Bagla

Həkimdən soruş

Hekimden sorus







Xərçəng xəstəliyi və şəkərli qidalar: əlaqə varmı?

Bəziləriniz yəqin ki, şəkərli qidaların xərçəng xəstəliyinin əmələ gəlməsi riskini artırması və ya daha sürətlə inkişaf etməsinə şərait yaratması kimi məlumatları eşitmisiniz. Bu məlumatların tibbi nöqteyi-nəzərdən əsası vardır. Çünki insan orqanizminin hər bir hüceyrəsi enerji mənbəyi kimi qanda olan şəkərdən (qlükoza) istifadə edir. Xərçəng hüceyrələrinə isə normal hüceyrələrlə müqayisədə 200 dəfədən çox şəkər tələb olunur; ağ ciyər toxumasında əmələ gələn şiş hüceyrələri isə bundan da artıq  şəkər mənimsəyir.

Biz bədən hüceyrələrimiz üçün tələb olunan şəkəri qəbul etdiyimiz qidalardan əldə edirik. Şəkərli qidalar dedikdə ağlımıza yalnız rəngarəng desertlər, ağ və qara şokolad tərkibli qidalar gəlir. Lakin nəzərə almalıyıq ki, şəkər aşağıda sadalanan qida məhsullarının tərkibində də var:

  • Meyvə (fruktoza)
  • Tərəvəz (qlükoza)
  • Süd məhsulları (laktoza)
  • Çörək, makaron məhsulları və düyü kimi karbohidratlı qidalar

 

Gündəlik qida rasionumuzda bu məhsulların miqdarını  azaltsaq nə baş verər? Bununla xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısı alınarmı və ya inkişafı ləngiyərmi?

Xərçəng xəstəliyi üzrə bəzi ekspertlər şəkərin özünün xərçəngə səbəb ola biləcəyini söyləyirlər. Belə ekspertlərdən biri Nyu- Yorkda Veyl Kornel Tibb Kolleci nəzdində Meyer adına Xərçəng Mərkəzinin direktoru Lyuis Kantlidir. L. Kantli qanda şəkərin miqdarını tənzimləyən insulin hormonunun yüksək səviyyədə olmasının xərçəngin əmələ gəlməsinə təkan verə biləcəyini hesab edir. O qeyd edir ki, apardığı tədqiqatlar göstərir ki, “qanda insulinin yüksək səviyyədə olması xərçəngin inkişaf etməsinə şərait yaradır. İnsulinin artmasına təsir göstərən isə məhz şəkərdir”. L. Kantli özü şəkər istifadə etmir, çünki xərçəng və şəkər arasında əlaqənin olduğununa tam əmindir.

Aparılmış tədqiqatların nəticələrinə görə qadınlar üçün şəkərin gündəlik  norması 6 çay qaşığı, kişilər üçün isə 9 çay qaşığı təşkil edir. ABŞ-da isə insanlar gün ərzində 22 çay qaşığı  şəkər qəbul edirlər. Bu  bir ildə adam başına 60 kq-ya qədər şəkər qəbul etmək deməkdir. L.Kantli söyləyir: “Bu o deməkdir ki, Amerika əhalisinin əksər hissəsində insulinin səviyyəsi həmişə yüksək olduğundan  xərçəng xəstəliyi riski də yüksəkdir.

Bugünə qədər şəkərin xərçəng xəstəliyi riski ilə birbaşa əlaqəsinə dair yalnız qida borusu xərçəngi ilə bağlı sübutlu dəlillər aşkar edilmişdir.  Yaxın zamanlarda  keçirilmiş tədqiqatların nəticələri göstərir ki,  şəkər və şirinləşdirilmiş içkilər qida borusu xərçənginin əmələ gəlmə ehtimalını 70% artırır.

 

Artıq çəki və piylənmə xərçəng xəstəliyinə səbəb ola bilərmi?

Amerika Xərçəng Cəmiyyəti və ABŞ-ın Milli Xərçəng İnstitutunun tədqiqatçıları da  daxil olmaqla bir çox mütəxəssislər xərçəngin birbaşa səbəbini  artıq çəki və piylənmədə görürlər.  Belə halda şəkər xərçəng xəstəliyinin dolayı səbəbi kimi nəzərdən keçirilə bilər; çünki artıq çəki və piylənmənin səbəblərindən biri də insanların həddən artıq  şəkərli qidalar və şəkərləşdirilmiş içkilər qəbul etməsidir.

Piy hüceyrələrindən adipokinlər adlanan iltihabi zülallar xaric olur. Adipokinlər  DNT-ni (dezoksiribonuklein turşusu – canlı orqanizmdə genetik məlumatı saxlayan və ötürən təbii üzvi birləşmə)  zədələyə və nəticədə şişlərin yaranmasına səbəb ola bilər.  Piy hüceyrəsi nə qədər çox olarsa, bir o qədər də çox iltihabi zulal xaric olunur. 

 

Çəkinizin normadan artıq olması və piylənmə sizi süd vəzi, qara ciyər və yoğun bağırsağın xərçəngi daxil olmaqla xərçəngin 13  növünə məruz qalma riski altında qoyur.

 

Çəkinizin nə qədər artıq olduğunu Bədən Kütlə İndeksini (BKİ) hesablayaraq və ya cədvələ uyğun olaraq müəyyən edə bilərsiniz:

Formul: BKİ    = Çəki (kq) / Boy (metr2)

Məsələn: Çəki – 85 kq, Boy-165 cm (1.65 m)

BKİ = 85/1.652=85/2.72=31.3 (Piylənmə)

20 yaşdan böyük insanlarda BKİ-nin göstəriciləri
(ABŞ-ın Milli Xərçəng İnstitutu)

BKİ kq/m2

Çəki Kateqoriyası

 18.5-dən az

Çəki çatışmazlığı

18.5 – 24.9

Normal (sağlam çəki)

25.0 – 29.9

Artıq çəki

30.0 – 39.9

Piylənmə  (1-сi və 2-ci dərəcəli)

40.0 və daha çox

Ağır dərəcəli piylənmə (3-cü dərəcə)

 

 

Hansı qidalardan çəkinməli və nələrə fikir verməli?

Xyustonda M.D. Anderson adına Xərçəng Mərkəzində çalışan digər tədqiqatçı P. Yan şəkərlə xərçəng xəstəliyi arasında birbaşa əlaqənin olduğuna əmin olan mütəxəssislərdən biridir. O qeyd edir ki: “Mən şəkərli qidaların qəbulunun məhdudlaşdırılmasının  xərçəng riskinin azaldılmasına kömək etməyəcəyinə çox təəccüblənərdim. Ona görə də tərkibində şəkərli əlavələr olan  qida məhsullarının məhdudlaşdırılmasını məqsədəuyğun hesab edirəm. Şəkərli əlavələrə  yüksək fruktoza tərkibli qarğıdalı siropu (HFCS), şirinləşdirilmiş çaylar, idman içkiləri və emal olunmuş qida məhsulları, konfetlər, peçenyalar, dondurmalar və şirinləşdirilmiş hazır səhər yeməkləri və s. aiddir”. Ona həmişə belə bir sual verirlər:”Bəs meyvələr neçə? Axı onların tərkibində də çoxlu miqdarda fruktoza vardır”.
P. Yan  sualı belə cavablandırır: “Normal pəhrizin bir hissəsi kimi meyvə yemək lazımdır. Lakin rasionda meyvə-tərəvəz balansı  2/3 nisbətində olmalıdır.  Yəni meyvənin porsiyası tərəvəzdən az olmalıdır. Əgər gündəlik rasionda insan beş porsiya meyvə və tərəvəz yeməlidirsə, onun iki porsiyası meyvə, üç porsiyası isə tərəvəz olmalıdır”.

Qəbul etdiyimiz şəkərli əlavələri nəzarətdə saxlamaq və qəbul olunan şəkərin miqdarını tənzimləmək olduqca çətindir. Bu əlavələr hətta sizin ehtimal etmədiyiniz məhsulların da tərkibində  ola bilər: məs. hazır şorbalar, salat üçün siroplar, yerfındığı yağı, yoqurtlar, ketçup, yulaf və s. Çox vaxt bu əlavələr məhsulun üzərində şəkər (sucrose) kimi adlandırılmır. Şəkərli əlavələrin 60-dan çox növü var. Onların adları “ose” şəkilçisi ilə bitir: maltose, dextrose, glucose və s. Həmçinin, məhsulların üzərində yazılmış aşağıdakı adlara da diqqət yetirin (süni şəkərləşdirici əlavələr):

  • Fruit nectar (meyvə nektarı)
  • Corn, rise, maple syrups (qarğıdalı, düyü, ağcaqayın siropu)
  • Honey (bal)
  • Molasses (patka-qida qatqısı)
  • Agave (aqava)

Bu adlar sizin üçün “sağlam” səslənsə də,  hüceyrələriniz üçün onlar sadəcə şəkər olaraq qalır.

 

İstinadlar:

WebMD, ABŞ-ın Milli Xərçəng İnstitutu, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC)

 

Məqaləni tərtib etdi:

Dr. S. Həsənova


 2053    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *