Bagla

Həkimdən soruş

Hekimden sorus







Küsəyən, yoxsa şıltaq?

“Bu, nə uşaqdır? Heç kimə qulaq asmır! Heç kimdən çəkinmir!” – bu sözləri çox valideynlər deyir. Həqiqətən, demək olar ki, itaətsizlik böyüyən nəslin xüsusiyyətinə çevrilib. Niyə belə olub? Səbəblər çoxdur. Biri də böyüklərin valideyn kimi yetkinsizliyidir. Gənc ana və atalar üçün indiki vəziyyətləri yenidir, çünki, adətən, ailələrinin yeganə övladı olmuş uşaqlar analarının kiçik bacı-qardaşlarının qayğısını çəkməsinin şahidi olmayıb, özləri ona bu işdə kömək etməyib. Təcrübəsiz valideynlər uşaqların nazı ilə oynayır, onun şıltaqlığına göz yumur. Hər dəfə övladına qarşı göstərdiyi münasibəti çək-çevir edir, ondan şəksiz itaət tələb etməyi düzgün hesab etmir. Bunu, hətta çağa da duyur və sözə qulaq asmır.
Amma, başqa cür də olur. Deyək ki, hər ikisi ciddi şəraitdə tərbiyə almış ata və ana özü üçün qərar verir ki, ilk övladlarını sərbəst böyüdəcək. Amma həyatlarını diqqətlə təhlil etsəydilər, yəqin ki, valideyn sərtliyinin onlar üçün zərər yox, fayda verdiyini anlayardılar. Bəzənsə valideynlər sadəcə az müqavimət yolu ilə gedirlər. Axı, güzəştə getmək israr etməkdən asandır.
Uşaq sözəbaxan böyüsün deyə, valideynlər daxilən əmin olmalıdır ki, tələbləri mütləq yerinə yetirilməlidir. Bunun üçün bir fikir bərqərar olunmalıdır – itaət, ilk növbədə, uşağın xeyrinədir. Niyə?
Əvvəla, ona görə ki, böyüklərin sadəcə həyat təcrübəsi böyükdür. Sonra, gündəlik həyatımızda hər gün elə vəziyyətlər yaranır ki, valideyn nəsihətinə dərhal cavab verilməsə, uşaqların sağlamlığı, hətta həyatı təhlükəyə məruz qala bilər. Valideynlər özü haqlı olduğuna əmindirsə, uşaqlar üçün yaşamaq daha asan və rahat olur, onlar özünü qorunmuş hesab edir. Davranışı müəyyən çərçivəyə yönəlirsə, uşaq daha intizamlı, sakit olur, özünü cəmləməyi bacarır. Sonradan bu keyfiyyətlər ona fayda verəcək.
Həyatınızda bir dəfə də olsun hər hansı vərdişinizi dəyişməyə ya ondan azad olmağa cəhd etmisinizsə, bunun nə qədər çətin olduğunu bilirsiniz. Təsəvvür edin ki, uşaq üçün bu nə qədər çətindir, xüsusən də, hiperaktiv uşaq olarsa.
Səhvlərini övladınızla müzakirə edin. Qoy davranışını təhlil etsin: “Bax, gör sənin dediklərin yaxşı səslənir? Başqa cür demək olmazdı?” Uşağınızla bir yerdə səsinizin kəskin, kobud, əmr tonunu daha sakit, xeyirxah çalara dəyişməsi üzərində işləyin. Hətta ən xırda uğurlarını belə qeyd edin, səsləndirin, dəstəkləyin. Səylərinə görə tərifləyin. Özünüz də onunla birgə dəyişin. Uşaq evdəkilərlə daha sərbəst davranmağa alışır. Onun tərsliyinə cavab verməyin, dediyinizi yeridin (bunun üçün dediklərinizin ona doğrudan da fayda verəcəyinə əmin olmalısınız). Övladınızla isti, səmimi münasibətlər qurun. Sevginizi onu qucaqlamaqla, öpməklə, onunla birlikdə yaradıcı işlə məşğul olmaqla, səmimi söhbətlə ifadə edin. Diqqət və məhəbbət, istilik uşaqların qəlbində aqressivliyi söndürür. Ailənizdəki mühitə, davranış və ünsiyyət qaydalarına diqqət yetirin. Adətən, uşaqlar ətrafında eşitdiyini və gördüyünü götürür.
Dini kitablarda da yazılıb: “Qamçısını əsirgəyən oğlunun düşmənidir; övladını sevən onu cəzalandırır”. Əslində, sözlə, hətta sərt baxışla uşağın qəlbini daha çox sındıra bilərik, nəinki şapalaqla. Bəzən şıltaqlığın qarşısını sərt tərbiyə üsulu ilə kəsməli oluruq. Düzdür, burada bir incə məqam var. Uşağın yumşaq yerinə vurulan adi, zəif şapalaq, əslində, o qədər də zərərsiz deyil. Ananın həmişə mərhəmətli, nazlayan əlləri birdən-birə cəza alətinə çevrilir. Bunu qəbul etmək uşaq üçün ağırdır. Odur ki, şuluqluq edən, sözə, nəsihətə məhəl qoymayan uşağı çərçivəsinə qaytarmaq üçün yaxşı olar ki, qayışdan istifadə edəsiniz. Təbii ki, heç bir şüurlu valideyn övladına ağrı verməz. Burada qayış ağrı mənbəyindən daha çox valideynlərin son dərəcə narazılıq rəmzidir. Bu, o deməkdir ki, uşaq özünü çox pis aparır, bu dəfə söhbət ciddi olacaq.
İndi gəlin övladın qarşısında günahı yumaqdan danışaq. Əvvəla, günahın nədən ibarət olduğunu araşdıraq. Gənc anaların çoxu yaxşı ana təsəvvürü yaratmağa o qədər can atır ki, uşaqla ciddi davranmaqdan çəkinir. Bununla vəziyyəti daha da dərinləşdirir. Valideynlərin səsində tələbkarlıq olmayanda, güzəşt olunanda uşaq söhbətin ciddiliyini sadəcə anlamır. Odur ki, günah varsa da, o, vəziyyətin kəskinləşməsinə yol verməkdir.
Səhvə yol verdikdən sonra onun haqqında düşünmək imkanı uşaq üçün çox vacibdir. Biri var, böyüklər səni danladığı anda, şıltaqlıq etdiyin məqamda peşiman olasan, biri də var, hisslər soyuyub və atdığın atdımı nə üçün atdığını, nə üçün bunu etməli olmadığını sakitlikdə düşünəsən. Belə olarsa, uşaq öz əməlini özü araşdırır və səhvini anlayır, qəbul edir. Bunun üçün ona şərait yaratmaq lazımdır. Yaxşı olar ki, ürəyini boşaltmaq üçün yanında nənəsi, babası olsun. Hər dəfə danlanıldıqdan sonra onunla bölüşsün, hərəkətlərini onunla müzakirə etsin, daha belə etməyəcəyinə ona söz versin. Növbəti dəfə kobudluq etmək istəyərsə, nənəyə verdiyi söz yadına düşər, düşünər ki, axı yenə də onu məyus edəcək və özünü saxlayar. Kömək üçün ailədəki ağbirçəyə, ağsaqqala müraciət etmək heç də valideyn kimi zəifliyini göstərmək deyil. Bu, həqiqi, səmimi köməkdir. Əsl kömək. Necə olur ki, xəstələnəndə həkimə üz tutmaqdan çəkinmirsiz, amma ailənin böyüklərindən qaçırsız? Nənə, baba məsləhəti, qayğısı, sığalı, dinləmək və anlamaq müdrikliyi, onların duası əvəzolunmaz nadir sərvətdir.
Təbii ki, valideyn birliyi ailədə uşaqların düzgün tərbiyəsi və xoş psixoloji mühitin əsasıdır. Əfsuslar olsun ki, çoxları bu həqiqəti unudur ya bilərəkdən “xatırlamır”. Uşağın tərbiyəsinə aid məsələlərdə valideynlər mübahisə edirsə, onda belə bir təəssürat yaranır ki, valideynlərdən biri ona qarşı ədalətsizdir, onu sevmir. Özünüz deyin, hansı cəzanı qəbul etmək sizin üçün daha asandır – ədalətli, yoxsa ədalətsiz? Təbii ki, ədalətli. Uşaq özü ya da anasının təsiri altında atasının ədalətsiz olduğunu və onu sevmədiyini düşünməyə öyrəşmişsə, atasının bütün nəsihətlərini ağır yara kimi qəbul edəcək. Çətin ki, ata övladını hər dəfə səbəbsiz, sərt cəzalandırsın. Belə olmur. Atanın sözlərindən incimək yox, onları diqqətlə dinləmək, öz davranışını düzəltmək lazımdır. Hətta atanın bəzən artıq görünən sərtliyi də uşağın xeyrinədir.
Uşaq bir növ stress vəziyyətləri yaşamaq, onlardan çıxmağı öyrənir. Bir düşünün, övladınız hansı həyatda yaşayacaq? Yəqin ki, həyatında kobudluqla, sərtliklə də rastlaşacaq. Necə qəbul edəcək bunu? Şok kimi? Dəhşətli sarsıntı kimi? Ata nəsihəti ona həyatın gerçəkliklərinə uyğunlaşmağa böyük köməkdir, əsl məktəbdir.


 1271    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *