

Məzuniyyətdən heç bir həftə keçməyib, özümüzü yorğun və əzgin hiss edirik. Elə bil, heç istirahət etməmişik. Nədir bu – gizli xəstəliyin əlaməti, yoxsa depressiyanın başlanğıcı?
Məzuniyyətdən sonra pəhriz saxlamağa dəyər. Çox vaxt ruh yüksəkliyi əvəzinə hiss etdiyimiz əzginliyin səbəbi məhz nə yeməkdə, nə həyat tərzində heç bir ölçü gözləmədən istirahət etməyimizdir. Elədirsə, istirahətdən qayıdış da səliqəli olmalı, iş rejiminə keçid rahat olmalıdır. Çünki çox vaxt əhvalımızın olmaması istirahətdə, xüsusən, dəniz istirahətində nəzərimizdən qaçan artıqlıqdır. Hisslər, təamlar və spirtli içkilərdən doyuruq. İqlim dəyişməsi mübadilə prosesləri səviyyəsində stress yaşadır. Orqanizmdə təbii turşu və qələvi tarazlığı pozulur. Çimərlikdə yediyimiz qutablar, qarğıdalı, meyvə, pivə, kvas, qazlı içiklər, yağlı ət və dəniz məhsulları mədəmizdə qarışaraq orqanizmdə həddən artıq turş mühit yaradır.
Qazancımız isə süstlük, narahatlıq, ağrılı hissiyyatlar olur. Bura sancır, ora sancır. Bu, sinir reseptorlarının əzələdə toplanmış turşu ilə qıcıqlanmasıdır.
Tarazlığı bərpa etmək üçün bir yaxşı və sınanılmış üsul var – pəhriz. Yaşıl rəngli tərəvəzlə müalicə olunun. A və C vitaminləri də orqanizmi bərpa edir. Yerkökü şirəsi için, yaşıl alma və armud yeyin. Üzüm və sitrus meyvələri isə hələ gözləsin. Qazlı içkiləri unudun. Kvas, evdə hazırlanıbsa, içmək olar.
Kalsiumlu məhsullara üstünlük verin. Qadınlar üçün son dərəcə əhəmiyyətli olan bu mineralın səviyyəsi yayda kəskin azalır. Kalsium ehtiyatı artıq turşuluğun neytrallaşmasına sərf olunur. Bu dövrdə bölgülü qidalanma əsl yerinə düşür. Ac qalmaq olmaz, amma həzmi tezləşdirmək lazımdır. Bunun üçün zülalları, yağları və karbohidratları mümkün qədər ayırmaq lazımdır. Tərəvəzli salat yeyin, qazsız mineral su için, çəki də tədricən azalacaq.
Çox vaxt dənizdən sonra allergiya əmələ gəlir. Hətta əvvəllər belə problem yaşamayanlarda belə. Səbəblər arasında həm orqanizmin həddən artıq turşulanması, həm gün istisi, həm dəniz məhsullarından aldığımız yad dəniz zülalı da ola bilər. Üç günlük bütün allergenlərdən – şokoladdan, qəhvədən, baldan, kolbasadan, hətta yuyucu vasitələr və şampunlardan imtina edin. Həmin günlər aktivləşdirilmiş kömür, smekta və mineral qazlı sular için. Qaz sorbent kimi sizə yardımçı olacaq. Vannaya dəmrovotu əlavə edin.
Allergiyanın səbəbi bağırsaq parazitləri də ola bilər. Profilaktika naminə üç gün antihelmint preparatlar için və sonra analiz verin. Bu sadə tədbirlər, hətta ən coşqun, təəssüratlı məzuniyyətdən sonra gücünüzü və sağlamlığınızı qorumağa kömək edəcək.
Öz görünüşündən narazı olan qadının əhvalı yaxşı ola bilməz. Məzuniyyətdən sonra belə hallar çox olur. Arzuladığınız qaralma və təravətli üz çaları ilə yanaşı, artıq qırışlar, xallar, piqment ləkələri, dəri qıcıqlanması da “qazanırıq”. Bu, susuzlaşmanın nəticəsidir. Dəniz duzu, şüalanma və külək öz işini görür – əlləri və üz dərisini qurudur və codlaşdırır. Təcili tədbir görülməsə, fəsadlar uzun müddət qala bilər.
Piqment ləkələrinin ən yaxşı çarəsi kimyəvi pilinqdir, amma onu oktyabr-noyabr aylarından tez etmək məsləhət deyil. Dəniz istirahətindən dərhal sonra skrabdan istifadə etmək olmaz. Ən yaxşı vasitə – enzim tərkibli və yuxarı dəri qatını təmizləyən yumşaq pilinq-maskalardır. Bu, tamamilə zərərsiz, həftəlik qulluqdur.
Nəmləndirici proseduralara xüsusi diqqət ayırmaq lazımdır. Dərini dərindən nəmləndirmək lazımdır. Kollagen və xitozan maskalar gözəl nəticə verir. Xitozan dəniz heyvanlarının qınından alınır, yəni dəniz mənşəli zülaldır. Dəniz nemətlərindən istifadə edilən proseduralar isə qadın dərisi üçün son dərəcə faydalıdır.
Dəniz duzlu vannalar, yosunlu kremlər həm təravəti, həm də istirahətdən aldığınız təəssüratları qoruyur. Belə proseduraları sonraya saxlamaq olmaz, çünki qırışları tez və asan aradan qaldırmaq yalnız təzə yaranan kimi mümkündür.
Günəş yanıqlarının yerində sonradan çətin gedən piqmentasiya əmələ gəlir. Belə dəriyə nəmləndirici vasitələrlə yanaşı E vitamini, aromaterapiya da lazımdır. Gün əleyhinə kremlərdən istifadə etmədən çimərliyə getmək olmaz. Ağ dərili qadınlar gün yanıqlarına mütləq depantenol tərkibli krem çəkməlidir.
Mezoterapiya dəri üçün gözəl vasitədir. Askorbin, gialuron turşulu və üzvi silisium tərkibli xüsusi kokteyllər var. Askorbin turşusu şüalanmanın zərərini neytrallaşdırır, gialuron turşusu dərini nəmləndirir, silisium isə kollagenin istehsalını artırır.
Bir cavab yazın