Bagla

Həkimdən soruş

Hekimden sorus







Uşaqlarda norovirus infeksiyası

Kəskin bağırsaq infeksiyaları (KBİ) yayılma səviyyəsinə görə digər xəstəliklər arasında aparıcı mövqelərdən birini tutur. Əlverişsiz ekoloji mühitin, təbii qida məhsullarının kəskin dərəcədə azalmasının, konservant və stabilizatorların istifadəsinin artmasının təsiri altında insan orqanizminin immun cavabının transformasiyası da böyük əhəmiyyət kəsb edir. Tibbi nailiyyətlərə baxmayaraq, hazırda bir çox ölkələrdə virus mənşəli KBİ-nın artması müşahidə olunur. Əsas törədicilər əvvəlki kimi rotaviruslardır. Onlarla yanaşı, son illərdə norovirus infeksiyasının qeydiyyatı bütün KBİ halları arasında əhəmiyyətli dərəcədə artmışdır (2-5%-dən 10-26,5%-dək). Tədqiqi məlumatlara görə, xəstələnmə səviyyəsinin ən yüksək göstəricisi yanvardan aprelə qədərki dövrə təsadüf edir. Xəstələnən, əsasən, yenidoğulmuş dövründən 3 yaşa qədərki uşaqlardır ki, onlar arasında daha çox orta ağır gedişatlı formalar qeyd olunur.

 

Böyük ehtimal ilə, norovirus infeksiyasının tezliyi daha yüksəkdir, çünki böyüklərin çoxu və yeniyetmələr yüngül formalı xəstəliklə bağlı həkimə müraciət etmir. Bununla belə, içməli su nümunələrinin tədqiqatı göstərir ki, noroviruslar rotaviruslardan daha çox aşkar edilir və yayılmasına görə adenoviruslardan sonra ikinci yerdədir.
Norovirus infeksiyasının epidemik prosesinin aktivləşməsi KBİ əlamətləri yatışdıqdan sonra virusun uzun müddət ifraz olması ilə də bağlıdır, belə ki, bu dövr orta hesabla 28 sutka davam edir və immunkomprometləşmiş pasientlər arasında 182 günə çatır. Eyni zamanda norovirus infeksiyası yüksək kontagiozluqla seçilir: cəmi 10 hissəcik virus kifayətdir ki, infeksiya xəstədən həssas orqanizmə yoluxsun. Törədici müxtəlif səthlərin üzərində, ətraf mühitdə 4 həftəyə qədər həyat fəaliyyətini qoruyub saxlayır, fiziki və kimyəvi təsirlərə davamlıdır.

 

Əksər pasientlərdə norovirus infeksiyasının əsas əlamətləri qusma və yüksək bədən hərarətidir, sonradan sulu ishal, bəzən qarın ağrıları da başlayır. Əlamətlər, adətən, “qastroenterit” diaqnozuna uyğundur. Çox vaxt eksikoz inkişaf edir, susuzluq, selikli qişaların quruluğu, toxuma turqorunun azalması, diurezin azalması, taxikardiya, kapilyar reperfuziya vaxtının 2 saniyədən çox uzanması qeyd olunur. Fəsadsız gedişat zamanı əsas simptomatika, adətən, 3 sutkaya yaxın davam etsə də, sağalma daha çox vaxt aparır.

 

Laborator müayinədə koproqramda həzm olunmamış sellüloz, neytral yağlar, nişasta dənələri, leykositlər aşkar edilir. Əksər pasientlərin qan analizində normal leykosit sayı ilə yanaşı, limfositoz, ağır gedişat zamanı neytrofil leykositoz, eritrositlərin çökmə sürətinin artması və sidik cövhəri qatılığının artması aşkar edilə bilər. KBİ əlamətləri mədə-bağırsaq traktı ilə məhdudlaşmır. Qastroenteritik sindromdan əlavə demək olar ki, bütün pasientlərdə intoksikasiya əlamətləri: süstlük, zəiflik, adinamiya, iştahasızlıq, dəri örtüklərinin avazıması qeyd olunur.

 

Norovirus infeksiyasının müalicəsi KBİ terapiyası standartlarına uyğun aparılır, rehidratasion məhlullar, enterosorbentlər, probiotiklər, zərurət yarandıqda qızdırma əleyhinə preparatlar istifadə edilir.

 

Aparılmış tədqiqatlarda əsas klinik simptomlar arasında bütün pasientlərdə sutkada 1 dəfədən 25 dəfəyə qədər qusma, iştahasızlıq, süstlük, hərarətin artması qeyd olunmuşdur. Müşahidə olunan pasientlər arasında müxtəlif bağırsaqdankənar əlamətlər qeyd olunurdu ki, onlardan, ilk növbədə, burun tutulması ilə rinit, orta dərəcəli sulu ifrazat, hiperemiya və burun ciblərinin şişkinliyi, yüngül və orta dərəcəli faringiti göstərmək olar.

 

Əlavə müayinələr göstərir ki, norovirus infeksiyalı uşaqlar arasında bu və ya digər EKQ dəyişiklikləri aşkar edilib (71,25%): repolyarizasiya pozuntuları (54% hallarda), voltajın enməsi (20%), supraventrikulyar və ya ventrikulyar ekstrasistoliya (7,5%).

 

36% uşaqlarda MB-kreatinkinazanın təcrid olunmuş və/və ya laktatdehidrohenaza ilə yanaşı aktivliyi artmışdır.
Qarın boşluğu orqanlarının USM nəticələrinə görə, 53% hallarda qaraciyər və ya mədəaltı vəzi dəyişiklikləri aşkar edilmişdir. 38% hallarda böyrək strukturunun pozuntuları aşkar edilmişdir. Adekvat terapiya başlandıqdan 2-4 sutka sonra bütün pasientlərdə KBİ əlamətləri aradan qaldırılmışdır.

 

Bağırsaqdankənar dəyişikliklərin tezliyi enterosorbent terapiyası almayan qrupda daha yüksək idi. Diareyanın olmaması bir çox hallarda mədə-bağırsaq traktının yuxarı şöbələrinin zədələnməsi ilə yanaşı, susuzlaşma ilə də bağlıdır ki, bu da enterosorbsiya terapiyasından imtina etməyə əsas deyil.

 

Terapiyanın təhlili göstərir ki, ilk sutkadan kolloid silisium dioksidinin (Polisorb MP) istifadəsi KBİ əlamətlərini aradan qaldırırdı. Terapiyanın fonunda diareya gün ərzində 2-5 dəfə formalaşmamış stul ilə məhdudlaşır və ya olmurdu, bədən temperaturu normal həddə enirdi.

 

Preparatın seçimi sübut olunmuş təhlükəsizliyi, yüksək effektivliyi (hissəciklərin yüksək sorbsiya səthinin xüsusi çəkisinin yüksək, 300 m2/q-dan artıq olması), yüksək proteonektik keyfiyyətləri, davamlı postklinik istifadə təcrübəsi (20 ildən artıq) ilə bağlıdır. Preparatın proteonektik keyfiyyətləri əhəmiyyətli dərəcədə çoxlu mikroorqanizmləri (1q görə 10 mlrd və daha çox mikrob cisimlər) və müxtəlif endo-və ekzotoksinləri birləşdirmək qabiliyyəti ilə izah olunur.

 

Beləliklə, alınmış tədqiqat nəticələri KBİ əlamətlərinin təkcə mədə-bağırsaq traktı ilə məhdudlaşmadığını təsdiq edir. Qaraciyər, mədəaltı vəzi, sidik-ifrazat sisteminin, ürəyin aşkar olunmuş dəyişiklikləri bəzi pasientlərdə uzun müddət, norovirus infeksiyasının ilk simptomları aşkara çıxdıqdan sonra 3 həftədən artıq qalır.

 

Nəticə
1. Norovirus infeksiyası zamanı uşaqlarda qastrointestinal simptomlardan başqa tənəffüs yollarını, mədəaltı vəzini, hepatobiliar və sidik-ifrazat sistemini, ürəyi zədələyən əlamətlər də qeyd olunur.
2. Virus mənşəli KBİ-nın müalicə standartlarına uyğun kompleks terapiya xəstəliyin ilk günündən aparılmalıdır.


 67    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *