

Elə xəstəliklər var ki, müəyyən fəsillərdə özünü daha da qabarıq büruzə verir. Məsələn, yay aylarında dəri xəstəlikləri daha geniş yayılır.
Dəri xəstəlikləri müxtəlif qruplara bölünür: onlardan infeksion xəstəlikləri, virus dermatozlarını, dərinin parazitor xəstəliklərini, göbələk xəstəliklərini, allergik dəri xəstəliklərini və s. göstərmək olar.
Yay aylarında daha çox müşahidə edilən dəri xəstəliklərindən biri qoturluqdur. Qoturluq dərinin parazitor xəstəlikləri qrupuna daxildir. Bu xəstəlik insanlara qoturluq gənələri vasitəsi ilə yoluxur. Xəstəlik yaşlılarda qarında, sağrıda və xarici cinsiyyət orqanlarında, qadınlarda döş giləsinin ətrafında, barmaq arası büküşlərdə, büzdüm nahiyəsində müşahidə edilir. Körpə və südəmər uşaqlarda isə qoturluq ovuc və ayaqaltı səthlərdə, dirsək nahiyəsində, üzdə təzahür edir. Sadalanan hissələrdə səpkilərin olması, gecə qaşınması halları qoturluq xəstəliyindən xəbər verir.
Qoturluq xəstəliyinin müalicə edilməsində müxtəlif məlhəmlərdən və məhlullardan istifadə edilir. Ancaq bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
1990-cı illərdə daha çox rast gəlinən bu xəstəlik son vaxtlar azalmaqdadır.
Yayda xəstəliklərdən biri də göbələkdir. Göbələk xəstəlikləri dəri xəstəliyinin böyük bir qrupunu təşkil edir. Onlara dermatomikozlar, deramatofitiyalar, kandidozlar və dərin mikozlar aiddir. Göbələk dəridə, dırnaqların altında çoxalan və mikroskopla görülə bilən kiçik orqanizmlərdir. Bu orqanizmlərə müxtəlif yerlərdə, xüsusilə də, ayaqqabılarda, dəsmallarda, ümumi hamamlarda, gimnastika salonlarında, üzmə hovuzlarının pilləkənlərində və otel xalılarının üzərində çox rast gəlinir.
Bəs göbələk xəstəliklərinin qarşını almaq üçün nə etmək lazımdır? Həkimlərin tövsiyə etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq.
– Dənizdən çıxdıqdan sonra bədəninizi yaxşıca qurulayın.
– Hovuzda, dəniz kənarında başqasına aid səndəl, ayaqqabı və dəsmaldan istifadə etməyin.
– Yaş metlax üzərində çılpaq ayaqla gəzməyin.
– Xəstəliyə ayaqda daha çox rast gəlinir. Bu səbəbdən də ayaqqabınızı nəm saxlamayın. Ayağı tərlətməyən ayaqqabılara üstünlük verin.
– Göbələk xəstəlikləri inadcıldır və müalicəsi uzun çəkir. Ona görə də həkimlərin məsləhətlərinə qulaq asmaq lazımdır. Xüsusən də, genital bölgələrdə yaranan göbələk xəstəliyi yay aylarında daha da artır. Bu bölgələrin çox isti və nəm qalması göbələk törəməsi üçün ideal zəmin hazırlayır. Hovuz və dəniz kənarında yaş çimərlik paltarını əyninizdə çox saxlamayın, onu dəyişsəniz, göbələyin yaranmasının qarşısını nisbətən almış olarsınız.
– Dar və sintetik geyimlər geyinməkdən çəkinin.
– Pambıqdan olan alt paltarları geyinin.
– Ətirli tualet kağızlarından istifadə etməyin. Çünki onlar infeksiya mənbəyinə çevrilə bilər.
Göbələk xəstəliyinin növlərindən olan kandidozlara isə daha çox qadınlarda rast gəlinir. Bu xəstəlik barmaqarası büküşlərdə, qasıq büküşlərində, döş vəzinin altında, qoltuq altı büküşlərdə əmələ gəlir, dəri qızartısı, şişkinlik və sulanma ilə müşahidə edilir. Büküşlərin kandidozu olan xəstələr mütləq şəkərli-diabetlə əlaqədar müayinədən keçməlidirlər. Çünki şəkəri olan xəstələrdə büküşlərin kandidozu xəstəliyinə daha çox təsadüf edilir.
Yay aylarında insanların tez-tez yoluxduğu xəstəliklər sırasında müxtəlif allergiyaları da göstərmək olar. Kimyəvi maddələrdən və dərman preparatlarından, çeşidli süni qidalardan istifadə edilməsi, həmçinin ekoloji dəyişiklik yay mövsümündə allergik xəstəliklərin çoxalmasına səbəb olur. Allergik dermotitlər və ya kantakt dermotitləri müxtəlif amillərin bilavasitə dəriyə təsiri nəticəsində əmələ gəlir və bu dəridə qızartı, sulanma, qabıqlanma ilə müşahidə olunur. Toksikodermiyalar isə müxtəlif vasitələrin – dərman preparatlarının, qidaların bilavasitə orqanizmə daxil olması nəticəsində yaranır. Xəstəlik dəridə qızartılarla bərabər, qaşınma ilə də müşahidə edilir.
Dermatit və toksikodermiyaların müalicəsində, ilk növbədə, xəstəliyi əmələ gətirən səbəb aradan qaldırılmalıdır. Allergik xəstələr onlara ziyan verən hər hansı bir dərmanı, kimyəvi maddələri təkrarən qəbul etməkdən çəkinməlidirlər.
Toksikodermiyaların ağır formalarından olan layer sindromu isə ölümlə nəticələnə bilər. Odur ki, allergiya xəstəlikləri olan insanlar mütləq vaxt itirmədən həkimə müraciət etməlidirlər.
Yay aylarında, əsasən, günəş şüaları altında işləyən insanlarda fotodermatozlar çoxalır. Fotodermatozlar günəş şüalarının, əsasən də, ultrabənövşəyi şüaların təsirindən yaranır. Bədənin açıq yerlərində – üzdə, başda, əllərdə qızartı, şişkinlik, qabıqlanma, düyüncüklər və piqmentasiya ilə müşahidə edilir. Fotodermatozların müalicəsində həkim məsləhəti ilə müxtəlif dərmanlar qəbul etmək lazım gəlir. Bununla bərabər bədənində fotodermatoz olanlar günəş şüalarından qorunmalı, örtülü yerlərdə işləməli, günəş şüalarına qarşı qoruyucu kremlərdən istifadə etməlidirlər. Çimərlik mövsümü ilə əlaqədar fotodermatozlu, həmçinin qırmızı qurd eşənəyi olan xəstələrin günəşli havada dənizə getməmələri, günəş şüaları altında olmamaları məsləhət görülür.
Dəridə hansısa problemləri olan xəstələr mütləq həkimdən yardım almalı, özbaşına müalicə fikrinə düşməməlidirlər. Çünki dəri – insan orqanizmini xarici təsirlərdən qorumaqla yanaşı, maddələr mübadiləsində iştirak edir, orqanizmin temperaturunu tənzimləyir, zərərli maddələrin orqanizmdən xaric olunmasında mühüm rol oynayır.
Bir cavab yazın