

İnsanın yaşadığı hissləri təcəssüm etmək üçün rəssam fırçasının imkanları çoxdur, amma xəstə adamın duyğularını ifadə etmək hər sənətkara nəsib olmur. Xəstəliyin insanın simasında və daxili aləmində necə əks olunduğunu göstərən dünyaca məşhur sənət əsərləri var.

Uilyam Utermolenin Alsgeymer xəstəliyindən Əvvəl və Sonrakı təsvirləri
Alsgeymer xəstəliyi
Uilyam Utermolenin (William Utermohlen) qocalıq əqli zəifliyin inkişafı prosesində avtoportretləri. Alsgeymer xəstəliyi diaqnozu qoyulduqdan sonra Uilyam Utermolen vəziyyətinin getdikcə ağırlaşmasını əks etdirən avtoportretlər silsiləsini yaratdı. Rəssam bilirdi ki, bu qaçılmazdır. Xəstəlik inkişaf etdikcə və nevroloji pozuntular artdıqca Utermolen öz təsvir tərzini yeni şəraitə uyğunlaşdırmağa çalışırdı. Sonuncu təsvirlərində üz cizgilərini artıq seçmək olmur, amma, bədənin təxmini quruluşu bilinir. 1999-cu ildə Utermolen öz sonuncu portretini yazdı, 2007-ci ildə 74 yaşında isə dünyasını dəyişir.

Taun epidemiyası
Nikola Pussen (1594-1665). “Aşdodda taun”. Taun pandemiyası dövründə insanlar bir neçə saatda ailəliklə tələf olurdu, bütöv qəsəbələr, kiçik şəhərlər məhv olurdu. Yetim qalan uşaqlar elə yaxınları öldüyü küçələrdən başqa ailələr tərəfindən götürülürdü.

Hirsutizm
Cuzeppe de Ribera, “Maqdalena Ventura və onun ailəsinin portreti”, 1631. Əsərdə saqqallı qadın, əri və uşağı təsvir olunub. Maqdalena Ventura həmişə şələ saqqal sahibi olmayıb. Qadının üzündəki kişi tipli tüklənmə 37 yaşında başlayır. Rəsmdə təsvir edilən onun birinci uşağı deyil, amma, hirsutizm fonunda fertilliyi qoruyub saxlamaq son dərəcə çətindir. Birdən-birə izafi tüklənmənin əmələ gəlməsi hormonal pozuntudan, hormonal şişin əmələ gəlməsindən xəbər verir.

Epilepsiya
Favor dağında İsa peyğəmbərin başqalaşması – Rafayel Santi. Bu incil mövzusu epilepsiyanın təsviri ola bilər. Əsərin sağ tərəfində atasının qucağında qıcolma tutmasında çabalayan oğlan uşağı təsvir olunub. Qol əzələlərin relyefi tonik qıcolmaları yaxşı göstərir.

Anadangəlmə sifilis
Rembrandtın əlindən çıxmış Gerar de Laresin portretində anadangəlmə sifilisin əlamətləri yaxşı görünür. Çökmüş burun, dəyişilmiş göz çuxurları, alçaq alın. Cavan oğlan zəngin və nüfuzlu ailədən idi, xeyriyyəçiliklə məşğul idi. Amma sifilis nə varlıları, nə kasıbları seçmir.

Şəxsiyyətin bipolyar pozulması, MDP
Edvard Munk uzun illər maniakal-depressiv psixozdan (şəxsiyyətin bipolyar pozulması) əziyyət çəkirdi. Onun «Bağırtı» əsəri maniakal fazanın durumunu əks edir, nə zaman ki, xəstənin hissləri gərgindir və dəfələrlə güclənə bilər. Edvard Munk əsərin yaranma tarixçəsini belə izah edirdi: «İki dostumla cığırla gedirdim, günəş batırdı, gözlənilmədən səma üzü al-qan rənginə boyandı, ayaq saxladım, üzgün idim. Hasara söykəndim, qaraya çalan göy fyordun və şəhərin üzərindəki qana və alov dilimlərinə baxırdım. Dostlarım uzaqlaşmışdı, mən isə həyəcandan titrəyirdim, yeriyə bilmirdim, təbiəti bürüyən sonsuz bağırtını bütün vücudumla duyurdum».

Xroniki alkoqolizm
Repin, bəstəkar Musorqskinin portreti. Bəstəkarın sağlığında yazılmış yeganə portretini İlya Repin onun ölümündən bir neçə gün əvvəl təsvir etmişdir. Rəssam növbəti alkoqol delirium tutmasından sonra xəstəxanada müalicə alan Musorqskinin yanına gəlir. Əfsus ki, istedadlı bəstəkar içkinin qarşısında aciz idi.

Depressiya
Oturmuş iblis, Vrubel. Rəssam şəxsiyyət pozuntusundan əziyyət çəkirdi, tez-tez depressiyaya düşürdü. «Oturmuş İblis» Vrubelin ən çətin məqamında yaradılmışdır.

Narkolepsiya, yuxulu iflic
Henri Füzeli, «Gecə kabusu». Rəsmdə yuxu iflici (katalersiya) haqladığı adamın vəziyyəti əks olunub. Yuxu iflicində əzələlər boşalır və insanın bədəni iradəsinə tabe olmur. İnsanın sinəsinə ağırlıq çökür, ölüm qorxusu yaranır, yuxu ən gözlənilməz hallarda, ən gözlənilməz vaxtda insanı haqlayır.

Bir cavab yazın