Bagla

Həkimdən soruş

Hekimden sorus







Hipertoniya xəstəliyi barədə nələri bilməliyik?

 

2005-ci ildən Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə hər il mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü kimi qeyd edilir. Bu ilin mövzusu ‘Sağlam Həyat tərzi – Sağlam Qan Təzyiqi’ dir. Yüksək qan təzyiqi müasir bir epidemiya olaraq xarakterizə olunur. Hipertoniya xəstəliyi olan insanlar  müalicə alır və daim tibbi nəzarətdə olurlar. Lakin elə Hipertoniyalı xəstələr də var ki,  onlar özlərində  arterial təzyiqinin yüksək olduğundan xəbərsizdirlər. Nəzərə alsaq ki, Hipertoniya dünyada ürək və insult xəstəliklərinın ən başlıca səbəbi sayılır. Nəzarət və vaxtında müalicə edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər. Bu səbəbdən Hipertoniya xəstəliyi, onun müalicəsi, müalicəsiz qaldıqda yaratdığı fəsadlar barədə oxucularımıza ətrfalı məlumat vermək üçün suallarımızı Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədovaya yönləndirdik.

 

– Günay həkim, Hipertoniya xəstəliyi nədir?

– Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Gəlin əvvəlcə, qan təzyiqinin nə olduğunu aydınlaşdıraq. Qan təzyiqi bədəndəki qanın ən vacib qan damarları olan arteriyaların divarlarına göstərdiyi təzyiqdir. Qan təzyiqinin səviyyəsi insan sağamlığının ən yaxşı göstəricilərindən biridir.  Hipertoniya qan təzyiqinin həddindən artıq artması, yüksəlməsi ilə xarakterizə olunur.

Hipertoniya xəstəliyi ürək-damar sisteminin ən çox yayılmış xəstəliyidir. Bu, davamlı yüksək qan təzyiqidir. Arterial təzyiq arteriyaların və ya onların kiçik damarlarının – arteriolların daralması baş verdikdə yüksəlir. Başqa sözlə desək, hipertoniya qan təzyiqinin 140/90-dan yuxarı davamlı artması ilə müşayiət olunan patoloji haldır. Bu, daxili orqanların işində dəyişikliklərə, eləcə də insanın əhvalının pozulmasına səbəb olur. Bu xəstəlik getdikcə irəliləyən xarakter daşıyır. Hipertoniya diaqnozu iki fərqli gündə aparılan təzyiq ölçmələrinə əsasən, hər iki gündə sistolik təzyiqin 140 mm Hg-ə bərabər və ya ondan çox olduğu hallarda qoyulur.

 

– Hipertoniya xəstəliyinə hansı yaşlarda daha çox rast gəlinir?

– Pasiyentin arterial təzyiqini artıq 18 yaşdan sonra təqib etməyə başlayırıq. Yaşadığımız qloballaşan dünyada hipertoniya xəstəliyi də getdikcə cavanlaşır. Əgər əvvəllər adətən yaşı 40-ı keçmiş insanlar bu xəstəlikdən əziyyət çəkirdisə, hazırda gənclər də xəstəliyin qurbanına çevrilib. Ona görə də, hər bir evdə qan təzyiqini ölçən tonometr olmalı, bütün ailə üzvləri ondan istifadə etməyi öyrənməlidirlər.

Bu xəstəliyin bir mənfi cəhəti də ondan ibarətdir ki, o, tamamilə simptom müşahidə edilmədən, yəni əlamətsiz irəliləyir. Həkimlər hipertoniyanı “lal qatil” də adlandırırlar.

 

– Hipertoniya xəstəliynin yaranma səbəbləri haqqında nə deyə bilərsiniz?

– Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınına çətinlik yaradan kiçik damarların daxilində boşluğun azalmasıdır. Sadə dildə desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır, arterial təzyiq yüksəlir, çünki ürək əzələsi qanı axına itələmək üçün daha çox qüvvə tələb edir. Xəstəliyin inkişaf riskinə aşağıdakı amillər aiddir:

  • Xəstənin yaşı;
  • Xolesterinin səviyyəsi (6,5 mmol/litrdən artıq);
  • İrsi (qohumlarda ürək-damar xəstəlikərinin olması);
  • Siqaret çəkmək;
  • Piylənmə;
  • Şəkərli diabet;
  • Yaşlı insanlarda oturaq həyat tərzi;

 

Hipertoniya xəstəliyinin yaranma səbəblərinə həmçinin, yağlı və duzlu yeməklərdən, un məmulatlarından, şəkərdən çox istifadə aiddir. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır. İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s. Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər.

 

– Vaxtında profilaktik müalicə edəndə tam sağalmaq mümkündürmü?

– Hipertoniyanın müalicəsi mürəkkəbdir və mərhələdən, şiddətindən, səbəblərindən, insanın cinsindən və yaşından və digər amillərdən asılıdır. Xəstəliyi tamamilə müalicə etmək mümkün deyil, lakin xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və həyati təhlükəsi olan ağırlaşmaların başlanğıcını uzun müddət təxirə salmaq mümkündür.

Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki, xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə dəyişdirmək tələb olunur. Bunun üçün pis vərdişlərdən uzaq olmalı: siqaretdən, alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır.

 

– Hipertoniya xəstəliyini müalicə etmədikdə hansı fəsadları  olur?

– Bu xəstəliyin ən ciddi fəsadlarından biri arterial və kəllədaxili təzyiqin kəskin artması, qusma, ürəkbulanma və baş ağrıları, serebrovaskulyar qəza ilə özünü göstərən hipertonik böhranlardır. Ağciyər ödemi, infarkt və digər ağırlaşmalar riski var. Uzun müddətli hipertoniyanın əsas nəticəsi yaşlı insanda əlilliyin formalaşmasıdır.

Hipertoniya, həmçinin, beyni qan və oksigenlə təmin edən arteriyaları cıraraq və ya bloklayaraq insult yarada bilər. Bundan əlavə, hipertoniya böyrək zədələnməsi nəticəsində yaranan böyrək çatışmazlığının da səbəbi ola bilər.

 

Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova


 1244    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *