Bagla

Həkimdən soruş

Hekimden sorus







Sağlamlıq, gözəllik və uzunömürlülüyə dair ən vacib suallara cavab

İnsan ömrünə zövq verən təməl ehtiyaclar o qədər də çox deyil! Qida onlardan biridir. Problem də elə ondadır ki, əsas instinkti həzz mənbəyinə çevirmişik. Hələ paleolit dövründən belədir: yaşamaq üçün insan özünə kalori ehtiyatı olaraq piy toplayır. Zəmanə çoxdan dəyişib, amma orqanizm qazandığı instinktləri bərk qoruyub saxlayır.

 

Tək instinktlə hərəkət etsəydik, nə var idi ki… Yemək istəyəndə bizi idarə edən təkcə aclıq hissi deyil axı.. Ac olanda, almaya da, kələmə də şükür edirsən. Lap ac olanda, hətta çəyirtkəyə də! Amma biz məhz düşbərə, qutab, kotlet, xamalı borş, kolbasa, pirojna, tort istəyirik! Dadlı tikə, yağlı tikə! Qidaya dad verən nədir? Düzdür: yağ, duz və şəkər. Demək olar ki, bütün əsas dad reseptorları cəmlənmiş dilimizin kökündəki kiçik, yarım santimetrlik bir sahə bizim bütün qida zövqümüzü, nəticədə isə, yaşayışımızı və sonumuzu idarə edir. Nə az, nə çox! Qaşıq-çəngəllə gorumuzu qazırıq!

 

Sözün əsl mənasında, dilim düşmənimdir! Orqanizmə dad hissiyyatı lazım deyil! Ona lazım olanı müəyyən kalori miqdarı və zəruri zülal, yağ, karbohidrat, sellüloz və mikroelementlər toplamıdır. Kosmonavtlar üçün qida maddələri-tübikləri hazırlayarkən məlum olmuşdur ki, hər cəhətdən faydalı olan bu qida kütləsi tamamilə dadsızdır!

 

Bir həqiqəti anlamaq vacibdir: zərərli və faydalı qida məhsulları yoxdur, zərərli və faydalı qida tərzi var.
Daim düzgün qidalanırıqsa, kaloriliyi azaldırıqsa, hər gün ən azı yarım kilo meyvə-tərəvəz, dəniz balığı, xalis buğda məhsulları yeyiriksə, arabir yağlı ət parçası, kartoflu piroq, bir parça tortun da dadına baxa bilərik. İstisna olaraq, vərdiş etmədən! Axı, canlı adamlarıq, hərdən yeməkdən zövq də almalıyıq. Bunun yalnız faydası var! Ancaq rasionumuz, əsasən, kolbasa, qızardılmış kartof, yağlı yeməklərdən ibarətdirsə, həftədə bir dəfə brokkoli heç bir fayda verməyəcək.

 

Ət zərərdir, yoxsa xeyir?
Xeyirlidirsə, nəyə görə onu az yemək lazımdır? Ziyandırsa, nəyə görə min illərlə ət yeyən bəşəriyyət məhv olmayıb? Böyük isveçrəli əlkimyagər Paraselsin sözü ilə cavab verəcəyik: “Zəhər dərmandan təkcə dozası ilə fərqlənir!”

 

Söhbət çox ət yeməyin ziyanından gedirsə, qırmızı ət nəzərdə tutulur (mal əti, donuz əti, qoyun əti), dana əti, həştərxan əti, toyuq ətindən yox.
Qırmızı ətin sağlam qida məhsuluna aid edilməsinə mane olan tərkibindəki heyvan yağlarının çoxluğudur: qırmızı ət həftədə üç dəfədən artıq yeyilməməlidir. Quş əti daha əlverişdidir, az kalorilidir, mikroelementlərlə zəngindir.

 

Amma bu, əsla qırmızı ətin zərərli məhsul olması demək deyil! Ətin zəngin tərkibindəki qiymətli qida inqrediyentlərinin bəzilərini başqa mənbələrdən almaq olmur. Yüksək miqdarda B12 vitamini, digər vitaminlər, amin turşuları, dəmir, bütün mikroelementlər, zülal – bütün bunlar əti əvəzolunmaz qida məhsulu edir! Dəmir bitki mənşəli məhsullarda da var, amma mövcud olduğu formada orqanizmdə çətin sorulur, bu səbəbdən vegetarianlarda dəmirdefisitli anemiya çox rast gəlinir.
Yeri gəlmişkən, dəmirin düzgün sorulmasına kalsium və taninlər də mane olur, yəni süd məhsulları və çay. Qlükoza, əksinə, dəmirin sorulmasını gücləndirir.

 

Yağdan-yağa fərq var
Müxtəlif yağların faydası ya zərəri mənşəyindən asılıdır. Transyağlar birmənalı zərərdir, infarkt, insult, diabet və onkologiyaya aparan yoldur. Əsas mənbəyi də qida sənayesi məhsullarıdır. Qənnadı məmulatların, ət kulinariyasının, süd məhsulları adlandırılan məhsulların hazırlanmasında istifadə edilən ucuz bitki yağlarının hidrogenizasiyası onların tərkibində çoxlu miqdarda transyağların əmələ gəlməsinə səbəb olur.
Belə bişmişlər qurumur, dadlıdır, uzun müddət gözəgəlimliyini itirmir, uğurlu satış üçün daha nə lazımdır? İnsanların sağlamlığı? Məni güldürməyin!
Heyvan yağları qədərində xeyirlidir və lazımdır, hətta yüksək sıxlıqlı faydalı xolesterin səviyyəsini artırır. Amma çox istifadə edildikdə aşağı sıxlıqlı pis xolesterini də artırır.
Polidoymayan yağlı turşular: balıq yağı, omeqa-3, omeqa-6, bitki yağları (zeytun, qarğıdalı, raps, günəbaxan) birmənalı faydalıdır, damarları aterosklerozdan qoruyur.
Yaddaş üçün: yağlı qida məhsulunu mizin üstünə qoymaq olursa, o ziyanlıdır, qoymaq olmur­sa, yayılırsa, axırsa, demək faydalıdır! (Əlbəttə ki, şərti olaraq).

 

Tanış olaq: mikrobiom!
Mikrobiom orqanizmdə məskunlaşan bakte­riyalar koloniyasıdır. Bu gün alimlər anlayb ki, daxilimizdəki az qala kilo yarım bakteriyalar müntəzəm mexanizm kimi çalışır və bədənin ayrıca bir orqanı hesab oluna bilər. Həmin bu “orqan” bizim artıq çəkili olacağımızı, infarkt, diabet və ya onkoloji xəstəliyin inkişaf edəcəyini şərtləndirir. Şişin, diabetin, aterosklerozun yaranmasına təkan verən risk faktorlarının təsiri altında (siqaret, korlanmış ekologiya, qeyri-düzgün qidalanma, arterial hipertoniya və s.) baş verən bu və ya digər gen mutasiyalarıdır. Belə ki, insan genlərinin sayı 20000-dirsə, bədənində məskunlaşan bakteriyaların genləri on dəfələrlə artıqdır – 2-3 milyon! Mikrobiomun sağlamlığa göstərdiyi böyük təsirini buradan anlamaq çətin deyil.

Yediyimiz kalorilərin qədəri və keyfiyyəti o qədər də vacib deyil. Nəyin və nə qədər sorulmasıdır vacib. Sorulmaya kim “baxır”? Bağırsaq bakteriyaları – mikrobiom! Tutaq ki, bir çox polisaxaridləri parçalayan fermentlər insan orqanizmində mövcud deyil. Amma həmin fermentləri mikrobiom hasil edir və biz, təbiətin bizim üçün nəzərdə tutmadığı maddələri mənimsəyirik (Ətlə də eləcə). Mikrobiom ətin tərkibində çox olan L-karnitin maddəsini parçalayır, nəticədə, əmələ gələn maddə damarlarda xolesterin piləklərinin çökməsini sürətləndirir.
Qırmızı ət yemək olar və lazımdır, amma həftədə üç dəfədən çox yox.

 

Balıq günü
Bax, dəniz balığının faydası şübhəsizdir! Həftənin cümə axşamları “balıq günlərini” xatırlayanlar bilir.
Balığın tərkibi polidoymayan yağlı turşularla doludur, əti az kalorilidir, zülalı, mikroelementləri, yodu çoxdur! Omeqa-3 turşusu və balıq yağının faydası çoxillik tədqiqatlar da təsdiqlənib, belə ki:
– infarkt və insultların qarşısını alır;
– aritmiyaların qarşısını alır;
– ürək vurğuları sayını azaldır;
– qəfləti ölüm hallarını azaldır;
– ürək çatışmazlığı əlamətlərini azaldır;
– trombozların qarşısını alır;
– depressiyanın müalicəsində istifadə edilir;
– insulinə qarşı rezistentliyi azaldır;
– iltihab əleyhinə təsiri var.


 47    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *