Referans Poliklinik Bayıl filialının ginekoloqu tibb üzrə fələsəfə doktoru Aynur Muxtarova son zamanlar artan ginekoloji problemlərlə bağlı müsahibəsini təqdim edirik:
– Ölkəmizdə ginekoloji problemlər əsasən evləndikdən sonra üzə çıxır, ya da biz elə hesab edirik. Ümumiyyətlə ginekoloji müalicəni kimlər, neçə yaşdan, hansı sıxlıqla almalıdır?
– Bəli, çox hallarda problemlər evləndikdən sonra ortaya çıxır. Ancaq son illər gənc qızlar nikahdan əvvəl, cinsi fəaliyyətə başlamadan öncə də ginekoloqa müraciət edirlər. Həmçinin, bəzən analar da qızlarını müayinə üçün gətirirlər. Ümumiyyətlə, qız uşaqlarının ilk ginekoloji müayinəsini doğulduqlarından dərhal sonra keçirilməsini məsləhət görürük. 16 yaşına qədər heç bir problem olmasa belə, bu zaman ərzində ən azı bir dəfə ginekoloqa müraciət etmək və USM müayinəsi keçirmək vacibdir. Sonrakı illərdə isə illik müayinə məqsədə uyğundur.
– Gənc qızlar arasında hormon balanssızlığa səbəb olan menstrual dövrün pozulması çox tez rastlanan, ancaq normal baxılan prosesdir. Bəs bu proses nə dərəcədə normaldır və müalicə almadıqda hansı problemlər yarada bilər?
– Hormonal disbalans gənc qızlar arasında tez-tez rast gəlinən bir problemdir. Vaxtında müalicə olunmadıqda, bu disfunksional menstrual qanaxma, hirsutizm (artıq tüklənmə), miomalar, yumurtalıq kistləri, seboreya, akne, artıq çəki və hətta sonsuzluğa qədər ciddi nəticələrə səbəb ola bilər.
– Son zamanlarda cinsiyyət orqanlarında infeksiya xəstəlikləri yayğın hal alıb. Bunun əsas səbəbi nədir və müalicəsi üçün hansı addımlar atılır?
– Cinsi yolla keçirilən infeksiyaların yayılmasının əsas səbəbi kontrasepsiyasız cinsi əlaqədə olmaq və partnyorların tez-tez dəyişdirilməsidir. Müasir tibb kontrasepsiyanın bir çox növlərini təklif edir. Onların sırasından hər bir insan özünə uyğun olanı seçərək infeksiya riskini azalda bilər.
– Statistikalar göstərir ki, cinsiyyət orqanlarında bakteril və ya virus infeksiyaları kimi problemlər daha ciddi nəticələri olur və ölkəmizdə də bu cür hallarla qarşılaşan qadınların sayı çoxdur. Sözügedən problemlə bağlı hansı addımlar atmaq mümkündür?
– Hazırda ən çox yayılan viruslardan biri insan papilloma virusudur (HPV). Bu virus cinsi yolla keçir və təəssüf ki, baryer kontraseptivlər bu virusdan qorumaqda səmərəli deyil. Profilaktik tədbirlər peyvəndləmə yolu ilə həyata keçirilir. Başqa ölkələrdə bu peyvənd dövlət proqramına daxil edilib. Ölkəmizdə də Gardasil-9, Gardasil və Cervarix peyvəndləri mövcuddur. Bu peyvəndlər 9-12 yaş arası uşaqlara və 45 yaşa qədər böyüklərə vurula bilər. HPV virusları (əsasən 16 və 18 növləri) uşaqlıq boynu, vulva, düz bağırsaq və kişilərdə cinsi orqanların xərçənginə səbəb ola bilər.
– Ölkəmizdə evləndikdən sonra uşaq sahibi ola bilməyən cütlüklərin sayı durmadan artır, sonsuzluğun səbəbləri nələrdir?
– Sonsuzluğun həm qadın (50-60%), həm də kişi (40-60%) faktoru var. Qadınlarda əsas səbəblər hormonal pozğunluq, cinsi yolla keçən infeksiyalar, boru faktorları (bitişmələr), submukoz miomalar, poliplər və abortların sayı (endometriumun nazikləşməsi) ola bilər.
– Sonsuzluğun qarşısını almaq hansı hallarda və necə mümkündür?
– Ən ideal halda, evlənməzdən əvvəl cütlüklər hərtərəfli tibbi müayinədən keçməlidirlər. Kişilər cinsi yolla keçən infeksiyaları müalicə etməli, qadınlar isə USM, hormon səviyyələrini yoxlamalı. Artıq çəkidən qurtulmaq üçün pəhriz və idmanla məşğul olmalıdırlar. Endometrioz və endometrioma olan qadınlar hamiləliyi daha tez planlaşdırmalıdırlar, çünki bu xəstəlik yumurtalıgın rezervi azaldır və bitişmələr yaradır. Poliplər varsa, onlar çıxarılmalıdır. Kişilərdə isə spermoqramma nəticələri aşağı olduqda və ya varikosele varsa, müalicə aparılmalıdı.
– 50 və daha çox yaşı olan qadınlarda ciddi ginekoloji problemlər yaranmağa başlayıb. Bura əsas kimi vaginada şişlərin yaranmasını göstərə bilərik, bu cür şişlərin yaranmasının səbəbi nədir və qarşısını almaq üçün hansı müayinələr tətbiq edilməlidir?
– Bəli, ölkəmizdə menopauza dövrünə keçən xanımlar çox vaxt ginekoloqa müraciət etməyin vacibliyini unudurlar. Hər il bir dəfə ginekoloji müayinədən keçmək, USM və PAP-test (onkotest) etmək vacibdir. Menopauza dövründə qarşılaşa biləcəyiniz xəstəliklər arasında atrofik kolpit, yumurtalıq və uşaqlıq boynu törəmələri, kistlər, ginekoloji organların xərçəngi, uşaqlıgın və uşaqlıq yollarının sallanması, sidikqaçırma var. Bunun səbəbləri isə genetik əmillər, artıq çəki, doğuşların sayı, HPV, hormonal pozğunluqlar və siqaret çəkmə kimi faktorlar ola bilər.
Bir cavab yazın