Bagla

Həkimdən soruş

Hekimden sorus







Yay anginası

“BOĞUCU” BOĞAZ AĞRISI
Yay anginalarına görə bütün günahları şəraitin üzərinə atmağa dəyməz. Axı biz özümüz ehtiyatı əldən verərək ofis və ya maşında kondisioneri daha güclü qoşmağa, evdə yelçəkən yaratmağa, soyuducudan buzlu su içməyə çalışırıq.
Bununla belə, isti havada birdən-birə boğazınızın acışmasını, zökəmin başlanmasını, zəiflik və yüngül hərarətin yaranmasını hiss etsəniz, çox güman ki, bu, angina deyil. Əsl angina zamanı zökəm olmur. Boğaz ağrısı da çox zaman faringit kimi meydana çıxır (udlağın selikli qişasının virus tərəfindən törədilmiş iltihabı). Əsl angina zamanı boğaz elə güclü ağrıyır ki, bu, insana nəfəs almağa mane olur. “Angina” sözünün mənası latın dilindən tərcümədə “sıxmaq”, “boğmaq” deməkdir. Hərarət 39-40 dərəcəyə qədər artır, bədəndə sızıltı və baş ağrıları başlayır. Badamcıq vəziləri (qlandalar) iltihablaşaraq şişir, al-qırmızı əsnək fonunda xüsusi ilə seçilən ağ və ya boz ərplə örtülür.
Hətta xəstəliyinizin virus deyil, məhz angina olmasından əmin olduqda belə, həkimə müraciət edin – yalnız o, vəziyyəti səriştə ilə araşdıra bilər. Axı oxşar simptomlar difteriya zamanı da əmələ gələ bilər, həmçinin anginanın cərrahi fəsadları da mövcuddur – abses, fleqmona.

 

“EHTİYAT İGİDİN YARAŞIĞIDIR”
Anginanın konkret hansı səbəbdən əmələ gəlməsini hələ ki tibb işçiləri də dəqiqlik ilə bilmir. İlk baxışdan bu, yoluxucu xəstəlikdir. Lakin anginanın törədiciləri (streptokok, stafilokok, pnevmokok və onlara bənzər), demək olar ki, hər yerdə mövcuddur, o cümlədən insan orqanizmində də. Bu bakteriyalar hücuma orqanizm zəif­lədiyi zaman keçir – misal üçün, soyuqlama, yaxud artıq fiziki gərginlikdən sonra. Bundan başqa, angina, hətta xəstə insanla heç bir təmasda olmayan şəxsdə də başlaya bilər.
Bununla belə, angina ilə xəstə olan şəxsi öpmək, yaxud onun qab-qaşığı, dəsmalı, balınc üzündən istifadə etmək olmaz. Onunla yaxın məsafədə danışmaq da olmaz – bakteriyaların yüksək qatılığı yoluxma ehtimalını artırır.
Yenə də yayda bu xoşagəlməz hadisələrdən qaçmaq üçün orqanizmin daxili və xarici mühitində istilik rejiminin pozulmasına yol verməmək lazımdır.

XƏSTƏYƏ NECƏ KÖMƏK ETMƏK OLAR?
Anginanın müalicə üsullarını həkim təyin edir. Lakin müalicə­nin nəticəsi və müddəti pasiyentdən çox asılıdır. Diaqnoz təyin edilənədək parasetamol əsasında hazırlanmış preparatlardan birini qəbul edin – onlar həm boğaz ağrısını aradan qaldırır, həm də hərarəti endirir. Bütün hallarda toksinləri orqanizmdən xaric etmək üçün çoxlu maye içmək lazımdır – limonlu çay, itburnu həlimi, kompot, isti su. Sonra həkimi çağırmaq lazımdır.
Angina diaqnozu təyin edildikdən dərhal sonra aktiv müalicəyə başlayın. Buraya boğazın tez-tez (gündə 3-4 dəfə deyil, hər saat) antibakterial vasitələr ilə qarqara edilməsi. Boğaza bal ilə arı yapışqanı (propolis), yaxud qliserin ilə lüqol məhlulu çəkmək yaxşıdır.
Adətən, həkim angina zamanı antibiotik təyin edir. Təəssüf ki, onlarsız keçinmək mümkün deyil, çünki ağız boşluğu və gənzikdə irinli prosesin əmələ gəlməsi, insanın müdafiə baryerlərinin artıq mikroblar tərəfindən keçilməsi və orqanizmin köməyə ehtiyacı olmasından xəbər verir. Angina zamanı bu vasitələr mikrofloranın tezliklə yatırılması və sağalmaya gətirib çıxarır. Hətta özünüzü tez bir zamanda xeyli yaxşılaşmış hiss etsəniz də, antibio­tiklər kursunu sonadək qəbul etmək lazımdır. Əks halda fəsadların əmələ gəlməsi mümkündür (onların əksəriyyəti məhz sağalma dövründə əmələ gəlir), bakteriyalar isə antibiotikə qarşı davamlı olacaqdır. Minimal müalicə kursu – 10-12 gündür. Bundan iki həftə sonra isə soyuqdəymə və fiziki gərginliyə yol vermək olmaz.

İSTİ İLƏ MÜALİCƏ
Bu müalicə üsulundan bu gün çoxları imtina edir və çox nahaq yerə. Ən sadə üsul – sadəcə boğazı isti şərf ilə bağlamaqdır. Lakin ev şəraitində araq, yaxud yarıyadək su ilə qarışdırılmış spirtdən istifadə etməklə kompres də etmək olar. Kombinəedilmiş kompres etmək də mümkündür. Bunun üçün 2 hissə bal, 1 hissə aloe şirəsi və 3 hissə araqdan istifadə etmək lazımdır. Kompres üçün adi bitki yağı da yarayar (bal ilə qarışdırmaq olar).
Kompreslərin hazırlanma qaydası belədir: kətan və ya pambıq parçanı bu vasitələrdən biri ilə isladın və çənəaltı limfadüyünləri nahiyəsini əhatə etməklə boğazınıza sarıyın. Üstündən polie­tilen, sonra isə yun şərf ilə bağlayın və sancaq ilə bərkidin. Spirtli kompresi saat yarımdan artıq saxlamaq lazım deyil. Gün ərzində proseduranı bir neçə dəfə təkrarlamaq olar.

 

MƏSLƏHƏTLƏR
İsti havada çox soyuq içki içməyin.
Tərli, qızmış halda suya daxil olmayın.
Kondisioner altında, güclü külək və ya yelçəkəndə (xüsusi ilə də maşında olarkən) oturmayın.
Yalnız məzuniyyət zamanı deyil, il boyu bədəninizi möhkəmləndirin. Zəif boğaz üçün yaxşı möhkəmləndirmə üsulu – müntəzəm olaraq sərin su ilə qarqara etməkdir.
Dişləri və xroniki tonzilliti vaxtında müalicə edin.
Anginanı ayaq üstə keçirməyin – o, çox ağır fəsadlar ilə təhlükəlidir.
Tez-tez angina ilə xəstələnirsinizsə, badamcıq vəzilərini yumaq məsləhətdir. Bu proseduranı həkim poliklinika şəraitində həyata keçirir. Cəmi 10 yuyulma prosedurası çox yaxşı effekt verə bilər.
Zamanın sınağından keçmiş vasitələr:
• 3-4 x. qaşığı sibir kəndalaşı güllərinin üzərinə bir stəkan qaynar su əlavə edin, 10 dəqiqə zəif odda qaynadın.
• 100q qurudulmuş qaragilə meyvələrinin üzərinə 0,5 litr su əlavə edin, suyun yarısı buxarlanana qədər qaynadın.
• 100q doğranmış sarımsaq dişlərinin üzərinə 100ml ilıq su əlavə edərək, 4 saat saxlayın.
• 4 ədəd təzə bağayarpağı yarpağının üzərinə bir stəkan qaynar su əlavə edərək, yarım saat dəmləyin.
• Arı yapışqanı (propolis) parçalarını sorun (bir qəbula 1q).
• Hər 3-4 saatdan bir ağzınızda 1 ç.q. bal sorun.

 

BOĞAZIN PROFİLAKTİK MASAJI
Masaja münasibətdə boğaz bədənin digər hissələrindən heç nə ilə fərqlənmir: masaj onun üçün də faydalıdır. Onu hər gün etmək olar. Əsas üsullar – sığallama və ovuşdurmadır.
1. Boynunuzu əlləriniz ilə elə tutun ki, o, baş və şəhadət barmağı arasında yerləşsin. Əlinizin vəziyyətini dəyişmədən, əvvəlcə bir, sonra isə digər əliniz ilə dairəvi ovuşdurucu hərəkətlər yeri­nə yetirin.
2. Hər əlinizin dörd barmağı ilə dairəvi və boynun ön-yan səthi üzrə qulaq mərcəyindən sinəyə doğru aşağı hərəkətlər etməklə boynunuzu ovuşdurun.
3. Qulaq mərcəyindən çiyinə doğru – sol tərəfdə sağ əliniz ilə, sağ tərəfdə isə – sol əliniz ilə boynun arxa-yan səthini masaj edin.

Vaxtında sağlamlığınızın qayğısına qalın ki, sonra o sizi xəstəliklər ilə üzməsin.


 2719    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *