Bagla

Həkimdən soruş

Hekimden sorus







Skolioz xəstələrinə müasir tibbi yanaşma

Skolioz bütün dövrlərdə cəmiyyətdə geniş yayılmış və həmişə müxtəlif suallar doğuran, insanların ən çox maraqlandığı xəstəliklərdən biridir. Skolioz onurğanın yana doğru əyilməsi ilə xarakterizə olunan xəstəlikdir.

 

Ümumilikdə götürdükdə onurğa gövdəmizin dik durmasını, onun yükünü daşınmasını həyata keçirən bir bədən hissəsidir. Onurğa hərəkətli boyun, döş, bel hissələrindən və hərəkətsiz olan oma-büzdüm hissələrindən təşkil olunmuşdur. Normalda onurğa önə və arxaya doğru olan müəyyən əyriliklər əmələ gətirir ki, bu da onun üzərinə düşən yükü doğru-düzgün paylaşmaqla daha az yüklənməsinə səbəb olur. Normalda onurğa boyun və bel nahiyyələrində önə doğru əyilərək boyun və bel lordozunu, döş nahiyyəsində isə arxaya doğru əyilərək döş kifozunu formalaşdırır. Normalda onurğada yana doğru əyrilik olmur. Onurğada yana doğru əyriliyin olması skolioz xəstəliyinin olmasını göstərir.

 

Skoliozun-onurğanın yana doğru əyilməsinin bir çox səbələri var. Skolioz anadangəlmə və sonradan yaranmış bir sıra onurğa xəstəlikləri nəticəsində yarana bilir. Belə olan hallarda ilkin olaraq bu xəstəliklər aradan qaldırılmalı və bir müddət sonra yaranmış skolioz düzəlməzsə onun üçün müvafiq tədbirlər görülməlidir. Bəzən onurğanın müxtəlif xəstəlikləri zamanı olan ağrılarla və bir tərəfli əzələ gərginliyinin artması ilə əlaqədar olaraq reflektor skolioz da müşahidə oluna bilər. Belə olan hallarda əksərən ağrıya və ya əzələ gərginliyinə səbəb olan faktorlar aradan qaldırıldıqda skoliozun da qısa müddətə düzəlməsi qeyd olunur. Skolioz hər hansı bir səbəb olmadan da yarana bilir ki, bu idiopatik skolioz hesab olunur. Bu tip skoliozlar əksərən yetkinlik dövründə aqressiv-sürətlə artmış olurlar.

 

Bu xəstəliyin əsas əlaməti xəstələrdə olan kos­metik dəyişiklərdir. Bəzi insanlar bunu böyük problem hesab etməsələr də, əksər xəstələrdə bu əlamətlərə görə ciddi özünə qapanma halları qeyd olunur. Belə ki, kosmetik eybəcərliyi olan xəstələr əsasən cəmiyyətdən, sosial həyatdan kənarlaşmağa çalışırlar. Kosmetik əlamətlərdən başqa skolioz zamanı xəstələ rdə tez yorulma, onurğa boyunca ağrılar, təngənəfəslik, ağır dərəcələrdə isə daxili orqanların funksional pozğunluqları ola bilir.
Skolioza şübhə olan xəstələrə mütləq adi düz proyeksiyada (A-P) rentgen şəkli çəkilməlidir. Məhz bu müayinə vasitəsilə biz onurğada nə dərəcədə yana əyilmənin olmasını təyin edə bilirik ki, xəstələrə seşlən müalicə taktikası da bundan asılıdır. Skoliozu olan xəstələrə tətbiq olunan mütləq müayinələrdən biri də maqnit rezonans tomoqrafik müayinədir ki (MRT), bu müayinənin köməkliyi ilə biz onurğa daxilində skolioza səbəb ola biləcək xəstəlikləri təyin edə bi­lirik. Əgər biz yalnız rentgen müayinələrə əsasən müalicə taktikasını seçmiş olsaq onurğa daxilində əvvəlcədən təyin olunmamış problemlərin dərinləşməsinə və skolioz müalicəsinin efektsiz olmasına səbəb ola bilərik.

Skoliozun müalicəsinə gəldikdə isə bu onun dərəcəsindən, xəstənin yaşından, yanaşı xəstəliklərindən asılı olaraq təyin olunur. Müasir baxışlara əsasən 10 dərəcəyə qədər əyrilik dərəcəsi olan xəstələrə hər hansı tibbi müdaxiləyə ehtiyac olmur, bu tip xəstələrdə həm kosmetik, həm də klinik əlamətlər olmur. Əyrilik dərəcəsi 10-20 dərəcəyə qədər olan xəstələr skelet formalaşması bitənə qədər mütləq həkim nəzarətində olmalı və 7-8 aydan bir rentgen müayinələr icra olunaraq müqayisə aparılmalıdır. Əyrilik dərəcəsi 20-40 dərəcə arasında olan xəstələrə skelet formalaşması bitənə qədər korset müalicəsi tətbiq olunur. Bu tip xəstələr sutka ərzində 16 saatdan az olmayaraq korset taxmalıdırlar. Əyrilik dərəcəsi 40 dərəcənin üzərində olan və ciddi kosmetik eybəcərliyi olan xəstələrdə skoliozun müalicəsində cərrahi əməliyyat tətbiq olunur.
Skolioz cərrahiyyəsi onurğa cərrahiyyəsinin ən mürəkkəb əməliyyatlarından olmasına baxmayaraq tibdə olan texnoloji inkişaf nəticəsində bugünki dövrdə yüksək səviyyədə icra edilməsi mümkün olmuşdur. Skolioz cərrahiyyəsi zamanı müasir implant sistemlərinin tətbiqi, bu sahədə əldə olunan cərrahi təcrübə əməliyyatların fəsadsız və uğurlu olmasına imkan verir. Skolioz zamanı icra olunan cərrahi əməliyyatların daha uğurlu keçməsi məqsədilə sinir elementlərinin nəzarətdə saxlanılması üçün (əməliyyat zamanı) neyromonitordan istifadə olunması mütləqdir. 40 dərəcənin üzərində olan skoliozların cərrahi müalicəsi üçün ən optimal yaş 14-18 yaş hesab olunur. Təbii ki, bu yaşa qədər skolioz dərəcəsi proqressiv artırsa, cərrahi əməliyyat daha erkən icra olunmalıdır. Bu tip cərrahi əməliyyatlardan sonra xəstələr bir-iki gün ərzində aktivləşdirilir, qısa müddətə isə normal həyat tərzini davam etdirməyə başlayır.

 

Beləliklə, demək olar ki skolioz qorxulu, həyat boyu daşınılacaq xəstəlik deyildir. Vaxtında və düzgün müalicə tətbiq olunarsa, bu xəstəliyin klinik əlamət və kosmetik eybəcərlik vermədən qarşısının alınması mümkündür.

 

Dos. Dr. Cəmil İskəndərov
Neyrocərrah, t.ü.f.d.

 

Bakı Sağlamlıq Mərkəzi
Azadlıq pr., 112, AZ1110, Bakı, Azərbaycan
Telefon: *0022
info@bakisaglamliq.az
www.bakisaglamliq.az


 62    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *