Bagla

Həkimdən soruş

Hekimden sorus







Gözəllik cövhəri

Gözəlliyə pərəstiş edənlər hər zaman olub. Bəs, görəsən, uzaq keçmişdə nənələrimiz təravətini necə qoruyurdu? Cavanlıq cövhərlərini kim hazırlayırdı? O kəşflərdən hansı bu günün kosmetik vasitələrinə həyat verib?

 

Kosmetoloqlar İmxotep və Praxotep
Qədim misir təbibləri zadəganlar üçün kremlər yaratmışdır. Bütün vasitələrin əsasını bitki və heyvan yağları təşkil edirdi. Məhsulun təyinatından asılı olaraq, qiymətli yağlar, ot və çiçək cövhərləri, qiymətli daşların tozu əlavə edilirdi. Kremlərin köməyi ilə zəngin misirlilər dərisini ağardır, qırışları hamarlayır, üzünü və bədənini tüklərdən təmizləyirdi.
Bu gün quru dəriyə qulluq vasitələrinin çoxunun tərkibində yağlar var. Zeytun, badam, şaftalı, karite – bu yağların dəri üçün faydası məlumdur. Heyvan yağları isə kosmetik məhsullara qatılmır.
Kosmetoloqlar Hippokrat və Diokl
Qədim yunan təbibi Hippokrat və onun şagirdi Diokl yüzlərlə müxtəlif kosmetik tərkib hazırlamışdır. Bir çox reseptlər şərq xalqlarından götürülmüş, bəziləri doğma yurdun otları və çiçəklərindən hazırlanmışdır. Əksər kremlərin tərkibinə zeytun və palma yağları, az hallarda kərə və gənəgərçək yağları qatılırdı.
Bu gün bitki tərkibli kosmetika ikinci həyatını yaşayır. Doğrudur, artıq kremlərə bitki şirələri və həlimləri qatılmır. Bitki cövhərlərindən yalnız lazım olan birləşmələr alınır.

 

Kosmetoloq Klavdiq Qalen
Mark Avrelinin şəxsi həkimi romalı Klavdiy Qalen əsl kosmetik inqilab etmişdir. İlk dəfə mum, su, badam yağı və spermaseti qarışdırmaqla koldkrem adlanan tərkib yaratmışdır. Qarışıq dərini yumşaldır və qidalandırır, olduqca hamar edirdi. Qəribədir, amma mötəbər brendlərin çeşidində də bu gün eyni adlı kosmetik vasitələr var. Tərkibi də oxşardır – komponentlərin siyahısına su və bitki yağlarından biri daxildir.

 

Kosmetoloq Əbu əl Qasım
Orta əsrlərdə, Xaç yürüşləri dövründə, avropalılar özü üçün Şərq sirlərini kəşf etmişdir. Büxur və kosmetik vasitələrin reseptləri də həmin sıradandır. Onların çoxunun müəllifi doktor Əbu əl-Qasım idi. Təbib yüzdən çox cavanlaşdırıcı krem, məlhəm və sürtküləri yaratmış və təsvir etmişdir. Komponentlər sırasında qaymaq və müxtəlif heyvanların südü var idi – inək, at, eşşək. Məntiq də burdadır. Bu gün məlumdur ki, süd qida maddələri ilə zəngindir və dərini yumşaldır. Müasir şirkətlərin məhsul çeşidində süd proteinləri əsasında hazırlanmış vasitələr geniş yer tutur.

 

Kosmetoloq Henrix Mondvil
1306-cı ildə ingilis həkimi Henrix Mondvil aromatik yağların kosmetikada istifadəsinə bütöv bir əsər həsr etmişdir. Qızılgül suyunun faydalı cəhətlərinə xüsusi diqqət yetirilmişdir. Alimin iddiasına görə, qızılgül suyunun gündəlik istifadə edilməsi dərini cavanlaşdırır, üzün rəngini təravətləndirir.
Qızılgül suyunu indi də apteklərdə və kosmetik mağazalarda tapmaq olar. Cavanlaşdırıcı vasitə hesab edilməsə də, dərini nəmləndirməsi, sakitləşdirməsi və təravətləndirməsi sübuta yetirilib.

 

Kosmetoloq Rene Florensiyalı
İntibah dövründə həm xanımlar, həm kişilər kosmetikadan bol istifadə edirdi. Yekaterina Mediçinin parfümeri, məşhur Florensiyalı Rene öz sifarişçisinə kremlər, dodaq boyaları, kirşan və başqa vasitələr hazırlayırdı. Doğrudur, onların tərkibi müasir kimyaçıları dəhşətə gətirə bilər – elə, ağardıcı məlhəmlərin tərkibinə qatılan qurğuşunun adını çəkmək kifayətdir. Amma Florensiyalının bəzi ixtiraları bu gün də istifadə edilir. Məsamələri tıxamayan, dərini hamarlaşdıran düyü kirşanı tonal vasitələrin tərkibinə əlavə edilir.

 

Kosmetoloq İohann Trommsdorf
XVIII əsrdə kosmetika hələ də kiçik emalatxana­larda hazırlanır, reseptlər isə atadan oğula keçirdi. Sürtkü, dodaq boyaları və losyonların hazırlanması üçün talk, mum, ətirli bitki cövhərləri istifadə edilirdi. Bununla belə, qurğuşun və bismut kimi təhlükəli metallar dəb həvəskarlarının sağlamlığını alırdı.


 154    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *