxu- oyaqlıq» dövrəsi, torlu qişanın fotohəssas qanqlionar hüceyrələri və sutkalıq ritmin pozulması haqqında.

 

Sirkadian ritm – 24 saata yaxın davam edən endogen bioloji ritmdir. Ən sadə misal – bizim «yuxu – oyaqlıq» dövrəmizdir.

Sirkadian ritm bütün fizioloji və davranış aspektlərini 24-saatlıq dünyanın tələblərinə uyğunlaşdırmaq üçün lazımdır. Bu ritm işıqlı günün davamının,  temperaturun, qida imkanlarının, hətta, yırtıcılarının davranışının hər gün dəyişməsini qabaqlamaqla  orqanizmi ətraf mühitə hazırlayır və uyğunlaşdırır.

Saat hüceyrələri

Sutkalıq ritmlər, birhüceyrəli həyat və bakteriyalar daxil olmaqla, bütün həyat formalarına xasdır. Orqanizmdə molekulyar səviyyədə işləyən sirkadian saatlar təxminən 24 saat təşkil edən daxili tərəddüdü idarə edir. Bu tərəddüd daxili fizioloji ritmi xarici 24-saatlıq dövrəyə uyğunlaşdırır.

Sirkadian saatların işi orqanizmə fayda gətirsin deyə, onlar xarici mühitə uyğunlaşmalıdır. Daxili saatların xarici mühitlə uzlaşmamasının bəlli nümunəsi – cetlaqdır: bir neçə saat qurşağından uçuş edərkən daxili saatları yerli vaxta uyğunlaşdırmalı oluruq. Fotoreseptorlar dövrənin işıq və qaranlıq fazalarının davamını qeydə alıb daxili saatları xarici mühitə uyğunlaşdırmaq üçün molekulyar saat mezanizminə siqnal göndərir. Necə keçməsindən asılı olmayaraq xarici mühitə uyğunlaşmaq zəmanət verir ki, istənilən saatda bədənin bütün hüceyrələri sutkanın lazım olduğu vaxtda lazım olduğu prosesləri yerinə yetirəcək.

 

Mürəkkəb çoxhüceyrəoi həyat formalarında çox vaxt  digər saatları əlaqələndirən mərkəzi və ya «rəhbər» saatlar mövcuddur. Məməlilərdə nəzarət saatları beyin daxilindədir və suprahiazmatik nüvə adlanır. Nüvə işıq səviyyəsi haqqında gözlərdən məlumat alır və 50 000 neyronların işini  buna uyğunlaşdırır, sonra həmin neyronların göndərdiyi çoxsaylı siqnallar bütün orqanizmin işini əlaqələndirir. Sirkadian ritmi generasiya etmək üçün  suprahiazmatik nüvənin saat hüceyrələri 14-dən artıq müxtəlif genlərdən və onların zülal məhsullarından istifadə edir.

 

Sirkadian ritmlərin əsas xüsusiyyətləri

Sirkadian ritm xüsusi bioloji ritm növüdür. Bioloji ritm istənilən ritmik prosesi təsvir edən ümumi termindir. Bəzi ritmləri daxili saatlar generasiya edir, başqaları isə ətraf mühitdən asılıdır. Saatların generasiya etdiyi bioloji ritm daimi işıq və temperatur səviyyəsində daimi olacaq. 24-saatlıq sirkadian ritmlərdən başqa  bir illik  və ya 360 günlük dövrlə hərəkət edən və sirkannual yaxud «qabarma saatları» adlanan saatlar da var ki, dəniz sahilində məskunlaşmış orqanizmlər həmin dövrə tabedir – onların bioloji saatları 12,8 saatlıq dövrəni əhatə edir.

Jan-Jak Dortu de Meran

Biz 24-saatlıq ritmlər haqqında çoxdan bilirik: hələ qədim yunanlılar hər gün orqanizmdə baş verən dəyişikliklərdən söhbət açırdı, amma, onlar düşünürdü ki, bu dəyişikliklər təkcə işıq çoxluğundan və xarici mühitin temperaturundan asılıdır. Sirkadian ritmləri öyrənən ilk elmi təcrübə 1729-cu ildə fransalı alim və astronom Jan-Jak Dortu de Meran tərəfindən aparılmışdır: o, bitkini qaranlıq yerdə saxlayarkən müşahidə etmişdir ki, daimi qaranlıq mühitdə yarpaqlar 24 saata yaxın ritmikliklə açılır və yumulur.

Sirkadian ritmin birinci xüsusiyyəti ondadır ki, daimi işıqlandırma şəraitində o dəyişmir. Müxtəlif növlərdə ritm dövrəsi 24 saatdan bir qədər uzuni  ya qısa ola bilər: insanlarda saatlar bir qədər uzundur, siçanlarda isə qısadır.

İkinci vacib xüsusiyyət odur ki, bu ritmlərin temperatur kompensasiyası var. Bu, o deməkdir ki, xarici temperatur radikal dərəcədə dəyişsə də, 24-saatlıq ritm ciddi şəkildə ləngiməyəcək ya sürətlənməyəcək. Bu, çox vacibdir, çünki, temperatur kompensasiya olmasa idi, sirkadian saatlar dəqiq vaxtı göstərə bilməzdi.

Üçüncü vacib xüsusiyyət – sirkadian ritmlər xarici 24-saatlıq günə bağlıdır. Ritmin uyğunlaşması üçün əsas siqnal işıqdır.

Bəzi orqanizmlər öz saatlarını başqa heyvanların davranışına görə kökləyir. Misal üçün, malyariya parazitləri günün vaxtını qandakı siqnallara görə təyin edir və, gecələr dəriyə çox yaxın yerləşən qan damarlarına tərəf hərəkət etməyə sövq edir. Sonra ağcaqanad başqa adamı dişləyir və başqa qurbanını yoluxdurur.

Bioloji saatların əhəmiyyəti ondadır ki, onlar ətraf mühitdə baş verən və gözlənilən dəyişiklikləri qabaqcadan bilməyə, fiziologiya və davranışı dəyişkən şəraitə uyğunlaşdırmağa imkan verir. Tutaq ki, səhərin üç saatdan sonra açılacağını biliriksə, metabolizmin sürətini, bədənin hərarətini, əzələ gücünü və qan axınını artırmaqla bütövlükdə orqanizmi fəallığa kökləyə bilərik. Bu imkanlar bizi səhəri gümrah açmağa, yeni mühitdən faydalanmağa hazırlayır.

Eyni ilə günün  sonunda yuxulayarkən, bədənin hərarəti azalmağa başlayır, beyin və bədənin qalan hissələri yuxuya hazırlaşır. Yuxu vaxtı beyin çox məşğuldur: xatirələri yaradır, mürəkkəb işlərin həllini tapmaq üçün məlumatı təhlil edir, bədənə zədələnmiş toxumaları bərpa etmək «tapşırığı» verir, metabolik yolları bərpa edir və enerji ehtiyatı toplayır.

Bəzi heyvanlar və bitkilər də mövsümə hazırlıq üçün sirkadian  saatlardan istifadə edir: Şimal yarımkürəsində bəzi məməlilər payızda gecənin uzanmasını qış yuxusuna hazırlıq siqnalı kimi qəbul edir, maral və qoyunları isə bu dəyişiklik cütləşməyə sövq edir: payız cütləşməsi o deməkdir ki, bala qışın sonuna yetişəcək və yazda, havanın yaxşı olduğu və qidanın çox olduğu mövsümdə doğulacaq.

İnsanlarda da mövsümi bioloji dəyişikliklər baş verir. Belə ki, qış aylarında iştahın dəyişməsi, çəkinin artması, bəzi adamların depressiv ovqatdan  gileylənməsinə daha çox rast gəlirik. Ola bilsin ki, keçmişlərdə adamların həyatı mövsumdən daha çox asılı idi, nəinki indi. Biz artıq evlərdə yaşayırıq, xarici mühitin təsirindən qorunmuşuq və mövsümi ritmlərdən birbaşa asılı deyilik.

 

Saatları kökləyirik

Sual olunur: sirkadian ritmləri korreksiya etdiyi işığı göz necə tanıyır? Gözdə «torlu qişanın fotohəssas qanqlionar hüceyrələri» adlanan xüsusi işığahəssas hüceyrələr mövcuddur (pRGC). Bu hüceyrələr işığı tanıyan və təsviri yaradan çubuqlardan və kolbalardan çox fərqlənir, onların formalaşdığı  qanqlionar hüceyrələrin aksonları gözü tərk edəndən sonra görmə sinirinə  yığılır və beyinə yollanır. Fotohəssas qanqlionar hüceyrələr günəşin çıxmasını və batmasını qeydə alandan sonra molekulyar saatları düzgün vaxta kökləyir.

Korlarda, irsi xəstəliklər nəticəsində göz kolbaları və çubuqları zədələnmiş adamlarda fotohəssas qanqlionar hüceyrələr tam normal ola bilər. Bu adamlar kor da olsa, saat mexanizmi baxımından onların gözü görür. Artıq, oftalmoloqlar anlayır ki, göz bizə həm məkan (görmə), həm zaman (sutkalıq requlyasiya) hissiyatı verir. Bu kəşf korluq haqqında təsəvvürləri və göz xəstəliklərinin müalicə üsullarını dəyişdi.

İşıqla bağlı daha bir problem var, yəni, biz istədiyimiz vaxt istədiyimiz qədər işıq ala bilmirik. Vaxtımızın əksəriyyətini kifayət qədər işıqlı otaqlarda keçirmirik. Yaşlı adamlar üçün bu, ciddi problemdir, istər öz evində olsun, istərsə qocalar evində. Eyni vaxtda qida qəbul etmək, səhər gimnastikası yaxşı yuxu rejiminə kömək edir.

Yuxu sadəcə sirkadian sistemin hissəsi deyil, bu, beyinin bir çox şöbələri, neyromediator sistemləri və modulyatorların yaratdığı vəziyyətdir. Yuxu və sirkadian ritm pozuntuları müxtəlif neyrodegenerativ və neyropsixiatrik xəstəliklər üçün ümumidir. Belə ki, depressiyalı və ya şizofreniyalı pasiyentlərin 80%-də bu hallar müşahidə edilir.

Vaxtsız yuxululuq hissi, diqqətin və yaddaşın zəifləməsi, əqli və fiziki reaksiyaların gecikməsi, motivasiyanın azalması, depressiya, yuxusuzluq, maddələr mübadiləsinin pozulması, piylənmə, immun pozuntular, hətta, xərçəng ehtimalının artması – bütün bunlar qarşılıqlı əlaqəli patologiyalardır. Yuxu həqiqətən ən yaxşı dərmandır, qeyri-mütənasib vaxtda işləmək isə sözün əsl mənasında fəlakətdir. İnsanın diqqəti sübh çağında ən aşağı səviyyədədir. Qəzaların çoxu səhər saat 4-də baş verir. 

Yuxu ilə bağlı problemləri həll etmək potensialı böyükdür və, bu mümkündür. Yuxuya diqqətlə yanaşmaq və prioritetləri vacibliyindən asılı olaraq müəyyən etmək lazımdır.


 82    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *