Bagla

Həkimdən soruş

Hekimden sorus







Virus və bakterial infeksiyasının fərqi

Kəskin respirator xəstəliklər həmişə vaxtsız gəlir. Dünən hələ qüvvətli olan orqanizmi bu gün halsızlıq, qızdırma, zökəm əldən salıb. Düzgün müalicə təyin etmək üçün xəstəliyin səbəbkarını araşdırmaq lazımdır: virusdur, yoxsa bakteriya. Təbii ki, özbaşına bunu etmək çətindir. Amma hər halda, virus infeksiyasını bakterial infeksiyadan fərqləndirən bəzi əlamətlər var.

 

Virusları bakteriyadan ayırmaq nə üçün lazımdır?
Payız-qış mövsümündə soyuqlamış adamların sayı artır. Respirator infeksion xəstəlikləri çox vaxt viruslar, yaxud bakteriyalar törədir. Hər iki törədicinin yaratdığı patologiyaların simptomatikası oxşardır və onları ayırmaq çox çətindir. Amma infeksiyanın tipini təyin etmək vacibdir, ona görə ki:
1. Virus infeksiyası ilə mübarizə aparmaq üçün virus əleyhinə preparatlar, bakterial infeksiyasına qarşı isə antibiotiklər təyin edilir. Antibiotiklər virusların qarşısında acizdir, virus əleyhinə preparatlar isə bakteriyaların öhdəsindən gələ bilmir.
2. Adekvat müalicənin aparılmaması ağır fəsadlara gətirib çıxara bilər. Bəzi virus xəstəlikləri (təbii ki, qripdən söhbət getmir) ciddi müalicəsiz, özü keçir. Amma bakterial infeksiyanı antibiotiksiz ləğv etmək mümkün deyil. Əks halda, pasient ciddi fəsadlara məruz qalacaq.

 

Virus infeksiyası
Statistikaya görə, tənəffüs yollarının kəskin respirator xəstəliklərinin səbəbi 92-98% hallarda viruslardır. Belə xəstəliklər orta hesabla 10-14 gün davam edir. Birinci həftədə pasient qızdırmadan şikayət edir, simptomlar güclüdür. Sonra kəskin mərhələ 3-7 gün davam edən sağalma mərhələsi ilə əvəz olunur.
Virus mənşəli infeksiyalara aiddir:
rinovirus infeksiyası (virus burun və gənziyin selikli qişasını zədələyir);
qrip;
adenovirus infeksiyası (KRVİ qrupu yuxarı tənəffüs yollarının selikli qişasını zədələyir, gözlər yaşarır, yüngül intoksikasiya simptomları narahat edir);
paraqrip (orta dərəcəli intoksikasiya və qırtlağın, yuxarı tənəffüs yollarının zədələnməsi);
infeksion mononukleoz (yüksək hərarət, kəskin boğaz ağrısı və limfa düyünlərinin böyüməsi);
RS (respirator-sintisial) – (xəstəlik aşağı tənəffüs yollarını zədələyir);
metapnevmovirus infeksiyası (virus tənəffüs sistemini və həzm traktını zədələyir, ishal ilə ifadə olunur).
Virus mənşəli patologiyalara bakterial fəsadlar da qoşula bilər.

 

Bakterial soyuqlama
Bu xəstəlikləri insan orqanizmində məskunlaşmış bakteriyalar törədir. Şərti-patogen kateqoriyasına aid olan bu bakteriyaların fəaliyyəti immun sistemin nəzarəti altındadır.
Orqanizmin müqaviməti zəifləyən kimi bu bakteriyalar aktivləşərək ağız, udlaq, burun selikli qişasını zədələyir, bronxlara, burun ciblərinə, ağciyərlərə, traxeyaya sirayət edir.
Güclü soyuqlama böyük ehtimal ilə bakteri­al infeksiya törədəcək, odur ki, onu virus infeksiyasından ayırmaq üçün qabaqdakı hadisələri təhlil etməyi unutmayın.
Bakterial infeksiyanın əlamətləri:
sinusitlər (haymorit, frontit);
laringit;
kəskin tonzillit (angina);
otit;
traxeit;
pnevmoniya;
bronxit.

 

Virus infeksiyasını bakterial soyuqlamadan fərqləndirən 4 vacib məqam
İnfeksiyanı müəyyənləşdirməyin ən sadə və asan yolu həkimə müraciət etməkdir. Həkimlər bu suallarla tez-tez rastlaşır və törədicini “adi gözlə” də təyin edə bilir.
Amma şübhə yaranarsa, bu analizlər verilə bilər:
qan analizi;
burun, boğaz yaxmalarının makroskopik analizi;
qrip və streptokok viruslarına görə ekspres-test.
İnfeksiyanın tipini sərbəst təyin etmək üçün həkimlər aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir.

 

Selikli ifrazat
Soyuqlama çox vaxt zökəmlə, öskürəklə müşayiət olunur. Burun ifrazına və ösrürək vaxtı xaric olunan bəlğəmə mütləq diqqət edin.
1. Virus infeksiyası. Bu törədici üçün duru, şəffaf, çox vaxt seroz ifrazat xarakterikdir.
2. Bakterial. Qatı ifrazat, yaşıl ya qəhvəyi çalarlı, seliyin sarı-qəhvəyi çaları irinli iltihabın əlamətidir.

 

Hərarət
Hər iki tipli infeksiya yüksək hərarətlə keçir. Burada diqqəti hərarətin göstəricisinə yox, bəzi məqamlara yönəltmək vacibdir:
1. Virus infeksiyası. Temperatur dərhal qalxır. Xəstəliyin başlanğıc anı kəskindir. Yüksək hərarət bir neçə gün davam edir, sonra enir.
2. Bakterial infeksiya. Tədricən inkişaf edir. Başlanğıc süstdür. Hərarət bir neçə gündə artır.

 

Zədələnmə ocağı
İnfeksiyanı ayırmaq üçün öz orqanizminizə qulaq verin və anlayın ki, haranız ağrıyır.
Xüsusiyyətlər:
1. Virus infeksiyası. Zədələnmə ocağı təyin edilmir. Hər yer ağrıyır: burun, boğaz, sinə, əzələ, baş.
2. Bakterial infeksiya. İnsan haranın ağrımasını dəqiq deyə bilir: boğazı (angina), burun cibləri sahəsində yayılan şiddətli ağrı (sinusit), sinədə güclü ağrı və öskürək (broxit, pnevmoniya).

 

Xəstəliyin davamiyyəti:
Xüsusiyyətlər:
1. Virus infeksiyası. Yaxşılaşma təxminən 5-7-ci günə təsadüf edir.
2. Bakterial. Bu müddətdə hələ müsbət dinami­ka yoxdur. Bakterial infeksiya zamanı zahiri yaxşı­laş­madan sonra vəziyyət yenidən pisləşə bilər.


 206    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *