Aida Fərəcova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidmətinin baş mütəxəssisi
Aynurə İsmayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi
Hər birimizə bəllidir ki, dünya ölkələrinin səhiyyə sistemində hamilə qadına, anaya və yeni doğulmuşa xidmət göstərilməsi prioritet olan istiqamətlərdən biridir. Sağlam gələcək birbaşa ananın və onun dünyaya gətirəcəyi körpənin səhhətindən asılıdır. Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də (Agentlik) Xidmətlər Zərfində bu sahədə göstərilən xidmətlərə xüsusi yer ayrılıb. Qeyd edək ki, Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Ümumilikdə, Agentlik tərəfindən təminata alınan ilkin tibbi-sanitariya yardımı pilləsində ana və körpəyə göstərilən xidmətlərə düzgün əmizdirmə praktikasının öyrədilməsi, doğuşdan sonra ananın əhval-ruhiyyəsinin yoxlanılması, körpənin böyüməsinin və ümumi sağlamlıq vəziyyətinin izlənilməsi, doğuşla əlaqədar fəsadların müalicə edilməsi, qadınlara ailə planlaşdırmasına dair yollar haqqında məsləhət verilməsi və ana ilə körpənin zərurət olduğu halda ixtisaslı həkim (həkim-mütəxəssis) müayinəsinə istiqamətləndirilməsi daxildir.
İndi isə icbari tibbi sığorta çərçivəsində ana və körpələrə qulluqla əlaqədar ilkin tibbi-sanitariya yardımı pilləsində Xidmətlər Zərfinə daxil olan xidmətlərlə bağlı daha ətraflı məlumatı diqqətinizə çatdırırıq.
1.1.1. Təsdiq edilmiş müayinə cədvəlinə əsasən uşaqların icbari dispanserizasiyasının aparılması və müayinə zamanı ehtiyac yaranarsa, müvafiq həkim-mütəxəssisə əlavə müayinə-müalicə üçün göndərişlərin verilməsi
Uşaqların dispanserizasiyası onların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv müşahidə sistemidir.
Bu sistem sadə müayinələrlə bitmir, uşaq hərtərəfli müayinədən keçir. Uşaq ümumi baxışdan əlavə, göz, LOR, uşaq cərrahı, pediatr, infeksionist, helmintoloq (qurd xəstəlikləri) üzrə mütəxəssisin və s. həkimlərin müayinəsindən keçməlidir. Uşaqdan qanın ümumi analizi götürülməli, şübhə olduqda USM müayinəsindən keçməli, lazım gələrsə, pulmonoloq (tənəffüs sisteminin aşağı şöbələrini müalicə edən həkim) müayinə etməli, rentgen olunmalıdır. Prosesin gedişatı zamanı hər hansı şübhə aşkarlanarsa, uşaq axıra kimi müayinə olunmalı, ehtiyac yaranarsa, müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Uşaqların icbari dispanserizasiyası zamanı ən azı 10-12 ixtisas həkiminin müayinəsi aparıla bilər.
Nəzərə çatdıraq ki, yuxarıda adıçəkilən tibbi xidmətlərin göstərilməsi “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na müvafiq aparılır.
1.1.3 Milli Peyvənd Təqviminə əsasən immunizasiya tədbirlərinin aparılması
Milli Peyvənd Təqvimi cədvəli
Milli Peyvənd Təqviminə əsasən, immunizasiya tədbirlərinin aparılması icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz təqdim olunur. Aşağıda yeni doğulmuşlara tibb müəssisəsindən evə yazılarkən vurulması nəzərdə tutulan peyvəndlərə dair məlumat təqdim olunur:
1) Əgər ananın HBsAg (Hepatit B virusunun səthi antigeni) statusu müsbətdirsə və ya onun HBsAg statusu məlum deyilsə, doğularkən bədən kütləsindən və ümumi vəziyyətindən asılı olmayaraq, bütün yeni doğulmuşlar həyatlarının ilk 12 saatında Hepatit B virusuna qarşı immunlaşdırılmalıdırlar;
2) Əgər ananın HBsAg statusu mənfidirsə, doğularkən kütləsi 1800 qramdan çox olan bütün yeni doğulmuşlar ümumi vəziyyətlərindən asılı olmayaraq, həyatlarının birinci 2 sutkasında Hepatit B virusuna qarşı immunlaşdırılmalıdırlar;
3) Doğularkən kütləsi 1800 qramdan az olan bütün yeni doğulmuşlar kütlələri 1800 qrama çatdıqda və ya tibb müəssisəsindən evə yazılarkən Hepatit B virusuna qarşı immunlaşdırılmalıdırlar;
4)Vərəmə qarşı immunizasiya doğularkən kütləsi 1800 qramdan çox olan bütün yeni doğulmuşlara tibb müəssisəsindən çaxarkən, ancaq həyatlarının 2-ci günündən tez olmayaraq aparılır;
5) Kütləsi 1800 qramdan az olan bütün yeni doğulmuşlar kütlələri 1800 qrama çatdıqda və ya tibb müəssisəsindən evə yazılarkən vərəmə qarşı BCG (Bacillus Calmette–Guérin) peyvəndi ilə immunlaşdırılmalıdırlar;
6)Poliomielitə qarşı immunizasiya OPV (Oral Polio Vaccine) peyvəndi ilə bütün yeni doğulmuşlara həyatlarının 2-ci günündən tez olmayaraq, tibb müəssisəsindən çıxana qədər aparılır.
1.1.5. Müvafiq normativ hüquqi aktlara əsasən yeni doğulmuşlara ixtisaslı müdaxilə tələb etməyən hallarda müalicə və müşahidənin aparılması
Körpələrin neonatal dövrdən (yeni doğulanın doğulduğu gündən başlayaraq 28 sutkanı əhatə edən müddət) başlamaqla hər ay həkim tərəfindən müayinə edilməsi vacibdir. Buna dair olan mövzu və məsələlər aşağıdakılardır:
0 ay – Müayinə zamanı doğuşda yaranan bud-çanaq çıxığı, bədəndə görülə biləcək qüsurlar və sarılıq müayinə olunur. İlk həftələrdə rutin olaraq yeni doğulmuşların eşitmə testi həyata keçirilir. Həmçinin körpələrin müayinəsində digər bir üsul isə daban testidir (bir sıra anadan gəlmə irsi xəstəlikləri müəyyən etməyə imkan verən müayinə növü).
1 ay – Tam müayinə aparılır. Boy, çəki və baş çevrəsi ölçülür. Körpə ana südü ilə qidalanmalıdır. Gün ərzində 10 mikroqram D vitamini qəbul etməlidir. 1 yaşa qədər mütləq qaydada verilir.
2 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Peyvənd təqvim üzrə olunur. Ana südü ilə qidalanmağa davam olunur. Bud-çanaq oynağının ultrasonoqrafiyası aparılır.
3 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Peyvənd təqvim üzrə aparılır. Ana südü ilə qidalanmağa davam edilir.
4 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Peyvənd təqvim üzrə olunur. Ana südü ilə qidalanmağa davam edilir.
5 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Ana südü ilə qidalanmağa davam edilir.
6 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Peyvənd təqvim üzrə olunur. Dişləri çıxmağa başlayır. Öncə alt kəsicilər çıxır. Dişlərin çıxması ümumilikdə 4-cü və 10-cu aylar aralığında dəyişə bilər. Bu xüsusən də genetik, qidalanma və digər səbəblərlə bağlıdır. Əgər diş çıxarma ərəfəsində körpədə narahatlıq müşahidə olunarsa, o zaman ağrıkəsici gellər istifadə oluna bilər. Ana südü ilə qidalanmağa davam edilir. Bu ayda profilaktik olaraq qanın ümumi müayinəsi tövsiyə olunur.
7 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Qida rasionuna yumurta sarısı əlavə olunur. Artıq bu dövrdə körpələr köməklə otura bilir.
8 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Qida rasionuna duzsuz və yağsız pendir əlavə olunur. Körpə dəstək olmadan otura bilir.
9 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. İməkləməyə başlayır. Bu dövrdə diqqətli olmaq lazımdır (döşəmədə iti əşyalar olmamalıdır).
10 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür.
11 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür. Artıq bu aylarda körpə gəzməyə başlayır. Qətiyyən manej istifadə etmək lazım deyil. Ayaqqabı seçimində, ayağı üçün rahat, havalanması yaxşı olan parametrlərə diqqət etmək lazımdır. Normal körpələrdə ortopedik ayaqqabıya ehtiyac yoxdur.
12 ay – Həkim müayinəsi – Boy, çəki və baş çevrəsi ölçülür.
1.1.6. Ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi
Ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi xidmətinə nələr daxildir?
İcbari tibbi sığortanın tətbiq olunduğu poliklinikalarda, Ailə Sağlamlıq Mərkəzlərində ailə həkimi tərəfindən ananın qidalanması, hərəkəti, yuxu rejimi və körpənin böyüməsində müstəsna əhəmiyyəti olan ana südü ilə qidalandırma barədə təlimatlandırma aparılır. Belə ki, yeni doğulmuşun ilk 6 ayında yalnız ana südü ilə qidalandırmanın körpə üçün faydası haqqında analara məlumat verilir, bunun xüsusən əmizdirməyə başlayan zaman necə əhəmiyyət daşıdığı izah edilir. Yalnız ana südü ilə qidalandırma mümkün olmadıqda, körpənin qismən ana südü ilə qidalandırılmasının vacibliyi vurğulanır və körpələrin maksimum dərəcədə ana südü qəbul etmələri üçün analara dəstək verilir.
Ana südü ilə qidalandırmaya dəstək dedikdə nələr nəzərdə tutulur?
Anaların ehtiyacları nəzərə alınaraq (o cümlədən körpənin əmizdirmə zamanı ananın qucağında uzanması və döşə qoyulması vəziyyətinin, körpənin əl və barmaqlarının vəziyyətinin qiymətləndirilməsinə dəstək olmaq və döşü effektiv əmməsi əlamətlərini anlamaq) əmizdirmə zamanı onlara ailə həkimləri tərəfindən lazımi dəstək göstərilir. Analara göstərilən dəstək körpə rahatlıqla qidalandırılana qədər davam edir.
Analar döşlə əmizdirmənin özlərinin və körpələrinin ehtiyaclarını nə dərəcədə qarşıladığını, həmçinin körpənin ac olmasını və ya doymasını ifadə edən əlamətləri də ailə həkimi ilə müzakirə edə bilər.
Ana südü ilə qidalandırma ilə bağlı daha mürəkkəb çətinlikləri aradan qaldırmaq üçün əlavə dəstəyə ehtiyacı olan analara ixtisaslaşmış xidmət üçün göndəriş verilir. Analar bu barədə məlumatlandırılır.
1.1.16. Sağlam həyat tərzi, yeni doğulmuşlara qulluq və ana südü ilə qidalanma, uşaq və yeniyetmələrin sağlam qidalanmasına dair məsləhətlərin verilməsi və əhali arasında sanitar maarifi işi
Ana öz səhhəti və körpənin sağlamlığına dair müəyyən tövsiyələrə ehtiyac duyursa, ailə həkiminə müraciət edə bilər. Ailə həkimi ananı, xüsusən zahılıq dövrü (doğumdan sonrakı ilk 6-8 həftə) davam edən qadını doğuşdan sonra bədənin özünü bərpa etmə prosesi barəsində məlumatlandırır və eyni zamanda körpənin qidalanma, yuxu rejimi haqqında anaya lazımi məsləhətlər verir.
1.1.33. Qadınlara hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi və tələb olunan hallarda müalicə üçün göndərişlərin verilməsi
Zahılıq dövrü qadınlar üçün hamiləlikdən sonra istər fiziki, istərsə də emosional baxımdan növbəti həssas mərhələdir. Bu müddət ərzində ailə həkimi analara qida rasionu, südü artırmaq üçün tövsiyələr, bədənin özünü toplaması, psixoloji gərginliyin aradan qaldırılması, cinsi əlaqə zamanı nələrə diqqət edilməsi ilə bağlı məlumat verir. Bununla yanaşı ailə həkimi zahının səhhətini daim diqqətdə saxlayır, ehtiyac yarandığı təqdirdə ixtisaslaşmış həkim müayinəsinə göndəriş verir.
1.1.34. Reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi
Perinatal dövr dedikdə, hamiləlik və doğuşdan sonrakı 1 ilə qədərki dövr nəzərdə tutulur. Ailə həkimi növbəti hamiləliklə bağlı olaraq ananın daha əvvəl diqqət yetirmədiyi məqamlar haqqında onu məlumatlandırır, abortun mümkün fəsadları barədə xəbərdar edir, preeklampsiya (hamiləliyin ikinci yarısında yaranan, arterial təzyiqin qalxması, sidikdə zülalın artması ilə müşahidə olunana patoloji vəziyyət) haqqında geniş informasiya verir. Əgər ana hamiləliyi zamanı bu xəstəliklə üzləşibsə, o, qan laxtalanması ilə bağlı tez-tez müayinə olunmalıdır.
Hər zaman diqqətdə saxlanılmalıdır ki, doğuşdan sonrakı dövr ana və körpənin həyatında əhəmiyyətli bir mərhələdir. Bu, ana üçün valideynliyə uyğunlaşma, yeni doğulmuş körpə üçün isə onu əhatə edən mühitlə, xüsusən ailə ilə bağlılığın yarandığı dövrdür. Bəzi analar və körpələr üçün bu mərhələ uğurla, bəziləri üçün isə təəssüf ki, sağlamlıqla ilə əlaqədar müəyyən narahatlığın, hətta xəstəliklərin baş qaldırması ilə keçir. Onların sağlamlığı ailəmizin, ölkəmizin, dünyamızın sağlam olması deməkdir. Buna görə də onları sevgi və qayğı ilə əhatə etsək, daha xoşbəxt dünyada yaşayarıq.
Bir cavab yazın