Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailədə qısqanclıq

Qısqanclığa narkotik kimi aludə olmaq mümkündür. Əhvalı ümidsizlikdən heyranlığa qədər dəyişən insan adi həyatı cansıxıcı və yeknəsəq qavrayır. Sonda hər şey nevrozla bitir. Psixoanalitiklərin fikrincə, kişinin sədaqəti uşaqlıqda anasından gördüyü münasibətdən asılıdır. Ana övladını atasına qarşı kökləyibsə ya hər şeyə irad tutubsa, oğlan özü üçün belə nəticə çıxarır ki, onu hansısa məqsədə görə istifadə edir, olduğuna görə sevmirlər. Sonradan bu insanlar ömrü boyu öz əhəmiyyətini sübut etməyə çalışırlar.
Çox güman ki, yoldaşınız nə vaxtsa onu sevdiyinizə inanıb – əks halda, nəyə görə başqa qadınla deyil, məhz sizinlə evlənib? Həmişə olduğu kimi, adi günlərdə əzizlərimizə hisslərimizi bildirməyi unuduruq. Yəqin, məhz ona görədir ki, yoldaşınız hissləri kənarda axtarır.
Əriniz sizə əzizdirsə, xəyanətləri ilə nə demək istədiyini anlamağa çalışın. Aranızdakı sıxıcı boşluq nə vaxt və nədən yaranıb? Bunu bilmək üçün onunla səmimi söhbətə ehtiyacınız var.
Hətta özünə tam əmin olan kişilər də kiminləsə müqayisə olunmaqdan ehtiyat edir və qadın xəyanətindən son dərəcə ağır əzab çəkir.
Ərlərini daim izləyən, hər dəqiqə zəng edib onun harada olduğunu, nə etdiyini soruşan qadınlar bilməlidir ki, əslində özünə pis edir. Nəzarətdə olan şəxsin ondan çıxmaq arzusu güc­lüdür.
Təqib qıcıqlandırır və qiyam oyadır. Əriniz yeniyetmə kimi “acıqdan” zənglərə cavab verməz, telefonu doldurmağı “unudar”, əhatə xaricində ola bilər.
Qısqanclıq etməklə vəziyyəti daha da ağırlaşdırırsız. Ərinizin nəzarət dairəsindən “itməsindən” üzülür, “əlaqəyə çıxmasından” sevinirsiz. Bu təzadlı hisslər narkotik kimi çəkir. Yaşadığınız hisslər adi həyatınızı kölgədə qoyur. Amma belə çox davam edə bilməz. Uzun müddət son həddə yaşamaq əsəbləri üzür. Özünüzə məşğuliyyət tapın: kurslara gedin, rəfiqələrinizlə ünsiyyət qurun. Ərinizin bu anda nə etdiyini düşünməyin.
Romantik şərait – şamlar, şərab, söhbətlər – kişidən çox qadına lazımdır. Bu cür süni üsul­larla kişinin diqqətini cəlb etmək çətindir. Doğrudan da sizə xəyanət edirsə, bu davranışınız onun günahını azaldır. Gözəllik salonu, nəfis alt paltarı – bununla sanki deyirsiz: “Hə, mən bir az özümü boş buraxdım, özümə baxmadım, indi səni anlayıram və bağışlayıram”. Yeni görünüşünüz ərinizi xəyanətdən çəkindirməyəcək.
Qadın jurnallarında məsləhət verilir: rəqibinə bax və ərinin axtardığını anlayacaqsan. Qadın başlayır özünə “düzəliş” verməyə, özünə xas olmayan cəhətləri götürür və… özünü tamamilə itirir. Kişi isə öz üslubunda təbii görünən sevgilisinə daha çox bağlanır.
Daha pisi də olur: qadın öz ərinə qarşı ikrah hissi bəsləyir. Hamımız istəyirik ki, bizi olduğumuz kimi sevsinlər. Ona görə də bizi dəyişdirməyə çalışanları bağışlamırıq.
Qısqanclıq hissini hamı keçirə bilər. Gerçək ya uydurulmuş xəyanətə hər kəs coşqun münasibət bildirər. Amma bəzi xəstəliklər zamanı qısqanclıq sayıqlaması əmələ gəlir. Xəstəliyi tanımaq asandır. Qadının ona xəyanət etdiyini düşünən normal kişi qəlbində bunun yalan olmasını istəyir. Qadın vaxtının çoxunu onunla keçirirsə, telefonla giz­li zənglər etmirsə, ona diqqətlə yanaşırsa, kişi sakitləşir.
Söhbət xəstəlikdən gedirsə, qadının ona sadiq olduğunu biləndən sonra da kişi qısqanclıq üçün bəhanə axtarır. Yəni siz ona doğru addım atırsınız, o isə geri çəkilir. Belə hallarda onu dilə tutub həkimə göstərmək lazımdır.
Kişinin qəlbində qəsdən qısqanclıq oyat­maq təhlükəli və ləyaqətsiz hərəkətdir. Bəli, kişi bir müddət sizin gerçək ya yalançı pərəstişkarlarınızdan yaxşı olduğunu göstərməyə çalışacaq. Amma bu o demək deyil ki, daha çox sevəcək. Təhrikin sonu acınacaqlıdır – xəyanəti kişi özü edir. Təəssüf, qisas, “ədalət” hissindən irəli gələrək.
İnsanı “oynatmaq”, istifadə etmək cəhdləri heç vaxt münasibətləri bərkitmir. Əksinə, yadlaşdırır. Ərinizin hisslərini oyatmaq istəyirsizsə, deyin ki, çoxları sizinlə olmaq istəyərdi, amma siz onu, hamıdan yaxşısını seçmisiz.
İstəsək də, istəməsək də, hər birimizin daxilində mənəvi dəyərlər mövcuddur. Kişi qəlbən anlayır ki, xəyanət etmək pisdir. Amma özünü qınayaraq yaşamaq daha ağırdır. Özünü şüurlu surətdə inandırmağa çalışır ki, bunu etməyə məcburdur, coşğundur, qadını ürəyincə deyil. Amma vicdanı aldatmaq olmaz. O zaman ona görə özünü qınadığı cəhəti qadında da axtarmağa çalışır.
Şübhələrdən cana doymuş qadınlar bəzən olmayan hərəkətləri boynuna alır. Bunu etmək olmaz. Əvvəla, münaqişə daha da artacaq. İkincisi, istədiyi təsdiqi eşidəndən sonra bir müddət kişinin vicdanı rahatlaşacaq.
Ərini olduğu kimi qəbul edirsə, onun xəyanətini bağışlayırsa, qadın onun qısqanclığını və şübhələrini də güzəşt etməlidir. Hesab etməlidir ki, kişi bununla özünü cəzalandırır.


 1401    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *