Bagla

Həkimdən soruş

Hekimden sorus







Xəstəliyə qalib gələk!

Məhşurların real hekayələri

Elə məşhurlar var ki, ağır xəstəliyə qalib gəlib. Onların qalibiyyəti həyatsevərlik və güclü iradə nümunəsidir.

 

Sofiyanın zirvəsi
Sofiya Şokolone, hamımızın Sofi Loren kimi tanıdığı böyük italiyalı aktrisa şöhrəti hələ gənc yaşlarında qazanmışdır. Füsunkar gözəlliyi və istedadı onu İtaliyanın ən tanınmış qadını etmişdir. Lakin firavanlıq pərdəsi arxasında əsl faciə gizlənirdi. Sofi ana ola bilmirdi. Mütəxəssislər, əsasən, yoxsul uşaqlıq illərini səbəbkar sayırdı. Kasad qidalanma aktrisanın hamilə qalmaq qabiliyyətinə təsir etmişdir. Övlad arzusu ilə yaşayan Sofi Loren bir neçə dəfə yarımçıq hamiləlik yaşamış, hər biri də bir faciə. Sonra uğradığı sürəkli depressiyadan yalnız yeni hamiləlik başlayanda çıxırdı. Dördüncü düşükdən sonra həkimlər sarsıdıcı hökm çıxardı – onun övladı olmayacaq. Bir neçə il keçdi. Həkimlərin qərarına rəğmən, Loren ümidini itirmirdi və gözlənilmədən tibbi baxımdan inanılmaz hesab edilən hamiləlik baş tutdu. Hamiləliyin birinci ayındaca bir neçə dəfə düşük təhlükəsi yaşandı. Həkimlər Lorenə ciddi yataq rejimi təyin etdi. Aktrisa xəstəxanaya getdi və səkkiz ay çarpayıdan qalxmadı. Səbri mükafatlandırıldı. Aktrisa tamamilə sağlam oğul anası oldu, adını da Karlo qoydu. Həkimlərin təəccübü sonsuz idi. Dörd ildən sonra Loren yenidən hamilə qaldı. Yenə də səkkiz ay yataqda keçirdi, cüzi fiziki hərəkət belə qadağan idi. Yalnız otaqda bir neçə addım atmağa icazə verilirdi. Bu sınağa da Sofi dözdü. İkinci oğlunu – Eduardonu dünyaya gətirdi. Körpəsinin iki ayı tamam olanda aktrisa uzun illərdən sonra ilk müsahibə verdi. Xoşbəxt təbəssümlə dediyi sözlər ertəsi gün bütün qəzetlərin başlığına yazıldı: “Analıq ayaqların altından üzən buludlardır, uşaq təbəsümü isə dünyanın zirvəsidir”.

 

Şeron Stounun qalibiyyəti
Onun iştirakı ilə çəkilmiş filmlərə hamı baxıb. Bu gözəl, istedadlı, inamlı qadına baxarkən nə qədər mürəkkəb həyat yaşadığını düşünmək çətindir. Uşaqlıqda atın belindən yıxılıb, bir neçə sınıqlar alıb, altı aydan çox gipsdə yataqda keçirib. Amma bu hələ bəlaların başlanğıcı idi. Yeniyetmə dövründə avtomobil qəzası yaşamış və yenə də uzun ayları xəstəxanada keçirmişdir. Daha bir neçə ildən sonra infeksion meningit xəstəliyinə yoluxmuşdur.
Ömrünün dördüncü onilliyində aktrisanı yeni zərbə haqladı. Növbəti mammoqrafiyadan sonra həkimlər Stouna diaqnoz qoydu: süd vəzi xərçəngi. Bunu eşidən aktrisa üsyan etdi: “Bu ola bilməz! İnanmıram!” Müayinələr aylarla davam etdi və sonda həkimlər öz səhvini anlayıb qorxulu diaqnozu ləğv etdi. Aktrisada xərçəng deyil, onun yaşında olan qadınların yarısında olduğu kimi adi mastopatiya aşkar olunmuşdur.
Bir neçə il Stoun fasilə aldı. Məşhur naşir Fil Bronşteynlə ailə qurdu. Sonra yenidən qara zolaqlar başladı. Qırx yaşlı Şeron ana olmaq istədi. Həyat yoldaşı da bunu istəyirdi. Amma bütün cəhdlər uğursuzluqla bitirdi. Bir neçə ildən sonra bir müsahibəsində Şeron demişdir: “Heç vaxt ağlamıram. Həyatımın ən çətin anlarında belə gözlərim yaşarmayıb. Amma həkim deyəndə ki, heç vaxt övladım olmayacaq, hönkür-hönkür ağladım”.
Amma o, “xərçəng” əhvalatını unutmamış və ana olmaq ümidini də itirməmişdir. Başqa heç nə barədə nə düşünə, nə danışa bilirdi. Əsəbi olmuşdur, tez qıcıqlanırdı, ailədə tez-tez söz-söhbət olurdu. Davaların birindən sonra Fil ürək tutması keçirdi və xəstəxanaya düşdü. Özünü müqəssir bilən Şeron günlərlə ərinin yatağının yanında növbə çəkirdi. Sonra Şeron özünü bütövlüklə həyat yoldaşının sağlamlığına həsr etdi. Tədricən hamiləlik arzusu öz aktuallığını itirdi. Cütlük yeni doğulmuş oğlan uşağını övladlığa götürdü. Şeronun bu zaman 42 yaşı, ərinin isə 47 yaşı vardı. Hollivud ulduzları həmişə dayələrin köməyindən istifadə edir. Şeron bu qaydanı pozdu. O, bütün qayğıları özü çəkirdi- süd şüşəsini isidirdi, körpənin bezlərini dəyişirdi, onunla gəzirdi, onu yedirirdi. Özünü dünyanın ən xoşbəxt qadını hesab edirdi.
Oğlunun bir yaşı olanda, Şeron insult keçirdi. Uzun müalicə dövrü başladı. Amma ayaq üstə qalxan kimi aktrisa əri və oğlunun yanına qayıtdı. Hətta yenidən kinoya çəkilməyə başladı. Sonradan daha iki uşağı övladlığa götürdü. Gələcəkdə özünü rejissor və prodüser kimi sınamaq istəyir.

 

İnadkar Ket və dikdaban
Ketlin Terner – “Oskar” sahibi və Amerikanın sevimlisi – ağır sınaqlardan keçib. Hər şey birdən başladı: növbəti çəkilişdə aktrisa dizlərində kəskin ağrı hiss etdi. Bir neçə dəqiqədən sonra ağrı keçdi və Ketlin bu hadisəni unutdu. Amma bir həftədən sonra ağrılar yenə də başladı, amma bu dəfə əlləri, sonra dirsəkləri ağrıdı. Ağrı daha uzun çəkdi. Vəziyyət getdikcə ağırlaşırdı. Oynaqları daha çox ağrıyırdı. Həkimə getdi, müayinələr başladı, məlum oldu ki, aktrisa revmatoidli artritdən əziyyət çəkir. Bu xəstəlik sürətlə inkişaf edir və demək olar ki, bütün oynaqlara yayılır. Hərəkət məhdudlaşır, insan tədricən hərəkətsizləşir.
Ketlin bu proqnoza inanmırdı. Xəstəliyə baxmadan kinoda çəkilir və teatrda oynayırdı. Rollarını hündür dabanlı ayaqqabılarda ifa edirdi. Aktrisanın süzgün yerişinə baxanlar hansı əzablara dözdüyünü bilmirdi. Qrim otağına qayıdandan sonra Ketlin saatlarla divanda uzanıb ağrının keçəcəyini gözləyirdi. Ağrılar isə artıq daimi idi. Nəticədə, Ketlin işdən imtina etməli oldu.
İlk tutmadan altı ay sonra Ketlin artıq kənar kömək olmadan hərəkət edə bilmirdi. Onu çarpayıdan qaldırır, kresloya oturdur, yedirirdilər, çünki qaşığı qaldırmaq belə aktrisaya çətin idi. Bütün günü yataqda idi. Müalicə kömək etmirdi. Daim qəbul etməli olduğu hormonal preparatların təsirindən bir neçə dəfə mədə qanaxması baş vermişdi. Bir dəfə elə güclü qanaxma olmuşdur ki, Ternerin həyatı tükdən asılı idi. Həkimlər müalicə sxemini dəyişdi. Nəticə müsbət oldu – bir həftədən sonra ağrılar azaldı, hətta oynaqların hərəkətliyi bir neçə millimetr artdı. Aktrisa əllərini qaldırmağa başladı. Əldən düşmüş Ketlinə sanki ümid verildi. Son ayların depressiyasından çıxdı, məxsusi onun üçün hazırlanmış gimnastika ilə məşğul oldu. Gündən- günə, ağrıya güc gələrək Terner məşq edirdi. Artıq bir neçə aydan sonra Terner ayağa qalxıb addım atdı. Bir ildən sonra isə demək olar ki, tam özünə gəldi.
Ketlin Terner işinə qayıtdı, filmlərdə çəkildi, yeni tamaşalarda aparıcı rollarda oynadı. Müalicə isə davam edir.


 112    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *