Bagla

Həkimdən soruş

Hekimden sorus







Yaş haqqında doğrular

Yaş psixofizioloji xassələr kompleksidir. Cavan görünmək, özünü cavan hiss etmək mümkün­dür. Plastik əməliyyat həmişə gözlənilən nəticə vermir. Üzünüzü hara qədər istəsəniz dartmaq olar, amma daxildə qoca qalacaqsız.

 

Suyu susadıqca içmək, havanı nəmləndirmək, otağın havasını dəyişmək, düzgün qidalanmaq, gün əleyhinə krem çəkmək, dərini nəmləndirmək sağlam və cavan qalmaq üçün daim eşitdiyimiz, amma daim unutduğumuz məsləhətlərdir.

 

Cavanlığı uzatmağın 10 qaydası
1. Zərərli vərdişlərə ölüm. Siqaret, içki, şəkər, televizorun qarşısında peçenye. Şəkər orqanizmi qocaldır, ona görə də, qənnadı məmulatlarından, konfetdən, şəkərdən uzaq olun. Siqaretin və içkinin zərərindən danışmağa dəyməz. Bunları artıq hamı bilir. Amma alkoqollu içkinin normasından çox adam bixəbərdir. Yaşı 18-dən yuxarı olanlar üçün alkoqolun gündəlik “norması” bir qədəh qırmızı və ya ağ şərab (150ml) və ya 50 ml tünd spirtli içki, misal üçün, konyakdır. Hesab edək ki, bu norma ilə zərərli vərdişin kökünü kəsdik. Davam edək.

 

2. Streyçinq. Ya da dartınma. Yaşı bildirən ilk əlamət çevikliyin olmamasıdır. Görürsüz ki, uzaqdan biri gəlir. Hələ üzünü görmədən yerişindən yaşını təxmin edə bilərsiz. Qıvraqlığı, şuxluğu mümkün qədər çox saxlamağa çalışın. O zaman yaşınızı da geriyə çəkərsiz.
Kiçik bir test aparaq, nəticəsinə görə bioloji yaşınızı təyin etmək mümkündür.
1) Sağ qolunuzu açıb başınızın üzərinə qaldırın. Bu hərəkəti asanlıqla və sərbəst edə bilsəniz, yaşınız 65-dən azdır.
2) Eyni qolunuzu arxaya aparıb əlinizlə kürəyinizin ortasına toxunun. Alındı? Demək, yaşımız 55-dən azdır.
3) Sonra, əlimizi çəkmədən, o biri əlinizi kürəyinizə aparın. Əllərinizi yaxınlaşdırın ki, aralarında lap az məsafə qalsın – bir əl yuxarıda, biri aşağıda. Alındı? Yaşımız 45-dən aşağıdır.
4) Barmaqları birləşdiririk. Yaşımız 35-dən azdır.
Əllərinizi kilidləyə bildiniz? Əla! Yaşımız 25-dən çox deyil.

 

Gündəlik məşq hərəkətləri etməklə bioloji yaşı 10-15 il azaltmaq mümkündür. Bu çoxdur! Həm görünüşünüz, həm ruhunuz cavanlaşacaq.

Onurğanın açılışmasına, dartınmasına görə sadə, amma effektiv məşq hərəkəti:

Düz dayanıb qabağa baxırıq. Asta-asta aşağı çökürük, sanki, axırıq. Bacardıqca aşağı enirik. Sonra başınız aşağıda qalır, beliniz isə qalxır. Fəqərə-fəqərə qalxır. Tədricən, asta-asta. Baş axırda qalxır! 10 dəfə təkrar edirik.

 

3. İdman. Bu, şəxsi uğurlar idmanı olmalıdır. Dünən üçüncü mərtəbəyə piyada qalxdız, bu gün – beşinci. Dünən bir dayanacağı piyada getdiniz, bu gün – iki. Piyada gəzin, rəqs edin, hərəkət edin, skandinav yerişi ilə məşğul olun. Hərəkət, hərəkət, hərəkət edin.

 

4. Quru meyvə və qoz-fındıq. Şirniyyat sevənsiz? Nə qoğal, nə konfet, nə peçenye. Təkcə meyvə, quru meyvə, qoz yeyin. Bunları ömürlük qida rasionunuzdan əskik etməyin !

 

5. Təmiz hava. Təmiz havada gəzmək qədər qan dövranını yaxşılaşdıran, əzələləri gücləndirən, xoş ovqat yaradan heç nə yoxdur. Tez-tez havada gəzin.

 

6. Günəş nəzarətdədir. Günəş dərini qocaldan amillərdən biridir. Çimərliyə mütləq kremlə, gün eynəyi ilə gedin, çətir altında uzanın.

 

7. Seks. Əks cinsə maraq cavanlığı uzadır. Bütün yaşda xoşa gəlmək istəməliyik. İntim münasibətləri unutmayın.

 

8. Özünüinkişaf. Bu, yadda saxlamaq, ünsiyyət qurmaq, əlaqə yaratmaq, yeniliyə yiyələnmək qabiliyyətidir. Yeni kitablar oxumaq, teatra getmək, xəbərlərlə maraqlanmaq həm dünya görüşünüzə müsbət təsir edəcək, həm özünüzə, həm də ətrafınızdakılara maraqlı olacaqsınız. Aktiv olun. Nə qədər ki, aktivsiz, həyata marağınız itməyib, cavan qalırsız.

 

9. Yuxu. Yaxşı olar ki, axşam saat 22.00-dək yatasınız. Bu, boy hormonu üçün vacibdir. Boy hormonu təkcə orqanizmin böyüməsinə deyil, əzələ kütləsinin artmasına da cavabdehdir. Onun hasilatı isə 12 saata qədər çəkir. Odur ki, axşam saat 22.00-dən səhər saat 7.00-8.00 qədər yatmaq cavanlıq üçün son dərəcə vacibdir.

 

Məsləhətlər bu qədər. O qədər sadədir ki, hətta şəkk edirik. Yəni elmi ixtiraların köməyinə, kök hüceyrələrin köçürülməsinə əl atmadan cavan qalmaq bu qədər asandırmı? Məhz belədir, sirr sadəlikdə və müntəzəmlikdədir.

Bir də, nikbinlik və qucaqlamaq həyatı uzadır! Bir-birinizin boynunu qucaqlayın, nəvaziş göstərin, xoş söz deyin! Bacardıqca ürək açın, ürək sevindi­rin, gözləri güldürün, işıqlandırın! Başqalarına bəxş etdiyiniz xoş emosiyalar bumeranq kimi sizi də sevindirəcək. Həyatı, insanları sevin ki, ətrafınız daim sevgi ilə əhatə olunsun. Sevmək-sevilmək hissi sizi qocalıqdan, ahıllıqdan xilas edəcək.


 197    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *