Bagla

Həkimdən soruş

Hekimden sorus







Xroniki osteomielitli xəstə nəyi bilməlidir?

Xəstələr, o cümlədən cavan yaşı olanlar gələcəkdə həyatlarını mürəkkəbləşdirə bilən hər hansı bir xroniki xəstəliyə mübtəla ola biləcəklərini eşitdikdə praktiki surətdə bunu dərhal qəbul edə bilmirlər. Bu fikrə inan­maq, şəkər xəstəliyinə tutulanlarda olduğu kimi bir neçə dövr keçirir. Xəstə inana bilmir ki, düzgün həyat rejimi şəraitində bu xəstəlik onun münasibətini əhatə edən aləmlə dəyişə bilsin.

 

Beləliklə, xəstə olduqca mürəkkəb adaptasi­ya dövrünü keçməli, xəstəliyi haqqında lazım olan biliyi almalı, sağlamlığına gündəlik nəzarət etməli, pəhrizini düzgün seçməli, orqanizmin “İstilik rejiminə” nəzarət etməyi öyrənməli, əmək şəraitinin daha düzgününü seçməli, siqaret çəkməmək və digər hər hansı ziyan verici adətlərin və stres vəziyyətinin onun səhhətinə necə mənfi təsir göstərə bilməsi biliyinə malik olmalı, həm də onların mənfi təsirinə qarşı tədbir görməlidir.
Xroniki irinli xəstəliyi olanlar digər xəstələr kimi ildə 1-2 dəfə həkim nəzarətindən keçməlidirlər.
Beləliklə, xroniki irinli xəstələrin öyrədilməsi sistemini yaradaraq onları düzgün həyat tərzinə və səhhətləri üzərində dinamik ambulator müşahidə aparmağa sövq etməklə nəinki residiv hallarının azalmasına, həm də maddi vəsaitin xeyli qənaət edilməsinə nail olmaq olar.
İkinci əsas məsələ xəstəliyin residiv verməsini erkən aşkar etməkdən ibarətdir. Müşahidələrə görə, bunlara əsasən, ağrı simptomu daxildir ki, praktiki olaraq, bu əlamətə lazımı fikir verilmir. Bunu xəstələrin nisbətən gec, ağrı baş verəndən 8-20 gün keçdikdən sonra residivlə müraciət etmələri göstərir.
Arzuolunmaz nəticələrin qarşısını almaq üçün həkimlər öz xəstələrini xəstəliklərinin resi­div verməsinə diqqətli olmağı öyrədir və onun ilk nişanəsi olan ağrı baş verən kimi müayinəyə gəlməyi tövsiyə edir ki, bu da müalicənin erkən, iltihab əlaməti başlamadan aparılmasına imkan verir.
Bəzi hallarda dəri hərarətinin artıq olması da iltihab prosesinin baş verməsini göstərə bilər. Dərinin yerli hərarəti uzanmış vəziyyətdə aşağıda göstərildiyi kimi ölçülür. Əlin ovuc səthi bir neçə dəqiqə müddətinə hərarəti ölçüləcək nahiyəyə qoyulur, sonra həmin əl digər ətrafın simmetrik hissəsinin dərisi üzərinə qoyulur. Hərarət müxtəlif olduqda (xəstə tərəfdə o artıq ola bilər) dərhal həkimə müraciət etmək lazımdır.
Xəstənin siqaret çəkməsi periferik qan təchizatını pisləşdirir, hipoksiyanı çoxaldır və beləliklə, lipidlərin peroksidlə oksidləşməsini artırır. Ona görə xəstələr üzərində müayinə və dispanser müşahidə aparan həkimin işi yalnız siqaret çəkməyin zərərini aydınlaşdırmaq deyil, həm də xəstəyə belə zərərli vərdişdən əl çəkməkdə kömək etməkdən ibarətdir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, osteomielitin residivinin profilaktikasında adekvat, vitaminlərlə, xüsusilə “C” və “E” vitaminləri ilə zəngin qida rol oynayır. Osteomielitli xəstələrə belə pəhrizin saxlanılmasının vacib olduğunu aydınlaşdırmaq lazımdır.
Başqa az əhəmiyyəti olmayan məsələlərdən biri xəstələrin yeməyindən heyvan mənşəli yağın çıxarılması və bununla da qanda xolesterinin miqdarının azaldılmasıdır. Qanda xolesterinin miqdarının azaldılması zədələnmiş ətrafın qanla təchiz olunmasının yaxşılaşmasında ən vacib faktorlardan biridir, belə ki, qanda olan artıq xoleste­rin damarların daxili qişasına çökür və onların mənfəzini tutur.
Beləliklə, adekvat yemək ostoemielitin resi­divinin profilaktikasında vacib ola bilər. Osteo­mielitli prosesin residivinin profilaktikasında xəstənin həyatında “istilik rejiminə” riayət etməyinin böyük əhəmiyyəti vardır. Ətrafın hər hansı bir səbəbdən soyuması periferik damarların spazmasını və yerli hipoksiyanı əmələ gətirir ki, nəticədə, bütün gələcək fəsadları ilə lipidlərin peroksidlə oksidləşməsi prosesi surətlənir. Digər tərəfdən isti vannalar, saunaya getmək, “UVÇ”, parafin və s. kimi müxtəlif müalicələr xəstəyə mənfi təsir göstərə bilər. Bu zaman təsir mexaniz­mi bir qədər başqa xarakterdə olur və isidilən yumşaq toxumaların enerzetik proseslərinin qüvvətlənməsilə əlaqədardır ki, bu da öz növbəsində onların oksigen sərfetmə qabiliyyətini artırır. Qanın sümük toxumasının azalması hesabına ətraflara yayılması baş verir. Sonra lipidlərin peroksidlə oksidləşməsi prosesinin nəzarətsiz surətlənməsi mexanizmi işə başlayır və beləliklə, xəstəlik residiv olaraq baş qaldırır.
Beləliklə, xəstənin həyatında “istilik rejiminə” riayət etməklə xəstəliyin residiv verə bilməsi kimi lazımsız hallardan can qurtarmaq olar. Xroniki osteomielitin residivinə ağır fiziki iş də səbəb ola bilər. Pasienti müalicə edən həkimin bu lazımı halı hökmən nəzərə alması məsləhətdir. Əgər əvvəllər ağır fiziki işin belə xəstələrə təhlükəli təsirinin sırf empirik izahına əsaslanaraq onlara yüngül fiziki işlə məşğul olmaq tövsiyə edilirdisə, indi həkimlər fiziki işin mənfi təsir mexanizmini öz nəzəriyyələri ilə izah edə bilərlər. Ağır fiziki iş və aktiv əzələ işi zamanı əzələlərdən energetik mübadilənin güclənməsinə lazım olan oksigenə tələbat artır. Energetik prosesin belə qüvvətlənməsini kompensə etməkdən ötəri qanın toxumalara bölünmə mexanizmi fəaliyyətə gələrək onun sümük toxumasına axınını azaldır və əzələ toxumasına artırır ki, bu zaman sümükdə hipoksiya və onun nəticələrinə məruz qalır.
Bununla nəinki residivin əmələgəlmə mexa­niz­mi aydın olur, həm də pasientə zədələnmiş seqmentin əzələ gərginliyini inkar etməklə inamla ixtisasın düzgün seçilməsini tövsiyə etmək olar.
Osteomielitin residiv verməsinin profilaktikasında psixo-emosional stresin xüsusi rolu olması haqqında pasienti xəbərdar etməyin böyük əhəmiyyəti vardır.
Böyük əsəb gərginliyi insan orqanizmində lipidlərin peroksid oksidləşməsinin kəskin artmasını əmələ gətirir, bu da öz növbəsində resi­divin əmələ gəlməsinə səbəb ola bilər.
Beləliklə, osteomielitin residivinin profilaktikası məsələsi pasientin həyat tərzi ilə sıx əlaqədardır və praktiki olaraq bütünlükdə onun fəaliyyətindən asılıdır. Pasienti müayinə edən həkimin öhdəsinə nəinki ona dinamik olaraq nəzarət etmək, həm də onun orqanizminin daxili mühitinin vəziyyətini nizama salmaq və xroniki osteomielitin residivinin baş verməsini əmələ gətirən yuxarıda göstərilən bütün faktorları izah etmək düşür.

 

Çingiz Əlizadə
T.e.d. Prof.
Travmatologiya və ortopediya bölməsinin rəhbəri

 

Bakı Sağlamlıq Mərkəzi
Azadlıq pr., 112, AZ1110, Bakı, Azərbaycan
Telefon: *0022
info@bakisaglamliq.az
www.bakisaglamliq.az


 290    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *